• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kremlin növbəti hədəfi: Cənubi Qafqaz - “Foreign Policy” Bakı və Tiflisin durumunu şərh edir

  • Nida.az
  • 12 Mart 2015 11:16
  • 1 130 Baxış
Kremlin növbəti hədəfi: Cənubi Qafqaz - “Foreign Policy” Bakı və Tiflisin durumunu şərh edir

“Qərb rəhbərlərinin utancaq etirazlarına baxmayaraq Ukraynadakı qələbələr Şərqi Avropa üzərində Rusiya revanşizminin qorxulu kabusunu dalğalandırır. Lakin narahatlığın tək səbəbi guruldayan tanklar, separatçıların legionları deyil. Rusiyanın yeganə hədəfi də Ukrayna deyil”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” nəşri Rusiyanın Ukraynadan sonrakı hədəfləri haqda araşdırmasında deyilir.


Nəşrə görə, ən həyəcanlı siqnallar Cənubi Qafqazda görünür: “Gürcüstan: bu ölkə qərbyönümlü siyasi əhvali-ruhiyə ilə yaşayır və avroatlantik partnyor olaraq tanınır. O, çoxdandır Qərbin xarici siyasətində vizit kartdır. Rusiya ilə hərbi macəralara nəzər saldıqda, Moskvanın bölgədə təsirlərinin azalmasını ən çox Tiflis istəməlidir. Lakin Rusiya ilə qarşıdurma Gürcüstana 20 faiz torpaq itkisi və yüz minlərlə qaçqın hesabına başa gəlib. Bütün bunlara rəğmən, Qərblə sıx əlaqələrin saxlanılması Tiflisə lazımdırmı? Biz artıq daha tez-tez gürcülərdən bunun lazım olmadığına dair fikirlər eşidirik. Gürcüstanda Rusiyanın təsirlərinin gücləndirilməsinə çalışan qruplar və təşkilatlar Qərb radarlarından yayına bilirlər. Çünki onlar yerli KİV-də gürcü dilində öz fikirlərini açıqlayır, gürcü məbədlərində vaizlər verir, seçkiqabağı mitinq və kampaniyalarını çox yaxşı keçirirlər.

Bütün bu fəaliyyətlərdə Gürcüstanda Rusiya təsirlərinin güclənməsi hiss olunur. Lakin Vaşinqtonda dəyirmi masa ətrafında və qeyri-rəsmi söhbətlərdə rəsmi şəxslər və ekspertlər Gürcüstanda Rusiya təbliğatının imkanlarını çox kiçildirlər. Bu fikir Beynəlxalq Respublika İnstitutu (İnternational Republican İnstitute) və Milli Demokratiya İnstitutunun (National Democratic İnstitute) rəy sorğularına söykənir. Bu sorğularda gürcü əhalisinin 60-70 faizinin avroatlantik məkana inteqrasiyanı dəstəklədiyi açıqlanır. Hesab olunur ki, gürcü hökuməti öz qərbyönümlü siyasətini bu reytinqə əsasən həyata keçirir. Həqiqətən də, avroatlantik inteqrasiyaya dəstək genişdir. Lakin bu nə dərəcədə dərindir? Sadə gürcünün əsl düşüncəsini bilmədən bu haqda danışmaq doğru olmaz”.


Nəşr məşhur gürcü filmindən sitat gətirərək Gürcüstan ictimaiyyətinin Qərbə baxışını şərh edir.


“Məşhur gürcü serialının bir səhnəsində qonaqlar Gürcüstanın NATO-ya girişinin əsas müqəddiməsi hesab olunan MAP (membership action plan - üzvlüyə hazırlıq üzrə iş planı) haqda xəbər eşidirlər. İnsanlar sevinir, hamı alqışlayır. Daha sonra qonaqlardan biri soruşur: “MAP nədir?” Bu səhnə gürcülərin NATO-ya olan parlaq münasibətini göstərməklə yanaşı, sərt həqiqəti də ortaya qoyur: Gürcüstan cəmiyyətində Qərbə bağlılıqlar emosional xarakter daşıyır. Lakin onlar bu haqda dərin bilgiyə sahib deyillər”, - deyə məqalədə vurğulanır.


Nəşr keçirilmiş son rəy sorğularına istinadən yazır ki, gürcülər üçün hazırda sosial problemlərin həlli, yoxsulluğun aradan qalxması NATO-ya girişdən daha önəmlidir. Məhz buna görə də son sosial sorğularda bu məsələ üçüncü yerdə qərarlaşır: “İlk iki yerdə isə məşğulluğun artırılması (63 faiz) və yoxsulluğun (32 faiz) aradan qaldırılması qərarlaşır. Ən böyük narahatlıq isə son vaxtlar Moskvanın layihəsi olan Avrasiya İqtisadi İttifaqına rəyin dəyişməsidir. 2013-cü ildə sadə gürcülərin 11 faizi buna tərəfdar idisə, 2014-cü ildə bu rəqəm 16 faiz oldu. Buna səbəb münaqişələrdən bezmək, sosial problemlər və sovet nostaljisidir”.


“Foreign Policy” Moskvanın dəyişən bu mənzərədən lazımınca istifadə etdiyini yazır: “Rusiya dayanmır. O, əsrlərdir yaxın olduğu bu bölgəni yaxşı tanıyır və onların nə istədiyini bilir. Bu gün “Ukrayna həll olundu, hər şey bitdi” demək mümkün deyil. Çünki Rusiyanın hədəfində təkcə Ukrayna deyil. Bura Cənubi Qafqaz da daxildir. Rusiya bu bölgəni bir az təzyiq, bir az qorxu, bir az da manevrlə nəzarətdə saxlamağa çalışır. Hazırda bölgədə avroatlantik məkana inteqrasiyanın ən çox tərəfdar olduğu Gürcüstanda vəziyyət dəyişibsə, deməli, mənzərə Qərb üçün ürəkaçan deyil. Gürcülər “Qərblə sıx münasibətlər ərazi itkisi, qaçqın problemi və yoxsulluq gətirirsə, bu, bizə lazımdırmı?” sualını tez-tez özlərinə verirlər”.


Nəşr bölgənin əsas ölkəsi olan Azərbaycandan da bəhs edir.


“Bu ölkə neft gəlirlərindən səmərəli şəkildə istifadə nəticəsində vəziyyəti stabil olaraq saxlamağı bacarır. Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə yatıran da Bakıdır. Lakin onların da həyatı itkisiz deyil. Azərbaycan da Gürcüstan kimi itkilərlə, bəlkə də, bundan daha çox itki ilə qarşılaşıb. Bu ölkənin 20 faiz ərazisi işğal altındadır, bir milyondan artıq qaçqını var. Bakı balans siyasəti yürüdür. Lakin bu ölkədə də bir fikir hakimdir: Rusiyadan üz çevirib, tamamilə Qərbə inteqrasiya ölkəyə nə verəcək? Axı bunun acı təcrübələri ortadadır. Digər tərəfdən, zaman-zaman Qərbdən Bakıya ittiham atəşi yağır. Halbuki, bu vəziyyət Rusiyaya sərf edir və Moskva situasiyadan istifadə edərək NATO-nu sərhədlərinə yaxın buraxmır”, - deyə məqalədə qeyd olunur.


Nəşr Qərb siyasətçilərini ağıllı düşünməyə çağırır və vəziyyətə nəzarət etməyin vacibliyini vurğulayır: “Rusiyanın təsiri Şərqi Avropadan Qafqaza və Mərkəzi Asiyaya qədər artır. Bu, hərbi müdaxilələr, informasiya müharibələri, nəticəsində mümkün olur. Moskva bütün vasitələrlə Cənubi Qafqazı yenidən öz təsirinə qaytarmaq istəyir”.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR