• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Moskvanın miqrant siyasətində dönüş: Azərbaycan nələri itirəcək? – Təhlil

  • Nida.az
  • 27 Noyabr 2014 18:10
  • 1 694 Baxış
Moskvanın miqrant siyasətində dönüş: Azərbaycan nələri itirəcək? – Təhlil

Rusiya hökuməti geosiyasi proseslərin fonunda olduqca diqqətçəkən bir addım atdı. Gələn ilin 1 yanvar tarixindən miqrantlar üçün müəyyənləşdirilən kvotaları ləğv ediləcək. Ötən il Rusiyada miqrantların sıxışdırılması istiqamətində atılan addımları nəzərə alsaq, bu yeni addım arxasında nələri gizlətdiyinə dair suallar doğurur.


Yeni qaydalara görə, həm fiziki, həm də hüquqi şəxslər Rusiyada rahat şəkildə işləyə biləcək. Bunun üçün ölkə ərazisinə daxil olan xarici ölkə vətəndaşları 30 gün ərzində patentin alınması üçün Federal Miqrasiya Xidmətinə müraciət etməlidir. Patent almaq üçün şəxsiyyəti təsdiqləyən sənəd, Rusiya Federasiyasına girişin hədəfinin “iş” olmasını göstərən miqrasiya kartı, yoluxucu xəstəliklərin olmaması barədə məlumatlar, rus dili, tarix və Rusiyanın qanunvericiliyi barədə məlumatlı olmasını göstərən sertifikat lazımdır. Bundan başqa, miqrant barmaq izlərini verməli və şəkil çəkdirməlidir. Bu prosedurdan sonra miqrant Rusiyanın ərazisini tərk etmədən iki il qanuni işləyə biləcək.


Miqrantların yerdəyişməsi: itirən kimlər olacaq?


Qərbin sanksiyaları qarşısında iqtisadiyyatı ayaqda saxlamaq məcburiyyətində olan Moskvanın bu addımı anlaşılandır. Rusiya hökuməti ölkəyə işçi qüvvəsi cəlb edir, bununla həm boş əraziləri doldurur, həm də iqtisadiyyatın zəifləməsinə imkan vermir. Lakin bu addımın post-sovet ölkələri, o cümlədən Azərbaycan üçün təsirlərinin olacağı da qaçılmaz faktdır. Burda iki amil var. Birincisi Rusiya kvotanı qaldırmaqla miqrantlar üçün cəlbedici mühit yaradır. Bu, post-sovet məkanında “böyük torpağa” kütləvi axın deməkdir. Digər amil isə daha ucuz işçi qüvvəsi ölkəyə daxil olanda yüksək gəlirli işlərdə çalışan miqrantlara ehtiyac qalmaması ilə bağlıdır. Hansı ki, rublun məzənnəsinin aşağı düşməsi nəticəsində insanların gəliri təxminən 30 faiz azalıb.

Moskvanın bu addımı bir növ miqrantların yerdəyişməsidir. Bu miqrant ordusunun bir hissəsi üçün müsbət, digər hissəsi üçün mənfi ola bilər. Lakin Rusiyanın miqrant ordusunu formalaşdıran post-sovet ölkələri üçün bunun yalnız mənfi tərəfləri var.

“Bu, iqtisadi, siyasi, kriminal problemlər deməkdir”


“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Publika.az-a açıqlamasında Moskvanın bu addımının Qərb sanksiyaları qarşısında çökən iqtisadiyyatı ayaqda saxlamağa hesablandığını deyib. Politoloq da kvotaların aradan qalxmasını miqrantların yerdəyişməsi kimi dəyərləndirir: “Misal üçün, Rusiyada 600 dollara işləyən azərbaycanlının maaşı rublun “ölməsi” ilə 300 dollara qədər enirsə, həmin miqrant o ölkədə qalmaq istəməyəcək. İmkan tapan kimi geriyə qaçacaq. Buna paralel olaraq, Azərbaycanda işsiz olan hansısa şəxs kvotalar qaldırılandan sonra Rusiyaya üz tutacaq və o, 600 dollar maaş alan azərbaycanlının işləmək istəmədiyi 300 dollarlıq işlə razılaşacaq. Bu Azərbaycana ziyandır. Çünki daha aşağı səviyyəli həyat şəraiti ilə razılaşmış insanın yerinə yüksək səviyyəli həyat şəraiti istəyən gələcək”.


Ə. Oruclu bildirib ki, yeni qaydalar fonunda qazanc əldə edə bilməyən azərbaycanlılar ölkəyə geri qayıda bilər.

“Bu, Azərbaycan üçün həm iqtisadi, həm siyasi, həm kriminal, həm də bir sıra problemlər deməkdir. Həmçinin, o insanların əksəriyyəti uzun illər Rusiyada yaşayıb və onlarda rus təfəkkürü formalaşıb. Onların daimi yaşamaq üçün geri qayıtması cəmiyyətdə də problemlər yarada bilər. Düzdür, bu o dərəcədə böyük çat olmayacaq, amma hər-halda mövcud olacaq”, - deyə politoloq bildirib.


“Moskva post-sovet ölkələrini zəiflətməyə hesablanmış addım atır”


Ə. Oruclu Rusiyanın yeni qaydalarla qonşularına təzyiq etmək cəhdlərinin də olduğunu deyib. Onun sözlərinə görə, Moskvanın qarşıdakı planında post-sovet məkanının zəiflədilməsi var: “Qərb-Rusiya qarşıdurması kifayət qədər yüksək dozadadır. Artıq Qərbdən Şərqə doğru bir hücum taktikası var və Rusiya bu hücumun qarşısında laxlayır. Bu isə post-sovet məkanının, xüsusilə Rusiyanın qonşu ölkələrinin güclənməsi, daha çox müstəqil olması deməkdir. Moskva üçün sərfəli olmayan mühit yaranır. Buna görə də daha ucuz işçi qüvvəsi cəlb etmək istəyən Rusiya yüksək gəlir istəyən miqrantların geri qaytarılmasına hesablanmış addım atır. Bunun baş verməsi bir sıra ölkələrə, eləcə də Azərbaycana mənfi təsir edəcək. Yəni Moskva post-sovet ölkələrini zəiflətməyə hesablanmış addım atır”.

“Kvotaların qaldırılması Azərbaycana ciddi təsir etməyəcək”


İqtisadi ekspert Vüqar Bayramov isə kvotaların qaldırılmasının Azərbaycana ciddi təsir etməyəcəyini deyib. Publika.az-a açıqlamasında V. Bayramov bu addımı Rusiyanın iqtisadi çöküşü ilə bağlayır: “Praktiki olaraq Rusiya əmək miqrantları üçün əvvəlki qədər cəlbedici deyil. Əvvəllər əmək miqrantları üçün Rusiya bazarı əsas gəlir mənbəyi idi. Amma hazırda zəif iqtisadiyyatda onlar heç nə qazana bilmirlər. Rusiya bazarlarını cəlbedici etmək istəyir. Həm də bununla post-sovet ölkələrinə siyasi jest edir”.

V. Bayramov Rusiyanın daha ucuz işçi qüvvəsinə ehtiyacının olduğunu bildirib.

“Rublun dəyəri düşdüyünə görə əmək haqları dollara nisbətən azalıb. Rusiya vətəndaşlarının özlərinin də işləməyə həvəsi qalmayıb. Bir çoxları Mərkəzi və Şərqi Avropaya işləmək üçün gedir. Amma yeni qaydaların Azərbaycana ciddi təsir edəcəyini düşünmürəm. Bu, daha çox 1990-cı illərdən Rusiyaya köçüb yaşayan soydaşlarımızın həyatına müsbət, yaxud mənfi təsir edə bilər. Son 5 ildə isə Azərbaycandan Rusiyaya gedənlərin sayı kütləvi şəkildə azalıb. Burda Azərbaycanın daha təhlükəsiz ölkə olması da öz rolunu oynayır”, - deyə ekspert vurğulayıb.


Asif Nərimanlı





Xəbər lenti

DAHA ÇOX XƏBƏR