• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Diri-diri yandırılan körpəni dünyanın gözünə soxacağıq” – “Yeni çağ”

  • Nida.az
  • 23 Fevral 2015 14:33
  • 754 Baxış
“Diri-diri yandırılan körpəni dünyanın gözünə soxacağıq” – “Yeni çağ”

Türkiyənin “Yeni çağ” qəzeti Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Türk olduqları üçün qətlə yetirildilər” adlı geniş məqalə dərc edib.

Publika.az xəbər verir ki, məqalədə erməni işğalçılarının 1992-ci ildə rus tankları, raketlər, zirehli maşınlarla girdikləri Xocalıda əsl qətliam törətdiyi deyilir. Erməni vandalları 63-ü uşaq, 106-cı qadın, 70 qoca olmaqla 613 insanı qətlə yetirdi. 1275 insan əsir götürüldü, 478 insan əlil qaldı, 68-i qadın, 28-i uşaq olmaqla 150 insanın hələ də itkin olduğu deyilir.

Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov qəzetə açıqlamasında “Böyük Ermənistan” xülyaları quran və bu məqsədlə hərəkət edən erməni düşüncəsinin və seçdikləri yolun “Türkü türk olduğu üçün yaşadığı tarixi torpaqlardan zorla çıxarmaq, uşaq, qadın, yaşlı demədən qətlə yetirmək” olduğunu deyib.


Məqalənin müəllifi Selcan Taşçı yazır ki, qatillər doğulub böyüdükləri evlərində oturana, Qarabağ işğal altında olana qədər Xocalı şəhidlərinin unudulmasına icazə verməyəcəyik: “Bu il də başının dərisi soyulan Orucovun dramını anacağıq. Təcavüzə uğradıqdan sonra gözləri çıxarılan Fidan Həsənovun çığırtılarını yazacağıq. Gözləri çıxarılan, döşləri kəsilən Dilarə Nurəliyevanı, əlləri məftillə bağlanaraq başı kəsilən Hafiz Nuriyevin, cinsi orqanları kəsildikdən sonra yandırılan İqbal Aslanovu, diri-diri yandırılan 3 yaşlı Ağyar İmamı bu il də dünyanın gözünə soxacağıq”.


Xocalı soyqırımıdır!


Türkiyənin “erməni açılımı”na cəhd etdiyi 2009-cu ildə Qarsda konsul olduğu dövrdən tanıdığım, əllərində “Böyük Ermənistan” xəritəsi ilə dolaşanlarla, “üzr istəyənlərlə”, soyqırımı iftirasını atanlarla apardığı mücadiləsinə şahidlik etdiyim Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov Xocalıda əslində nə baş verdiyini danışır: “25 fevraldan 26 fevrala keçən gecə Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı qəsəbəsində 63 uşaq, 106 qadın, 70-dən çox qoca olan 613 mülkü vətəndaş Ermənistan silahlı birləşmələri tərəfindən qətlə yetirildi. Ermənistan tərəfindən Xocalıda həyata keçirilən bu soyqırımı 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilən Soyqırım günahlarının aşkarlanması və cəzalandırılması konvensiyasına tam olaraq uyğundur. 10-dan çox ölkə Xocalıda baş verənləri soyqırımı olaraq tanıyıb. Çoxlu sayda faktların olmasına baxmayaraq, Ermənistan Xocalıda törətdiyi soyqırımı etiraf etmək istəmir. Bu qətliamı törədənlərsə hələ də cəzalarını almayıb. Onlar bu gün Ermənistanda və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında qurulmuş qondarma rejimin idarəçiliyində yer alır”.

Ermənilərin SSRİ-nin süqutu ərəfəsində ölkədə baş verən siyasi qarışıqlıq və itaətsizlikdən öz maraqları üçün istifadə etdiyini xatırladan H. Zeynalov Qarabağın taleyində ən önəmli çatlardan birinin Qorbaçovun Heydər Əliyevi istefa verməyə məcbur etməsi olduğunu bildirib.


“Totalitar rejimin apardığı siyasət nəticəsində ölkədə sabitlik pozuldu, iqtisadi çökmə baş verdi. Vəziyyətdən çıxmaq üçün yollar axtaran SSRİ rəhbərliyi heç nə edə bilmədi. Bu vəziyyətdən öz maraqları üçün istifadə edən Ermənistan və erməni diasporu Azərbaycanın tarixi torpaqlarını işğal etmək üçün fəaliyyətə başladı”, - deyə baş konsul qeyd edib.


Tərksilah tələsi


Məqalədə qeyd olunur ki, Heydər Əliyevi istefa verməyə məcbur edən Mixail Qorbaçovun Azərbaycana təyin etdiyi şəxslər ölkəni silahsızlaşdıraraq, əhalini Sovet ordusunun dəstəklədiyi erməni işğalçıları qarşısında əli yalın buraxdı.

Heydər Əliyevə istefa təzyiqi


Ermənilər Azərbaycanın nadir bölgələrindən olan Dağlıq Qarabağı işğal edərək “Böyük Ermənistan” xülyasının bir hissəsini gerçəkləşdirmək istəyirdi. Lakin erməni diasporunun satın aldığı SSRİ lideri Mixail Qorbaçov yaxşı bilirdi ki, Siyasi Büroda oturan və SSRİ Nazirlər Kabinetinin sədrinin birinci müavini postunu tutan, Azərbaycanın böyük oğlu Heydər Əliyev vəzifədə olduğu müddətdə onların planı işləməyəcək. Buna görə də Heydər Əliyevə qarşı müxtəlif təzyiqlər başladı. Nəticədə onu istefa verməyə məcbur etdilər. Bu istefadan sonra Dağlıq Qarabağın Azərbaycandan qopardılması olduqca asan oldu.


H. Zeynalov qeyd edir ki, Azərbaycan xalqı ermənilərə qarşı mübarizəyə başladı: “Xalqın mübarizə ruhunu qırmaq üçün Mixail Qorbaçov 20 Yanvar və digər qətlimatlara əl atsa da, bacarmadı. Əksinə Azərbaycanda azadlıq və milli hərəkat dalğası daha da gücləndi. Sovet rəhbərliyində olanları müxtəlif vasitələrlə ələ almağa çalışan, Siyasi Büro və Qorbaçova yaxınlığı ilə seçilən Abel Aqanbeqyanın, Georgi Şahnazarovun, erməni “intellektualları” sayılan Zori Balayanın, Silva Kaputikyanın, Sero Xanzadyanın və erməni diasporuna mənsubların qızışdırdığı Dağlıq Qarabağ münaqişəsi çox keçmədən bölgədə yaşayan ermənilərin azərbaycanlılara qarşı hücumları ilə nəticələndi. 1987-88-ci illərdə SSRİ-nin süqutu ərəfəsində Ermənistanda və Dağlıq Qarabağdakı ermənilər tərəfindən azərbaycanlılar sadəcə türk olduqları üçün qətlə yetirildi. Bu zülmlə ermənilərin 1915-ci ildə Anadoluda türklərə qarşı çıxması arasında fərq yoxdur”.


Onun sözlərinə görə, tarixə nəzərə saldıqda Dağlıq Qarabağda baş verənlərlə 1914-15-ci ildə ermənilərin törətdiyi qanlı hadisələr arasında kifayət qədər bənzər amillər var.


“Utopik “Böyük Ermənistan” qurmaq xəyalları ilə hərəkət edən ermənilərin düşüncəsi, yolu hər iki halda “Türkü türk olduğu üçün yaşadığı tarixi torpaqlardan çıxarmaq, uşaq, qadın, qoca demədən qətlə yetirmək” olub”, - deyə o vurğulayıb.

Müəllif Selcan Taşçı yazır: “Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı məruz qaldıqları ayrı-seçkilik və hücumlar nəticəsində 1988-1989-cu illərdə evlərini tərk etməyə məcbur qaldı. Onlar Azərbaycana sığındılar. Yüzlərlə soydaşımız Ermənistanda qətlə yetirilərkən, bir çoxu köç zamanı soyuqdan və aclıqdan həyatlarını itirdi. Dağlıq Qarabağda da eyni vasitələrlə əl atan ermənilər bu qədim türk yurdundakı azərbaycanlıları silahlı hücumlarla evlərindən didərgin saldılar”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR