• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İlham Əliyev: Azərbaycan götürdüyü öhdəlikləri vaxtında yerinə yetirir (YENİLƏNİB)

  • Nida.az
  • 21 Yanvar 2015 18:25
  • 345 Baxış
İlham Əliyev: Azərbaycan götürdüyü öhdəlikləri vaxtında yerinə yetirir (YENİLƏNİB)

Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının üzvüdür və Avropa Şurasında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında və şərəflə yerinə yetirir.

Trend-in Almaniyaya ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə birgə keçirilən brifinqdə deyib.

Prezident bildirib ki, Azərbaycan qanunvericiliyində Avropa standartlarına uyğunlaşdırılan çoxsaylı qanunlar qəbul edilib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda insan hüquqları təmin edilib: "Beynəlxalq təşkilatlar çərçivəsində bu məsələlər müzakirə edilir. Hər bir ölkədə problemlər var, o cümlədən də Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir?"

İlham Əliyev vurğulayıb ki, Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur: "Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam təmin olunub. Yüzlərlə mətbu qurum var. Bunu da xatırlatmaq istəyirəm ki, sərbəst və azad söz olan ölkədə söz azadlığı boğula bilməz. Eyni zamanda, hesab edirəm, nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilmişdir. Azərbaycanda multikulturalizm dəyərləri yüksək səviyyədə qorunur".

Prezident qeyd edib ki, bu baxımdan Azərbaycanın təcrübəsi digər ölkələr tərəfindən öyrənilir: "Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri, bütün etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur. Bir daha demək istəyirəm ki, biz şüurlu şəkildə bu yolu seçmişik, ümumbəşəri dəyərlərə sadiqik. Əgər Azərbaycanda real vəziyyətə nəzər yetirsəniz, görərsiniz ki, mənim sözlərimdə həqiqətdən başqa heç nə yoxdur. Əlbəttə, bu məsələlərin gələcək müzakirəsi də, əminəm ki, bu sahədə görülən işlərə daha böyük töhfə verəcək, bu istiqamətdə əlavə addımlar atılacaq, islahatlar dərinləşdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, siyasi islahatlar iqtisadi islahatlarla tamamlanır. Azərbaycanda müasir dövlət qurulur. Biz müstəqilliyin 24-cü ilini yaşayırıq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR