“Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib
Bizi izləyin

Nida.az

“Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib

Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırşçılar” mövzusunda konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünya üçün bir örnəkdir. Onun sözlərinə görə, bu örnək dünyada da etiraf olunur: “Cənab Prezident iki il ərzində 5 dəfə gənclərlə görüşüb. Məhz belə görüşlərin birində prezident İlham Əliyev Gənclər Fondunun yaradılmasının zəruriliyini bildirib”.

Gənclər Fondunun 2011-ci il dekabrın 19-da yaradıldığını xatırladan F.Hacıyev ötən 3 il ərzində həyata keçirdiyi 6 qrant layihəsi barədə məlumat verib: “İlk qrant müsabiqəsindən bəri müraciətlərin sayı 6 dəfə artıb. Bu dövr ərzində 61 internet resursu (sayt, blok) yaradılıb, 1439 378 ədəd əyani vəsait çap edilib. Layihələr Azərbaycanın bütün bölgələrini əhatə edib. Gənclər Fondunun saytında 304 gənclər təşkilatı, 3842 fərdi gənc qeydiyyatdan keçib. Gələn il Gənclər Fondu öz fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlar müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək. Gənclərin ən böyük himayədarı prezident İlham Əliyevdir. İki gün sonra dövlət başçısı ad gününü qeyd edəcək. Gənclər adından prezidenti təbrik etmək istəyirəm. Arzu edirəm ki, hər bir gənc prezidentimiz kimi vətənpərvər olsun”.

Daha sonra Gənclər Fondu Müşahidə Şurasının üzvləri olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək Gənclər Fondunun fəaliyyəti barədə danışıblar.

Tədbir zamanı ötən dövr ərzində həyata keçirilən layihələrlə bağlı təqdimatlar olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm