Nida.az
İlham Əliyev: "Ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq Oyunları olacaq"
"Bakıda ilk Avropa Oyunlarının keçirilməsinə beş aydan az vaxt qalır. Bu Oyunlar əvvəllər heç vaxt keçirilməyib. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt təşkil olunmamışdı. Biz bu Oyunları Azərbaycanda keçirmək qərarına görə Avropa Olimpiya ailəsinə olduqca minnətdarıq". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında çıxışı zamanı deyib.
Prezident bildirib ki, qərar 2012-ci ilin sonlarında qəbul
olunmuşdur: "Bilirsiniz ki, qış Olimpiya Oyunlarından daha böyük
olan Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtımız var
idi: İyirmi idman növü üzrə yarışacaq 6 mindən artıq atletin
gəlməsini gözləyirik. Həmin idman növlərindən 16-sı Olimpiya idman
növüdür. İki il yarım təbii ki, çox məhdud vaxt çərçivəsidir. Lakin
Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat Komitəsi
olaraq ürəkdən çalışırıq. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu gün
Oyunları mümkün qədər ən yüksək səviyyədə təşkil etmək məqsədilə
40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı beynəlxalq
komandamız var.
Fikrimcə, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş
qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır.
Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri
ilə seçilən ölkə kimi tanıdıb. Sonuncu London Olimpiya
Oyunlarındakı iştirakımız ölkəmiz üçün çox vacib olub. On medal
qazandıq, onlardan ikisi qızıldır. Biz dünya ölkələri arasında
30-cu, Avropa ölkələri arasında isə 15-ci olduq. Zənnimcə,
səbəblərdən biri bu idi".
Dövlət başçısının sözlərinə görə, digər səbəb Azərbaycanın sürətli
inkişafı ilə bağlıdır: "Müstəqillik illəri, xüsusən də son on il
ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi
Forumu qlobal rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə
qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların
Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı.
Beləliklə, biz qonaqları və turistləri gözləyirik. İndi hazırlıq
işinin son mərhələsindəyik. Əlbəttə ki, Oyunlar bizə onsuz da
həyata keçirilməli layihələri daha qısa müddət ərzində
reallaşdırmaq imkanını yaratdı. Müasir idman infrastrukturunun
yaradılması sahəsində çoxlu işlər aparılıb. Hazırda biz Xəzər
dənizinin sahilində Bakı İdman Şəhərciyini yaradırıq. Nəqliyyat
infrastrukturumuzu yeniləşdiririk. Bu, əlbəttə, regionda ən yaxşı
şəbəkələrdən biri olacaq. Bakıda yeni mehmanxanalar açılır. Eyni
zamanda, Xəzərin sahilində uzunluğu 16 kilometr olan yeni gəzinti
zonası yaradılır. Bu, qonaqlar, idmançılar və turistlər üçün gözəl
məkan olacaq.
Ümidvarıq ki, bütün ölkələr bu Oyunlara güclü atletlərini
göndərəcəklər. Çünki Avropa Oyunlarının standartları müəyyən
dərəcədə məhz Bakıda müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi
forması, ola bilsin ki, digər şəhərlər üçün də örnək olacaq.
Ümidvaram ki, növbəti Avropa Oyunlarını öz ölkəsində qəbul etmək
arzusunda olan bir çox namizədlər də olacaq".
İlham Əliyev qeyd edib ki, son illər ərzində Azərbaycanda idman
infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub:
"Fəxr edirik ki, 2015-ci il Avropa Oyunlarından sonra 2016-cı ildə
biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik və eyni zamanda, ilk
dəfə olaraq, “Formula – 1” yarışmaları regionumuza gələcək. Bu
yarış şəhər daxilində baş tutacaq. 2017-ci ildə isə İslam
Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu oyunlar müsəlman dünyasını
bir araya gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı
Avropa Oyunlarını və İslam Oyunlarını qəbul edəcək. Azərbaycan
bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində
yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir.
Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması haqqında qəbul edilmiş qərarın tarixi əsasları var. Bu,
dövlət siyasətimizin real təzahürüdür".
Prezident vurğulayıb ki, idman yer üzünün insanlarını birləşdirir:
"Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır.
Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları
yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır
və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya
hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir
fürsətdir.
Beləliklə, ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq
Oyunları olacaq. Qələbələr hamımız tərəfindən qeyd ediləcək və mən
bu fürsətdən istifadə edərək, sizin hamınızı dəvət etmək istərdim.
Bakıda qonağımız olun! Ümidvaram ki, sizi iyunun əvvəlində
şəhərimizdə görəcəyik və bu cür yüksək nailiyyəti bir yerdə seyr
edəcəyik.
Hörmətli dostlar, bizimlə birlikdə olduğunuza görə bir daha
minnətdaram, sizə xoş axşam arzulayıram".
Daha sonra mərasim iştirakçıları “Bakı-2015”-ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verildi.
Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində
keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud qurğular
yenilənərək hazır vəziyyətə gətirilir. Açılış mərasiminin baş
tutacağı 68 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda
7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlanır. İlk Avropa
Oyunlarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda
göstərilən maraqdan irəli gəlir. Son dərəcə maraqlı, qədim tarixi
və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında
baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də
ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan
qaynaqlanır. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra atletlərimiz olimpiadalarda 26, Avropa və dünya
çempionatlarında isə 2000-dək medal qazanıblar. 2015-ci il iyunun
12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən
6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.
Qeyd edək ki, bu il Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə
əlaqədar həm Sürix, həm də Davos şəhərlərinin müxtəlif yerlərində
oyunlara həsr olunan reklam lövhələri vurulmuşdu. Bu da Davos
İqtisadi Forumunda iştirak edən nümayəndələrdə ölkəmiz və onun
zəngin mədəniyyəti, idman ənənələri barədə təsəvvür yaratmağa imkan
verirdi.
Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılmışdılar.
Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı-2015”ə həsr
olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxdılar. “Biz
birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın
müxtəlif növlərini təsvir edən əsərləri sərgilənirdi. Onların hər
biri müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa Oyunlarının
həyəcanını sənətin dili ilə dolğun əks etdirirdi.
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif
nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan
bukletləri təqdim edildi.
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf