Qarabağ üçün “normand dördlüyü” – Qərb baxışını dəyişibmi?
Bizi izləyin

Nida.az

Qarabağ üçün “normand dördlüyü” – Qərb baxışını dəyişibmi?

Dünən ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. Vasitəçilər Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Bakıya gəldilər.


Səfər ərəfəsində C.Uorlik özünün “Twitter” səhifəsində “ciddi danışıqların olacağı” haqda anons verdi.

Bakıda olan həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək münaqişə ilə bağlı müzakirələr apardılar. Görüşdən sonra mediaya açıqlama verən Uorlik bildirdi ki, müzakirələrdə təmas xəttində gərginlik, itkilər və digər məsələlərə toxunulub: “Bu məsələdən cənab İlham Əliyev də narahatlıq keçirdiyini qeyd etdi. Düşünürəm ki, hal-hazırda hər bir kəsin önündə bir çağırış var. Baş verən zorakılıqları, insan itkilərini, dağıntıları bir kənara qoyub, gələcək irəliləyiş üçün addımlar atmalıyıq ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Münaqişənin sülh yolu ilə həll olunması hər iki dövlətə, eləcə də bütün regiona öz bəhrəsini verəcək”.


Uorlikin açıqlamasında diqqətçəkən məqam Dağlıq Qarabağ münaqişəsini Ukrayna hadisələri, eləcə də Cənubi Osetiya və Abxaziya, Dnestryanı münaqişələrdən ayırmasıdır.


“Dağlıq Qarabağ münaqişəsi ilə Ukrayna böhranına, yaxud da Gürcüstanda, Moldovada yaranan münaqişə vəziyyətinə paralel xətlər çəkmək lazım deyil. Bunlar tamamilə fərqli münaqişələrdir və bunların həllinə müxtəlif yanaşmalar mövcuddur”, - deyə o bildirib.


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Siyavuş Novruzov Publika.az-a açıqlamasında Dağlıq Qarabağ münaqişəsi ilə amerikalı həmsədrin ayırdığı münaqişələr arasında ciddi fərqin olmadığını deyib. Onun sözlərinə görə, bütün münaqişələrdə işğal faktı var və bu danılmazdır: “Ola bilsin yanaşmalar fərqlidir. Lakin ümumi mənada bu münaqişələrin hər birinin taleyində bənzərlik var. Dağlıq Qarabağ münaqişəsinin özəlliyi isə BMT tərəfindən qətnamələrin qəbul edilməsidir. Yəni digər münaqişələrdə belə qətnamələr olmasa da, Qarabağla bağlı beynəlxalq hüquq dili ortadadır”.


Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri də məsələni Publika.az-a şərh edərkən amerikalı həmsədrin ciddi yanıldığını bildirib.


“Amerikalı həmsədrin yanaşması doğru deyil. Xüsusilə Ukrayna münaqişəsindən sonra Qərbin post-sovet məkanındakı bu münaqişələri bir-birindən ayırması başa düşülən deyil. Qərb də bu münaqişələri arxasında dayanan faktoru yaxşı bilir. Hesab edirəm ki, diplomatik dillə yox, daha açıq danışmaq lazımdır”, - deyə politoloq qeyd edib.


Ukrayna münaqişəsi Qərb yarımkürəsini bir növ “yuxudan oyandırdığını” demək olar. Beynəlxalq ekspertlər də Kiyevi xilas etmək istəyən Qərbin post-sovet məkanında dondurulmuş münaqişələrə mövqeyinin dəyişəcəyini qeyd edirlər. Bu, avtomatik olaraq Dağlıq Qarabağa da şamil olunur. Çünki bu münaqişə faktiki olaraq keçmiş SSRİ ərazisində ən qədim problemdir və ondan sonra baş verən münaqişələr üçün bir növ zəmin hazırlayıb. Belə bir situasiyada amerikalı həmsədrin anlaşılmaz mövqeyi diqqət çəkir.


Siyavuş Novruzov hesab edir ki, Ermənistana dərhal sanksiyalar tətbiq olunmalıdır: “Təmas xəttində atəşkəs Ermənistan tərəfindən mütəmadi şəkildə pozulur. Son səkkiz ayda bu daha sistemli xarakter daşıyır. İriçaplı texnikalardan istifadə olunur, təmas xəttinə yaxın kəndlərdə insanlar atəş altında yaşamaq məcburiyyətində qalıblar. Bunların qarşısı alınmalı, Ermənistana xüsusi sanksiyalar tətbiq olunmalıdır. O cümlədən iki azərbaycanlının həbsi, onlar üzərində qurulan qondarma “məhkəmə” pislənilməli, onların azad olunması həmsədrlər üçün prioritet istiqamət olmalıdır”.


Milli Məclisin komitə üzvü qeyd edib ki, Ermənistan Rusiyadan daha öncə işğalçı siyasət yürüdür: “Bu ölkə Azərbaycan torpaqlarını Rusiyadan daha öncə işğal edib. Lakin bu gün Ukraynaya görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, Ermənistana güldən ağır söz deyilmir. Bu ölkə Avropa Şurasında üzvlüyünü davam etdirir, beynəlxalq ictimaiyyətin subyekti kimi əlini qolunu sallayıb gəzir. Halbuki BMT-nin dörd qətnaməsi var. Biz Ermənistana sanksiyaların tətbiq olunmasını deyəndə məhz bu qətnamələrə, yəni birbaşa beynəlxalq hüquqa söykənirik”.


Politoloq Natiq Miri isə Ukrayna münaqişəsində istifadə olunan “Normand dördlüyü” formatının Dağlıq Qarabağ münaqişəsinə tətbiqini vacib hesab edir. Onun sözlərinə görə, bu gün Azərbaycana ədalətsiz şərtlər irəli sürürlər.


“Amerikalı həmsədrin ciddi danışıqlarla bağlı dediyi sözlər atəşkəsin qorunması və Böyük sülh sazişi ilə bağlıdır. Lakin Böyük sülh sazişinə gəlib çıxmaq üçün mütləq mənada Dağlıq Qarabağ ətrafı, aran Qarabağın 7 rayonu boşaldılmalıdır. Ondan sonra Dağlıq Qarabağın statusu haqqında danışmaq olar. Laçına bir növ dəhliz statusu verməklə Ermənistanla Qarabağın əlaqələrini, sərbəst gedib-gəlməsini təmin etmək istəyirlər. Təbii ki, bu şərtlərin içində Azərbaycanın maraqlarına cavab verməyən şərtlər var. Xüsusilə də indiki şəraitdə ortada qlobal səviyyədə Ukrayna probleminin çözümü məsələsi var. Krım, Donbas məsələsi 1 ildir başlayıb, amma 20 ildən çoxdur ki, Qarabağ ədalətli həllini gözləyir. Azərbaycana çox ədalətsiz şərtlər irəli sürülür. Bundan başqa, Ermənistan Azərbaycanın Dağlıq Qarabağı müstəqil subyekt kimi tanımasını istəyir. “Normand dördülüyü” deyilən dördlüyün qəbul etdiyi 2 Minsk sənədi ən müasir münaqişənin ortalığa qoyulmuş çözüm variantıdır. Bu, eynilə Dağlıq Qarabağa da tətbiq olunmalıdır”, - deyə o bildirib.


Politoloq qeyd edib ki, Dağlıq Qarabağda hər hansı referendumun keçirilməsi şərt kimi qəbul edilə bilməz. Onun sözlərinə görə, Dağlıq Qarabağın özünüidarəetmə statusu müstəqil surətdə xarici ölkələrlə ticarət əlaqələrinə şərait yaradılması, eyni zamanda, Azərbaycan dövləti tərəfindən sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi kontekstində verilə bilər: “İndiki şəraitdə ortada Ukrayna modeli var. Bundan yuxarı variantı Ermənistana təklif etmək ən azından Azərbaycanın hüquqlarını tapdamaq deməkdir. Söhbət yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən güzəştlərdən gedə bilər. Fərqli davranış ortaya çıxarsa, bu, qlobal səviyyədə böyük qalmaqal olacaq. Yalnız Ukraynada olan modelin Azərbaycanda tətbiqi variantı daha məqbul və ədalətlidir”.


Qeyd edək ki, həmsədrlər bu gün İrəvana, daha sonra Xankəndiyə gedəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm