Çingiz Qənizadə: “Arif Hacılının başqan seçilməsi heç bir halda düzgün deyildi”
Bizi izləyin

Nida.az

Çingiz Qənizadə: “Arif Hacılının başqan seçilməsi heç bir halda düzgün deyildi”

“Müsavatla AXCP üz qoymadan dalaşırlar”

Tia.az millət vəkili, Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadədən müsahibə alıb. Müsahibədə Ç.Qənizadə bir çox məqamlarla bağlı sualları cavablandırıb:

- Hüquq müdafiəçisi kimi fəaliyyət göstərməyə vaxtınız qalırmı? Bu yöndə işləriniz necə gedir?

- Mənim işimin çox olması elə bundan asılıdır. Əgər hüquq müdafiəçisi olmasaydım, o zaman bu gün gördüyüm işlərin cəmi 50 faizini görmüş olardım. Mən hüquq müdafiəçisi kimi həddindən ziyadə yük altındayam. Adətən deputatlara onun seçildiyi dairənin seçiciləri tərəfindən müraciət edilir. Amma mən hüquq müdafiəçisi olduğum üçün mənə istənilən bir dairənin seçiciləri müraciət edir. Hətta onlara deyəndə ki, sizin dairədən seçilmiş deputata müraciət edin. Onlar “siz hüquq müdafiəçisisiniz və sizin üçün sərhəd olmamalıdır”, - deyə etiraz edirlər. Görürəm ki, onlar haqlıdır.

80 saylı İmişli-Beyləqan seçki dairəsinə namizədliyimi verməyi düşünürdüm. Mənim hüquq müdafiəçisi olan həmkarlarım Novella xanım, Səadət xanım və Səidə xanım bu dairədə mənim üçün çətin olacağını bildirəndə, mən onlara dedim ki, məni bir hüquq müdafiəçisi kimi Azərbaycanda tanıyırlar. Ona görə də, mənim üçün seçki dairəsinin elə də böyük bir rolu ola bilməz. Mən insanlarla işləməyi bacarıram. Bunu zaman da göstərir. Onlar zəng edir, müraciətlər edirlər... Ona görə də, millət vəkili fəaliyyətimdən sonra qalan bütün zamanımı hüquq müdafiəçisi kimi müraciət edən şəxslərin problemlərinin həllinə yönəldirəm. Səmimiyyətlə də etiraf edirəm ki, bu hal mənim üçün çox çətindir.

- Millət vəkili və hüquq müdafiəçisi – hansı daha xoşdur sizin üçün?

- Millət vəkili olmaq şərəfli olmaqla yanaşı, həm də müəyyən status və güzəştlər əldə etmək deməkdir. Lakin hüquq müdafiəçisi olmaq çox çətindir. Millət vəkili olmaqla sənin adın tarixə düşmüş olur. Zaman gələcək bu dövrləri araşdıranda deputatlar arasında sənin də bir millət vəkili kimi adın çıxacaq. Lakin millət vəkilliyini də ləyaqətlə və şərəflə icra etməyi bacarmalısan. Əks halda passiv fəaliyyət nümayiş etdirən millət vəkilini heç kim tanımayacaq və zaman keçdikcə onlar unudulub gedəcək. Millət vəkili olmazdan qabaq harasa gedərkən 5 adamdan 2-si səni tanıyırdısa, demək sən özünü tanıtdırmağı bacarmısan. Mənim əvvəl tutduğum vəzifələrlə bərabər hüquq müdafiəçisi kimi fəaliyyət göstərməyimin cəmiyyət arasında tanınmağımda böyük rolu olub. Ona görə də mən hüquq müdafiəçisi olmağıma xəyanət edə bilmərəm. Bu üzdən mən hüquq müdafiəçisi və millət vəkili kimi fəaliyyət göstərəcəyəm.

- Deputat kimi öz işinizdən razısınızmı? Sizcə, seçicilərinizi parlamentdə layiqincə təmsil edə bilirsinizmi, onların bütün problemlərini, istəklərini əhatə edə bilirsinizmi?

- Bu günlərdə cənab Prezident çox haqlı olaraq “Populist çıxışlar edən siyasətçilərə inanmayın!” dedi. Bu bir tərəfdən də biz deputatlara ünvanlanmış ifadə idi. Millət vəkilləri seçkilərə gedən zaman öz seçicilərinə müəyyən vədlər verir: əmək haqlarını, pensiyaları qaldıracağıq, kəndə işıq çəkəcəyik, yol çəkəcəyik və s. Belə olmaz! Çünki bu icra orqanlarının işidir və millət vəkili seçildiyi dairənin problemlərini müvafiq dövlət orqanlarının həll etməsi məsələsinə yalnız nəzarət edə bilər.

Hesab edirəm ki, mən o qədər də passiv millət vəkili deyiləm. 4 qanun layihəsinə əlavə və dəyişikliklərin təşəbbüskarıyam. Həmçinin bir qanunun qəbulu ilə bağlı təşəbbüslə çıxış etmişəm. Hazırda bu qanun üzrə müxtəlif qurumlara sorğu göndərilib. Statistik məlumatlar əldə edərək, yeni qanunlarla bağlı müraciət etmək istəyirəm. Bunlar yol hərəkəti, cinayət məcəlləsinə əlavə və dəyişikliklərlə bağlıdır. Misal üçün avtoxuliqanlıqla bağlı cəzanın sərtləşdirilməsidir. Mən ixtisasca hüquqşünas olduğum üçün bu cür problemlərin aradan qaldırılmasında fəallıq edirəm. Cənab Prezidentin ölkədə apardığı siyasət bizim seçicilərimizin istək və arzularının gerçəkləşməsinə xidmət edir. Bizlər də müəyyən məsələlərdə hər zaman insanların yanındayıq. Son dövrlər mənim seçildiyim dairədə qazlaşma işləri aparılıb, işıq dirəkləri dəyişib, su artezian quyuları qazılıb, yollar çəkilib. Amma bunlar yenə də deyirəm, mənim işim deyil. Bu, icra orqanlarının işidir. Çünki mən bunların olmasını istəsəm belə, ola bilsin ki, bu istək icra edilən plana uyğun olmasın. Amma ümumən ölkədə görülən bütün bu işlərin hamısı elə bizim də adımıza yazılır. Çünki bunlar hamısı bizim dövrümüzdə baş verir. Biz seçicilərlə görüşürük və o problemi müəyyən yerlərdə qaldırırıq. Amma bu ümumilikdə dövlətin icra orqanlarının işidir. Bilirsiniz ki, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 2014-2018-ci illəri əhatə edən ikinci Dövlət Proqramı var. Dövlət öz işini görür. Lakin millət vəkilləri də öz seçiciləri ilə işləməlidirlər. Mənim mobil nömrəm 40 min seçicimin üzünə açıqdır. Mən bunu hər görüş zamanı təkrar edirəm. Həmin telefon nömrəsi bu gün də işlək vəziyyətdədir. 10-20 adam yığılıb işıqlarının kəsilməsi ilə bağlı öz seçdikləri deputata müraciət edirlərsə və həmin deputat heç olmasa “Azərenerji”yə və ya müvafiq qurumlarla əlaqə yaradaraq səbəbini araşdırmağa çalışırsa, bu, artıq iş deməkdir. İqbal Ağazadənin bir neçə gün öncə gecə kəsilən ağaclarla bağlı gecə insanların yanında olması da bir işdir. Yəni biz həmin an insanların yanında olmalıyıq. Mən seçicilərimlə daim ünsiyyətdə olan adamam və inanmıram ki, seçicilərimin mənimlə bağlı hər hansısa bir narazılığı olsun. Mənim seçildiyim dairədə 50-yə yaxın kənd var. Və mən dairəmin kəndlərində 150 görüş keçirmişəm. Bundan əlavə, məktəblərin açılışı, yolun salınması, şəxsi məsələlərə görə kəndə gedirəmsə, hansısa bir tədbirdə iştirak edirəmsə bunlar həmin 150 görüşə aid deyil. Rəsmən kənd camaatını toplayaraq keçirdiyim görüşləri nəzərdə tuturam... Allah qoysa bu il dövlət büdcəsinin müzakirəsindən sonra yenə də görüşlərə başlayacağımı planlaşdırıram və may ayına qədər 50 görüş nəzərdə tutmuşam. Hesab edirəm ki, seçildiyin dairədə seçildiyin müddətdə 200 görüş keçirmək böyük göstəricidir. Lakin 40 min seçicinin hamısını razı salmaq da mümkün deyil... Bəzən narazılıq edənlər də olur. Adam öldürdüyünə görə 2 ildir həbsdə olan oğlunun azadlığa buraxılması ilə bağlı müraciət edirlər. Mən qanunla bunun mümkün olmadığını bildirəndə, təbii ki, narazılıq yaranır.

- Gələn il parlament seçkilərinə qatılacaqsınızmı? Qatılacaqsınızsa, hansı dairəni təmsil etmək istəyirsiniz, yenə də köhnə dairə, yoxsa Bakı?

- Bakıda işləmək bir az asandır. Misal üçün bir kvartalda 5 hündürmərtəbəli bina varsa, bu təqribən 1000 səs deməkdir. Bu baxımdan Bakıda asandır. Amma mənim üçün fərqi yoxdur. Mən hələlik ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyimi verməyi düşünürəm. Lakin zamanla fikir dəyişə də bilər. Mən hesab edirəm ki, bu cür işləməyə davam edərək 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyimi təkrar irəli sürərəmsə yenə seçiləcəyimə əminəm.

- Əvvəllər tez-tez sosial şəbəkələrə qarşı çıxışlarınız olurdu, hələ də sosial şəbəkələrə qarşısınız, yoxsa fikriniz dəyişib? Özünüz hansısa sosial şəbəkədə təmsil olunursunuz?

-Yox mən facebook və digər sosial şəbəkələrdən uzaq adamam və heç birində də təmsil olunmuram. Sadəcə sosial şəbəkəni hər gün izləyirəm, gündə iki-üç dəfə isə oxunaqlı saytları izləyirəm. Sosial-şəbəkələrsiz bu gün dünyanı təsəvvür etmək belə çətindir. Təəssüflər olsun ki, bizim mətbuatda bir sıra qəzet və jurnallarımızda müəyyən problemlər var. Gərəksiz yazıları oxuyur və gərəksiz verilişləri izləyirik. Bununla bağlı dəfələrlə televiziyalarda öz etirazımı bildirmişəm. Hətta deyirəm ki, siz yəqin bunu montajda çıxaracaqsınız?! Bu belə də olur. Amma bir dəfə canlı yayımda sözümü deyə bildim... Hörmətli akademikimiz Ramiz Mehdiyev də dəfələrlə milli dəyərlərimizə zidd verilişlərlə bağlı öz irad və tənqidlərini səsləndirib. Bu günlərdə Nuşirəvan Məhərrəmli ilə bir tədbirdə görüşdük və o da bildirdi ki, bu istiqamətdə müəyyən işlər görülür. Sosial şəbəkələrdə gözəl informasiyaların və yazıların tərəfdarıyam. Çox təəssüf ki, bu gün musiqidən xəbəri olmayan hansısa bir müğənninin ərindən boşanması xəbəri ilə milli dəyərlər, əxlaq və ya qəhrəmanlıqla bağlı bir yazının oxunma sayında böyük bir fərq - on minin minə nisbətini görürsən və bu mənə çox pis təsir edir. Sosial şəbəkələr həm də bir təbliğat sistemi, insanların beyninə işləyən bir mexanizmdir. Ona görə də bayağı verilişlərin nümayiş olunması, əxlaqsız şəkillərin gündəmə gətirilməsi məsələləri məni bir vətəndaş kimi ağrıdır. Bu ilin avqust ayının əvvəlində sosial şəbəkələrin buraxdığı səhvi yəqin xatırlayırsınız... Mən deməzdim ki, həmin hadisəni hansısa sayt bilərəkdən edib. Bu sadəcə savadsızlıqdan irəli gələn bir məqamdır. Misal üçün Ağdam istiqamətində tanklarımızın harada hərəkət etməsinin şəklini çəkib saytda nümayiş etdirmək və yaxud şəhid olan əsgərlərimizin sayını artırmaqla informasiya paylaşmaq yolverilməzdir. Sosial şəbəkələrlə işləmək lazımdır. Ramiz müəllimin rəhbərliyi ilə sayt və qəzet rəhbərləri ilə görüş də keçirildi. Bu mövqe yalnız hərbi vətənpərvərlik deyil, həm də əxlaqi dəyərlərlə bağlı olmalıdır. Düşünürəm ki, sosial şəbəkələrin işini tənzimləmək lazımdır. Bu gün əxlaqsız şəkillərlə və ya gərəksiz yazılarla oxucu sayını artırmağa çalışanlar onu oxuyan minlərlə gəncin formalaşmasına zidd bir hərəkət etmiş olur. Bu gün televiziyadakı verilişlərə və kinolara ailə üzvləri ilə oturub baxmaq mümkün deyil.

- Çingiz müəllim, bu gün kim istəyirsə özünə bir hətta bir neçə sayt aça bilmək hüququna malikdir. Sizcə, problemi elə burada axtarmaq lazım deyilmi?

- Bu məsələyə qarşı çıxılarsa xarici dövlətlər bunu azad mətbuatın inkişafına maneçilik törətmək kimi qələmə verəcəklər. Mən belə bir faktla rastlaşmışdım ki, əvvəllər polisdə işləmiş bir şəxs özünə sayt açmışdı və polisdə işləyən iş yoldaşlarını həmin sayt vasitəsi ilə şantaj etməklə məşğul olurdu. Bu cür saytlara ehtiyac yoxdur. Onlar cəzalandırılmalıdır. Həmin saytın “əmisi oğlu” olan digər sayt vasitəsi ilə də şantajlar yayılmağa başlayır. Mən həmişə jurnalistika fakültəsini və filologiyanı bitirən tələbələrə üstünlük verilməsini istəmişəm. İxtisaslaşmış jurnalistlər bir neçə bölgü üzrə işləməməlidir. Bu gün elə qəzetlər var ki, hər səhifəsində dövlətin icra orqanları və məmurları haqqında şantaj xarakterli başlıqlar qoyur. Hesab edirəm ki, buna artıq hüquqi yanaşma gərəkdir. Mən onların məhkəmə qaydasında cəzalandırılması ilə bərabər müəyyən maarifləndirici işlərin görülməsini istəyirəm. Biz cinayət məcəlləsinin 147-148-ci maddələrinə dəyişiklik etdik. Onlara qarşı müəyyən cəzanın tətbiq edilməsi məsələsini qoyduq. Ümumiyyətlə bir jurnalistin həm siyasətdən, həm mədəniyyətdən, həm hüquqdan yazması düzgün deyil. Mən normal və sağlam mətbuatın tərəfdarıyam.

- Çıxışlarınızdan hiss olunur ki, milli dəyərlərə çox üstünlük verirsiniz, bu münasibət ailədə də özünü göstərirmi?

- Şübhəsiz. Misal üçün televiziyada milli musiqimiz və ya milli kinomuz olanda mən övladlarımı da onu dinləməyə və ya seyr etməyə dəvət edirəm. Əvvəllər hiss edirdim ki, bunu onlar cavan olduqları üçün dərk etmirlər. Hətta gecə saat 1-də belə bir veriliş yayımlanırsa, biz ona ailəliklə baxırıq. Bu milli adət-ənənələrə köklənmək deməkdir. Mən onlar üçün bunun bir saatlıq, saat yarımlıq mənəvi dərs ola biləcəyini düşünürəm. Övladlarım artıq yetkinlik yaşına çatıblar, ancaq mən hiss edirəm ki, mən onlara mənəvi dəyərləri aşılaya bilmişəm...

- Keçək siyasətə...Azərbaycandakı son hadisələr, xeyli sayda insanın həbsi birmənalı qarşılanmadı. Bir sıra qanunlara, məsələn, QHT-lərlə bağlı edilən əlavə və dəyişikliklərdən sonra hətta ölkəni Şimali Koreyaya bənzədənlər də oldu. Bunlar haqda Siz nə düşünürsünüz?

- Bu günlərdə mən eşitdim ki, Şimali Koreya prezidenti Cənubi Koreyanın televiziya verilişlərinə baxdıqları üçün 50 nəfəri güllələtdirib. Bu gün Azərbaycanda demokratiya və insan haqları qorunursa, azad və ədalətli seçkilər keçirilirsə, söz və mətbuat azadlığı mövcuddursa, onu necə Şimali Koreyaya bənzətmək olar? Qeyd edim ki, mən bu gün həm də QHT rəhbəriyəm və Demokratiya İnsan Hüquqları Komitəsinin sədriyəm. Dövlət uzun müddətdir ki, kənardan gələn qrantlar, maliyyə dəstəklərini görsə də susurdu. Amma bu gün görəndə ki, həmin qrantları alıb dövlət əleyhinə hər hansısa tapşırıqları yerinə yetirirlər, dövlət mütləq öz sözünü deməli idi. Bu da müəyyən səs-küyə səbəb oldu. Çünki artıq həmin QHT-lər xaricdən maliyyələşə bilmirlər və bilməyəcəklər. Biz bununla bağlı ictimai müzakirə keçirdik və bildirdik ki, bu dəyişiklik, aşkarlıq və şəffaflığa xidmət edir. Yəni bir təşkilatın maliyyə hesabatları dövlət və cəmiyyət üçün açıq olmalıdır. Müəyyən QHT-lər var ki, artıq onlar xarici donorlardan bəhrələnə bilməyəcəklər. İndi biz büdcənin müzakirəsinə başlayırıq. Yəqin ki, QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan pul vəsaitinin həcmi artırılacaqdır ki, QHT-lər işləyə bilsinlər. Amma yenə də, sağlam QHT-lər ölkədə hər hansısa xarici donorların vasitəsi ilə layihələr icra edə bilərlər. Mən bunun tərəfdarıyam. Dövləti şantaj edən və fəaliyyətlərindən kənar mövqedən çıxış edən QHT-lər isə həmin qrantları ala bilməyəcəklər. Donorlar da məqsədlərinə çatmadıqları üçün təbii ki, maliyyələşməni özləri dayandıracaqlar.

- Ölkə müxalifəti yalnız mətbuatda, sosial şəbəkələrdə fikir bildirməklə bütün bu hadisələrin üzərindən keçdi. Sizcə, aksiyalar, mitiqnlər, etirazlar niyə olmadı?

- Əvvələr də müxalifətə mitinqlərin keçirilməsi üçün icazə və xüsusi yerlər ayrılmışdı. Lakin gördüyünüz kimi, ora çox az adam toplaşmışdı. Mən müxalifətin əleyhinə danışmaq fikrində deyiləm. Bütün sağlam cəmiyyətlərdə və dövlətlərdə müxalifət olmalıdır. Amma sağlam müxalifət olmalıdır. Əgər müxalifət dağıdıcı bir funksiyanı həyata keçirməyə çalışırsa, təbii ki, onun içərisindən yavaş-yavaş insanlar uzaqlaşacaq. Baxın, bu gün müxalifətin bir aksiyanı keçirməsi üçün gücü yoxdur. Bununla belə, mən onlar üçün şərait yaradılmasının tərəfdarıyam. Lakin zaman-zaman onların 100 adamla şəhərin mərkəzində mitinq keçirmək istəklərini də başa düşə bilmirəm.

- Bu günlərdə müsavatçı, keçmiş deputat İkram İsrafilin oğlunun toyunda Aydın Mirzəzadənin, Fazil Mustafanın iştirakı, İsa Qəmbərlə bir stolda əyləşməsi cəbhəçilər tərəfindən tənqidlə qarşılandı, hətta satqınlıq, alçaqlıq adlandırıldı. Bu nə qədər düzgün yanaşma idi?

- Bu tərbiyəsiz bir yanaşmadır. Mən heç cür bunu qəbul edə bilmirəm. Hətta bir sıra saytlar Aydın müəllimə zərbə vurmaq üçün müxalifətçi ilə əl-ələ verib görüş anının şəklini vermişdilər. Bax bunu da yayan bizim mətbuatdır. Aydın müəllim isə çox gözəl cavab verdi: “Biz Azərbaycan vətəndaşıyıq. Bizim siyasi baxışlarımız fərqli ola bilər. Bizim yasda və ya toyda bir masa arxasında oturmağımız qəbahət deyil”. Bəlkə Aydın Mirzəzadə orada onlara hansısa fikirləri təbliğ edib?! Bu dialoqdur, bu bir anlaşmadır. Müsavatçı ilə iqtidar nümayəndəsinin toyda bir masa arxasında oturmasını digər dağıdıcı bir müxalifətçi satqınlıq adlandırmaqla qarşıdurma yaratmağa çalışır. Bu da tərbiyəsizlikdən başqa bir şey deyil. İkram İsrafil toya məni də dəvət etmişdi. Amma mən, Ağdaşda çox yaxın bir qohumun toy mərasimi olduğu üçün əvvəlcədən üzrxahlıq etmişdim. Həmin gün mən ailəmlə rayonda başqa toya qatılmışdım. Əgər toy həmin günə təsadüf etməsəydi İkram İsrafilin oğlunun toyunda mən də iştirak edəcəkdim. Bu satqınlıq deyil. Satılmalar gecələr, hansısa tinlərdə olur...ictimai yerlərdə olmur! Yenə də qeyd edir və təəssüf edirəm ki, bu cür məqamları mətbuat qabardır. Əslində mətbuat partiyalar arasında sülhə nail olacaq məqamları işıqlandırmalıdır. Onlar axı bununla nəyə nail oldular? Sadəcə olaraq, könül bulandı... Hakimiyyət onsuz da bilir ki, həmin millət vəkilləri sadəcə toya gediblər və bu heç bir siyasi anlam daşımır. Məncə bu cür məqamlara əhəmiyyət verilməməlidir. Mən bu cür yazıların tərəfdarı deyiləm.

- Sizcə, Müsavatla AXCP niyə yola getmir?

- Onu deyə bilmərəm. Onlar ögey qardaşlardır. Bu proses həmişə belə olub. AXCP və Müsavat bir-biriləri ilə kobud sürətdə dalaşır, daha sonra isə barışır və birlikdə hansısa tədbirdə iştirak edirlər. Mən bunu başa düşə bilmirəm. Dalaşanda barışmağa üz qoymalısan... Bunlar çox zaman üz qoymadan dalaşırlar. Vaxtı ilə Rüstəm İbrahimbəyovla birgə Milli Şura yaratdıqları zaman, mən deyirdim ki, o Şurada təmsil olunan partiya rəhbərləri ac canavarlar kimi bir-birlərini parçalayacaqlar. Hər hansı bir qurumda və ya partiyada bir- birilərinə qarşı hörmət, ehtiram, inam yoxdursa, həmin qurum get-gedə dağılacaqdır. Hər iki partiya heç nəyə nail olmadan “mənə daha çox düşməlidir” prinsipi ilə bölüşdürməyi düşünərək fəaliyyət göstərir. Bu baxımdan da orada heç zaman birlik olmayacaq.

- Arif Hacılının Müsavata başqan seçilməsinə necə baxırsız? Sizcə partiya onunla irəli gedə biləcək?

- Arif Hacılının başqan seçilməsi heç bir halda düzgün deyildi. Orada professor xanımlar var, mən onlardan birinin seçilməsini daha çox istəyərdim... Çünki onlar daha çox sülhə nail ola bilərdilər. Arif Hacılı həmişə Müsavatda öz yolu, öz qrupu olan bir şəxs olub. Bu qruplaşma da Müsavatın irəli getməsinə heç zaman yol verə bilməz.

- Prezidentin imzaladığı əfv fərmanı müsbət qarşılandı, hətta bir sıra beynəlxalq təşkilatlar da alqışladı. Sizcə əfvə düşməli olan, amma düşməyən kimlərsə qaldımı?

-Təbii ki, var idi. Çünki əfv 84 nəfəri əhatə etdi və bunu başqaları da gözləyirdi. Əfv dar çərçivəli bir aktdır. Amnistiya daha geniş olur və bundan daha çox insan bəhrələnir. Cənab Prezidentin bu addımını alqışlamaq lazımdır. Verilən güzəştə pis demək olmaz. Nəzərə almaq lazımdır ki, cənab Prezident ildə bir neçə dəfə bu cür addımlar atır. Azərbaycanda əfv fərmanlarının sayı digər MDB dövlətləri və Avropa ölkələri ilə müqayisədə qat-qat çoxdur. Təbii ki, bu əfv fərmanından yalnız 84 nəfər sevinmədi, onların ailə üzvləri, valideynləri, qohum-əqrəbaları, dostları, yaxınları da sevindilər. Hər bir məhkumun arxasında yüzlərlə insan durur. Deməli minlərlə insana sevinc bəxş olundu. İlin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə daha bir əfv fərmanının olmasını arzu edirik. Mənə elə gəlir ki, inşallah biz bunun da şahidi olacağıq.

- Sizə “ştatdankənar” sualımız da olacaq. Son vaxtlar cəmiyyətdə həddən artıq böyük aqressiya müşahidə edilir, yaxın qohumlar bir-birini öldürür, amansız qətllər baş verir. Sizcə, bunun səbəbi nədir? Bəziləri hesab edirlər ki, yediyimiz qidaların tərkibi normal deyil, aqressiya yaradır...

- Əslində yediyimiz qidalar aqressiyadan çox səhhətimizə təsir edir və müəyyən xəstəliklərə səbəb olur. Düzdür biz geni dəyişdirilmiş qidalarla bağlı mübarizə etməyə çalışırıq. Təbii ki, inhisarçılar buna imkan verərsə...Mən hesab edirəm ki, bu cür məhsulların ölkəyə gətirilməsi dayandırılmalıdır. Səhv etmirəmsə dünən oxudum ki, dünyanın 35 dövləti bu cür məhsullardan imtina edib. Mən çox arzu edərdim ki, Azərbaycan da 36-cı olsun. Çünki bu cür qidaların ölkəyə gətirilməsi və satılması insanların səhhətində böyük fəsadlara yol açır. Amma aqressiya bu gün doğurdan da artıbdır. İntiharlar, ağır cinayətlər və s. Bu cür ağır cinayətlərin qarşısını heç vaxt təkcə inzibati metodlarla almaq mümkün deyil. Paralel olaraq maarifləndirici işlər aparılmalıdır. Əvvəllər həftədə bir dəfə də olsa, “İnsan və hüquq” adlı veriliş var idi. Ora hüquqşünaslar toplanardı və hamı o verilişi səbirsizliklə gözləyərdi. Bizdə sadəcə cinayət hadisəsi baş verdi, Əli tutuldu, Vəli tutuldu kimi informasiya verilir. Bu təbliğat deyil. Bu informasiyadır. Bu gün insanlarımızın alimlərin, dünya görmüş insanların məsləhətinə ehtiyacı var. Bunlar müəyyən qədər kömək ola bilər. Bu gün seriallar, kinolar hətta cizgi filmlərində belə döyüş səhnələri təbliğ olunur. Ötən gün nəvəm mənə deyir ki, “kanalı çevir qoy dalaşsınlar”. Yəni o uşaq döyüş səhnəsini arzulayır. Çünki izlədiyi bəzi cizgi filmlərində də zorakılıq təbliğ edilir. Mən mövcud aqressiyanın səbəbini televiziya və mətbuatda da görürəm. Dövlət televiziya seriallarının çəkilməsinə maliyyə ayırıb. Amma bu gün həmin seriallar kriminal xarakterlidir. Kimsə kiməsə narkotik maddə satdı, kimsə həbs olundu, biri digərinin qadınına sataşdı... bir sözlə milli dəyərlərə köklənən filmlər yoxdur. Bir məqama da toxunmaq istərdim. Bu gün həmin seriallarda, televiziyalarda dəfələrlə simalarını gördüyümüz aparıcılar və müğənnilər rol alırlar. Məgər bizim aktyorluq fakültəsini bitirmiş gənclərimiz yoxdurmu? Bu gün evdə oturub təklif gözləyən aktyorlarımız var. Hansısa aparıcı ölkədən gedir və sonra hansısa yollarla yenidən ölkəyə qayıdıb filmdə rol alır. Mən bunun əleyhinəyəm. Mən bu haqda ötən gün Nuşirəvan Məhərrəmliyə və Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevə də dedim. Zorakılığı təbliğ edən nə qədər süjetlər varsa, onlar azaldılmalıdır. Böyük vətən müharibəsi zamanı da döyüş səhnələri yer alan filmlər yayımlanırdı. Amma o zaman həmin filmlərdə qəhrəmanlıq nümayiş olunurdu və zorakılıq yox idi. Bu gün Azərbaycanda iqtisadi vəziyyət inkişaf mərhələsini yaşasa da, yenə də müəyyən qədər işsizlik problemləri var. Gənclər var ki, iş tapa bilmir. O gün parlamentdə də tənqid olundu ki, 7 dəfə dövlət qulluğuna imtahan verib keçən gənclər, müsahibə bölməsindən rədd cavabı alıblar. Belə hallar isə aqressiya yaradır. Mərhəmət hissi itəndə orada böyük bir aqressiya başlayır. İşsizliklə yanaşı, gənc nəslin evsizlik problemi də var. Son vaxtlar diqqət yetirin ki, gənclər intihar edir və ya intihara təşəbbüs edirlər. Ya həmin insanın toy etmək imkanı yoxdur, ya evi yoxdur və s. Bu isə onlarda həyata qarşı ümidsizlik, aqressiya yaradır. Lakin nəzərə almaq lazımdır ki, biz müharibə şəraitində yaşayan bir dövlətik. Ümid edirəm ki, Dağlıq Qarabağ problemi həll olduqdan sonra, dövlət gənclərin işsizlik və evsizlik kimi problemlərinin aradan qaldırılması üçün daha çox diqqət ayıracaq.

- Parlamentdə bəzi deputatlar var ki, son seçkilərdən keçən 4 il müddətində səsləri eşidilməyib. Belə həmkarlarınıza nə deyərdiz?

- Həmin deputatların bir çoxu komitə iclaslarında fəallıqları ilə fərqlənirlər. Ola bilər ki, onlar plenar iclaslarda danışmasınlar, amma komitə iclaslarında aktiv iştirak edirlər. Mən ayrı-ayrılıqda heç nə deyə bilmərəm. Çünki onların hamısı mənim həmkarımdır. Bir onu deyə bilərəm ki, bizə göstərilən etimadı doğrultmalıyıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm