• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Arif Hacılı başqan seçilsə, Müsavatda nələr dəyişəcək? – İddialı namizəd

  • Nida.az
  • 12 Fevral 2014 11:05
  • 1 289 Baxış
Arif Hacılı başqan seçilsə, Müsavatda nələr dəyişəcək? – İddialı namizəd

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Publika.Az –a müsahibəsi

-Müsavatın qurultayının vaxtı elan edildi. Nizamnaməyə görə, başqan dəyişikliyi olmalıdır, lakin məlum müddəanın dəyişdirilməsini istəyənlər də var. Nizamnamə dəyişikliyi ola bilərmi?

-Partiyanın qurultayı nizamnaməni qəbul edib. Nizamnaməni olduğu kimi saxlamaq, yoxsa dəyişdirmək qurultayın səlahiyyətinə aid olan bir məsələdir. Yəqin ki, istənilən halda qurultayda bu məsələlər ətrafında müzakirələr aparılacaq.

“Kimlərinsə partiyadan getməsinin heç bir əsası yoxdur”

-İsa Qəmbərin getməsini istəməyənlər hesab edirlər ki, bu olarsa partiyadan qopmalar olacaq. Belə bir gözlənti varmı?

-Müsavat üzvlərinin əksəriyyəti ayrı-ayrı şəxsiyyətlərə görə yox, müsavatçılıq ideologiyasına, partiyanın apardığı ideoloji-siyasi xəttə uyğun olaraq öz məsləklərinə görə partiyaya daxil olmuş adamlardır. Bu baxımdan partiyada hansısa ciddi qopmaların olacağını gözləmirəm. Xüsusilə nəzərə alsaq ki, İsa bəy heç bir yerə getmir. O, Müsavat Partiyasının başqanı olmayacaqsa, yenə də partiyada öz fəaliyyətini davam etdirəcək. Müsavatın həm cari, həm strateji siyasi xəttinin formalaşmasında əsas rol oynayanlardan biri kimi qalacaq.

Düşünürəm ki, başqan olmayacağı dövrdə İsa Qəmbərin Müsavatın siyasi xətinin formalaşmasında təsir imkanları əvvəl olduğundan daha artıq olacaq. Kimlərinsə nizamnaməyə uyğun olaraq aparılan fəaliyyətə görə partiyadan getməsinin heç bir əsası yoxdur.

-Başqan dəyişikliyi olacaqsa, partiyanın siyasətində hansısa dəyişikliklər ola bilərmi?

-Müsavat 100 ildən artıq yaşı olan oturuşmuş siyasi partiyadır. Bu partiya öz prinsiplərinə uyğun olaraq fəaliyyət göstərib və göstərir. Müsavatın rəhbərliyində kimlərin olmasından asılı olmayaraq partiyanın siyasəti stabil siyasətdir. Partiyanın siyasəti istənilən halda partiyanın təməl prinsiplərinə uyğun olaraq davam etdiriləcək.

“Demokratik qüvvələrinin vahid namizədliyi statusuna ən layiqli namizəd İsa Qəmbərdir”

-Əgər İsa bəy getsə, onun statusu necə olacaq, lider, yoxsa fəxri sədr kimi qala bilər?

-Mən dəfələrlə demişəm, indi də təkrara edirəm ki, İsa Qəmbərin siyasi statusu yalnız onun Müsavatın başqanı olması ilə müəyyənləşmir. İsa Qəmbər Müsavatın başqanı da olacaqsa, partiyanın sıravi üzvü də olacaqsa, istər Müsavatın siyasətinə, istərsə də Azərbaycan siyasətinə kifayət qədər təsir imkanları olacaq. Hesab edirəm ki, hansısa xüsusi nizamnamə statusu müəyyənləşdirilə də bilər. Lakin hətta belə status müəyyənləşdirilməsə belə İsa Qəmbər Azərbaycan siyasətində öz sözünü deyəcək və Müsavat Partiyasının bütün seçkilərdə əsas namizədi olaraq qalacaq. İstər parlament seçkilərində Müsavat Partiyasının namizədlərinə başçılıq etmək baxımından, istər prezident seçkilərində Müsavatın və əslində bütövlükdə Azərbaycanın demokratik qüvvələrinin vahid namizədliyi statusuna ən layiqli namizəd İsa Qəmbərdir. Müsavat Partiyasının rəhbərliyinə kimlərin gəlməsindən asılı olmayaraq, bütövlükdə İsa Qəmbərin partiya strukturlarında olan nüfuzu onun statusunu müəyyən edəcək.

“Siyahıya təbii ki, İsa Qəmbər rəhbərlik edəcək”

-Bir qədər konkretləşdirək. Önümüzdəki parlament seçkilərində qurultayın qərarından asılı olmayaraq İsa Qəmbər namizəd olacaq?

-Parlament seçkilərinə hələ uzun müddət var. Biz proporsional seçki sisteminin bərpa olunması istiqamətində fəaliyyət göstəririk. Təbii ki, siyahıya rəhbərlik etmək məsələsi ilk növbədə proporsional seçki sisteminə aiddir. Hesab edirəm ki, əgər Müsavat proporsional seçki sisteminin bərpasına nail olaraq bu sistemlə seçkilərə qatılacaqsa, bu siyahıya təbii ki, İsa Qəmbər rəhbərlik edəcək.

-Maraqlıdır ki, başqanlığa namizədlər qurultaya qədər irəli sürüləcək, yoxsa bu proseslər qurultaydan sonra aparılacaq?

-Bu, Təşkilat Komitəsində aparılan müzakirələrdən asılı olacaq. Müsavat Partiyasının bir çox strukturlarına namizədlər əvvəlcədən irəli sürülür. Lakin bu, bir daha deyirəm ki, məcburi tələb deyil. Təşkilat Komitəsi bu məsələ ilə əlaqədar necə qərar qəbul edəcəksə, bu qərara uyğun olaraq da məsələlər həll olunacaq.

“Öz namizədliyimi irəli sürəcəyəm”

-Siz başqanlığa ən şanslı namizəd hesab olunursunuz. Namizədliyini vermək fikriniz varmı?

-Mən uzun illərdir ki, Azərbaycan siyasi səhnəsində özümü, mövqeyimi ifadə etmək imkanına malik olan siyasətçilərdən biriyəm. Düşünürəm ki, indiki dövrdə də həm Müsavatın, həm bütövlükdə Azərbaycan müxalifətinin siyasətinə təsir imkanlarım kifayət qədərdir. Müsavat mənim həyatımın əsas layihəsidir. Mən həyatımı bütövlükdə bu təşkilatın bərpa olunmasına, onun fəaliyyətinə həsr etmişəm. Müsavatın ideoloji-siyasi xəttinin həyata keçirilməsi yolunda dəfələrlə həbsxanada olmuşam, demək olar ki, çox çətinliklərlə, məhrumiyyətlərlə üzləşmişəm. Mən Müsavatın uğur qazanmasını, Məmməd Əmin Rəsulzadə-Əbülfəz Elçibəy yolu adlandırdığımız müsavatçılıq ideoloji-siyasi xəttinin qələbəsi uğrunda çalışan adamam. Əgər Müsavat Partiyasının başqanı olmağım bu ideoloji-siyasi xəttin uğuruna daha çox təsir edəcəksə, öz namizədliyimi irəli sürəcəm. Yox, başqa bir şəxsin bu ideoloji-siyasi xəttin həyata keçirilməsi üçün başqan olması zəruri olacaqsa, həmin şəxsin namizədliyini müdafiə edəcəm.

“Sual veriləndə ki, Müsavatda kimi özünüzə rəqib görürsünüz...”

-Partiyada namizədliyini irəli sürənlər varmı?

-Təbii ki, var. Müsavatda başqan olmağa layiq olan xeyli siyasi şəxslər var. Bilirəm ki, namizədliyini irəli sürmək barədə düşünən adamlar da var. Bu məsələlərin hamısı qurultayda bəlli olacaq. Açığını deyim ki, sual veriləndə ki, Müsavatda kimi özünüzə rəqib görürsünüz, bu mənə qəribə gəlir. Çünki Müsavat Partiyasına övladlarımdan biri kimi yanaşıram. Ona görə bu partiya içində mənim hansısa rəqibimin olacağını düşünmürəm. Müsavatdakı şəxslər, onların iddialarından asılı olmayaraq mənim dostlarım və silahdaşlarımdır.

“Yeni adamların partiyanın rəhbər strukturlarına gəlməsi mümkündür”

-Siz başqan seçiləcəyiniz təqdirdə hansı islahatları aparmaq niyyətindəsiniz?

-İstənilən halda hətta eyni şəxsin yenidən seçilməsi, eyni şəxslərin növbəti dəfə seçki prosesindən keçərək öz səlahiyyət müddətlərini artırması belə yeniliklərlə nəticələnir, təşkilatın fəaliyyətinə yeni nəfəs gəlir. Müsavat Partiyasının qurultayından danaşılarkən yalnız onun başqanının seçilməsi qeyd edilməməlidir. Eyni zamanda bir çox strukturları dəyişmək lazımdır. Nəzarət-Təftiş komissiyası, Divan, Məclis üzvləri qurultayda yenidən seçiləcək.

İstər-istəməz hazırda fəaliyyət göstərən şəxslərin təmsil olunduğun strukturlara yenidən seçilməsi, yeni adamların partiyanın rəhbər strukturlarına gəlməsi mümkündür. İstər-istəməz Müsavatın həyatında da növbəti bir mərhələ başlayacaq. Lakin konkret olaraq başqan seçiləcəyim təqdirdə hansı işləri görmək niyyətində olduğum barədə indidən danışmağım düzgün olmazdı. Çünki əvvəla Müsavatın qurultayının vaxtı hələ dəqiq təyin olunmayıb. Seçki kampaniyası hələ başlamayıb. Təbii ki, başqan seçiləcəyim təqdirdə hansı islahatları həyata keçirməyimi zəruri hesab etdiyim barədə həm partiya üzvlərinə, həm Azərbaycan ictimaiyyətinə məlumat vermək niyyətindəyəm. Çünki Müsavat Partiyası Azərbaycan tarixində, siyasi həyatında mühüm rol oynayan təşkilatlardan biridir. Hər bir Azərbaycan vətəndaşı üçün Müsavatın gələcək taleyinin necə olacağı, hansı istiqamətdə siyasət aparacağı məsələsi maraqlıdır. Cəmiyyəti maraqlandıran suallara cavab vermək də hər bir siyasətçinin borcudur.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR