• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycan Müdafiə Nazirliyindən erməni nazirə "şapalaq"

  • Nida.az
  • 27 Yanvar 2015 17:15
  • 682 Baxış
Azərbaycan Müdafiə Nazirliyindən erməni nazirə "şapalaq"

"Serj Sarkisyanın ardınca Seyran Ohanyanın cəbhədəki vəziyyətlə bağlı son ritorikası da boş danışıqdır və qeyri-ciddidir. Ümumilikdə isə Seyran Ohanyanın Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı Ermənistan xalqının fikrini ölkədəki, ordusundakı ağır vəziyyətdən çəkindirmək məqsədilə atılan addım kimi dəyərləndirilir".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin Trend-in Ermənistanın müdafiə naziri S.Ohanyanın səsləndirdiyi bir sıra fikirlərlə bağlı rəsmi sorğusuna cavabında bildirilir.

Ermənistanın müdafiə naziri S.Ohanyanın snayperlərin qoşunların təmas xəttindən çəkilməsi fikri ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, snayperlərin qoşunların təmas xəttindən çəkilməsi ideyası yalnız erməni düşüncəsinin icad etdiyi çürük bir məhsuldur: “Təəssüflər olsun ki, bu ideyaya uyan beynəlxalq təşkilatlar və qurumlar da var. Sual olunur: “Nə üçün məhz snayperlər təmas xəttindən çəkilməlidir?” Bəs digər hərbi elementlər – hərbi texnikalar, minaatanlar, qumbaraatanlar və s. necə olsun? Fərz edək ki, belə bir anlaşma olarsa, onun icrasına necə nəzarət ediləcək? Kim zəmanət verə bilər ki, uşaqları, qadınları, ahılları, heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri atəşə tutan, daim xain xisləti ilə seçilən erməni tərəfi bu dəfə razılaşmanı yerinə yetirəcək?”

Azərbaycan Müdafiə Nazirliyi hesab edir ki, yeganə çıxış yolu beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində Ermənistan SQ-nin Azərbaycanın işğal olunmuş ərazilərindən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasıdır.

S.Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) münaqişəyə cəlb olunması fikrinə də münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyi qeyd edir ki, əvvəllər də Ermənistan təxribat əməlləri ilə digər dövlətləri, o cümlədən beynəlxalq təşkilatları özlərinə dəstək olmaları üçün dəfələrlə münaqişəyə cəlb etməyə cəhd göstərib. S.Ohanyan cəbhədəki vəziyyətlə bağlı münaqişəyə hansısa təşkilatların diqqətini çəkmək üçün nə qədər çalışsa da, o, bu işin mümkünsüzlüyünü anladığından xalqını autotreninq üsulu ilə sakitləşdirməyə çalışır: “Ona görə də Seyran Ohanyanın bu fikirlərini iltihaba məruz qalan xəstə təxəyyülün növbəti imdad çığırtısı kimi dəyərləndirmək olar. Çünki Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərin tam və birdəfəlik azad olunması hüququna malikdir”.

Müdafiə Nazirliyi S.Ohanyanın helikopterin vurulması ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq isə bildirir ki, 2014-cü il noyabrın 12-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus döyüş helikopterinin məhv edilməsi ilə bağlı S.Ohanyanın etirafı bir daha onu təsdiq edir ki, bu aviasiya vasitəsi Ermənistanın Hərbi Hava Qüvvələrinə aid olub: “Seyran Ohanyan insidentlə bağlı səlahiyyətli şəxslərin cəzalandırıldığını, vəzifələrindən azad edilənlərin olduğunu, o cümlədən helikopterin müəyyən olunmuş kursdan kənara çıxdığını etiraf etməklə hadisədən dərhal sonra guya helikopterin Ermənistana deyil, işğalçı rejimə aid olması ilə bağlı səsləndirilən fikirləri tamamilə alt-üst edib. Ermənistan müdafiə nazirinin bu bəyanatı Azərbaycan tərəfinin helikopterin hansı ölkəyə mənsub olması, kimlər tərəfindən idarə edilməsi və Silahlı Qüvvələrimizin mövqelərinə hücum etməsi ilə bağlı verilən xəbərin doğruluğunu bir daha təsdiq edir”.

Müdafi Nazirliyi erməni nazirin “çətin beynəlxalq vəziyyət və irimiqyaslı müharibə” fikirlərini də cavabsız qoymayıb: “Serj Sarkisyanın ardınca Seyran Ohanyanın cəbhədəki vəziyyətlə bağlı son ritorikası da boş danışıqdır və qeyri-ciddidir. Ümumilikdə isə Seyran Ohanyanın Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı Ermənistan xalqının fikrini ölkədəki, ordusundakı ağır vəziyyətdən çəkindirmək məqsədilə atılan addım kimi dəyərləndirilir.

Düşmən anlamalıdır ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyü istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələblərinin icrası məqsədilə işğal olunmuş ərazilərdən Ermənistanın silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasıdır. Əks halda işğalçı qüvvələr daha çox itkilərə məruz qalacaq və bütün bunlara, həmçinin törədəcəkləri növbəti təxribatlara görə də birbaşa Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaqdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR