• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Erməni yalanları ilə bağlı dünya ictimaiyyətinə çağırış edildi - FOTO

  • Nida.az
  • 7 Noyabr 2014 11:50
  • 517 Baxış
Erməni yalanları ilə bağlı dünya ictimaiyyətinə çağırış edildi - FOTO

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” mövzusunda beynəlxalq elmi konfransın materialları məcmuəsinin təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, bu il aprelin 24-25-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və “Gənclərin elmi araşdırmalarına dəstək” İctimai Birliyi tərəfindən təşkil olunmuş konfransın işində azərbaycanlı və türkiyəli alimlər, yazıçılar, tənqidçilər iştirak edib.

Məcmuə “Gənclərin elmi araşdırmalarına dəstək” İctimai Birliyi tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədilə 2014-cü ilin yanvarında elan olunan müsabiqəyə təqdim edilən eyni adlı layihə çərçivəsində nəşr olunub.

Layihənin əsas məqsədi “erməni məsələsi”nin müasir Azərbaycan və Türkiyə ədəbiyyatında ədəbi ictimaiyyət tərəfindən hərtərəfli müzakirəsi, iki qardaş ölkənin ədəbi mühitində “erməni məsələsi”nə yanaşmanın elmi təhlili, bu mövzuda yazılmış qiymətli əsərləri üzə çıxarmaq və onları geniş oxucu auditoriyasına təqdim etməkdir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar tədbiri açaraq deyib ki, dünya ictimaiyyətinin məlumatlandırılması məsələsində yalançı erməni təbliğatı Azərbaycanın kütləvi informasiya vasitələrini, təəssüf ki, xeyli qabaqlayır.

O qeyd edib ki, son vaxtlar Rusiyanın nüfuzlu “Literaturnaya qazeta” nəşrinin ilk səhifələrində və qoşa səhifəsində Ermənistan mədəniyyəti və tarixi haqqında silsilə məqalələr dərc edilir.

Bu silsilədən ermənilərin cinayətkar siyasətinin baş ideoloqu Zori Balayan haqqında dərc olunmuş məqalə Azərbaycan və Türkiyə ədəbi ictimaiyyətində böyük əks-səda doğurub.

Xüsusən ona görə ki, həmin məqalədə Z.Balayanın təcavüzkar və humanizmə zidd fikirləri Türkiyənin tanınmış siyasətçilərinin və ictimai xadimlərinin adına çıxılır.

Yazıçılar Birliyinin sədri vurğulayıb ki, hər iki ölkənin tarixçilərinin, alimlərin və jurnalistlərin, xüsusən gənclərin üzərinə böyük məsuliyyət düşür: “Onlar yalançı erməni təbliğatını ifşa edən sanballı əsərlər və məqalələr yazmalı, bu əsərlər rus, ingilis, fransız və digər xarici dillərə tərcümə edilərək dünyanın bir sıra ölkələrinin oxucu auditoriyası arasında geniş yayılmalı, elektron formata keçirilərək nüfuzlu ictimai, qeyri-hökumət və dövlət təşkilatlarının saytlarında yerləşdirilməlidir”.

Azərbaycan Prezidenti Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət üzrə müşaviri Seyid Əhməd Arslan, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi Rəşad Məcid, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Şimali Kipr Türkiyə Cümhuriyyətinin nümayəndəsi Səadəttin Topukçu, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Şamil Sadiq, Azərbaycan QHT Forumunun prezidenti Rauf Zeyni, məcmuəyə daxil edilmiş məqalələrin müəllifləri, professor Təyyar Salamoğlu, filologiya üzrə elmlər doktoru Almaz Ülvi və başqaları xalq yazıçısı Anarın fikri ilə həmrəy olduqlarını bildirib, yalançı erməni təbliğatını ifşa edən materialların dünya ictimaiyyətinə çatdırılmasında gənc alimlərin, yazıçıların və jurnalistlərin rolunu vurğulayıblar.

Qeyd edilib ki, xalqımızın tarixində açılmamış səhifələr hələ çoxdur və düşmənlərimiz bundan istifadə edirlər.

Bildirilib ki, gənc kinematoqrafçılar və tarixçi alimlər birlikdə “Qafqaz Albaniyası” adlı sənədli film çəkiblər.

Filmdə ölkəmizin qədim tarixi haqda düzgün məlumat təqdim edilir. Bu ekran əsəri də xarici dillərə tərcümə olunacaq və bütün dünyada yayılacaq.

Vurğulanıb ki, bu sahədə iş davam edir. Tədbirdə çıxış edənlər Gənclər və İdman Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinə və “Gənclərin elmi araşdırmalarına dəstək” İctimai Birliyinə dərin təşəkkürlərini bildiriblər.

Sonda tədbirin aparıcısı “Gənclərin elmi araşdırmalarına dəstək” İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” mövzusunda beynəlxalq elmi konfransın materialları məcmuəsinin təqdimatının təşkilatçılarına və iştirakçılarına bu məsələyə biganə yanaşmadıqlarına və onun həllinə fəal kömək etdiklərinə görə təşəkkürünü bildirib.

Tədbir iştirakçılarına kitabın nüsxələri paylanılıb.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR