• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nyu-Cersi ştatı Azərbaycanlıların soyqırımı qurbanlarının xatirə günü ilə bağlı qətnamə qəbul edib

  • Nida.az
  • 30 Mart 2015 09:59
  • 284 Baxış
Nyu-Cersi ştatı  Azərbaycanlıların soyqırımı qurbanlarının xatirə günü ilə bağlı qətnamə qəbul edib

ABŞ-ın Nyu-Cersi ştatının Baş Assambleyası 2015-ci il 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirə günü kimi müəyyən olunması ilə bağlı qətnamə qəbul edib.

Qətnaməni Nyu-Cersi ştatı parlamentinin üzvü Şila Oliver təqdim edib. Assambleyanın sədri Vinsent Priyetonun imzaladığı sənəddə Azərbaycanlıların Soyqırımının 97-ci ildönümü qeyd edilir. Qətnamədə deyilir ki, 1918-ci ilin 31 mart hadisələri dünya tarixində ən çox pislənən qanlı cinayətlərdən biridir.


Azərbaycanlıların Soyqırımı son illər ABŞ-ın bir neçə ştatında qətnamə və proklamasiyalar ilə tanınıb. Amerika-Azərbaycan Cəmiyyətinin və “Pax Turcica” İnstitutunun səyləri ilə Nyu-York ştatının Senatı 1918-ci ildə Azərbaycanlıların Soyqırımını tanıyan J3784 nömrəli qətnaməni 2012-ci ildə, Nyu-Cersi ştatının Assambleyası isə analoji sənədi 2013-cü ildə qəbul edib. ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyası nəticəsində Azərbaycanlıların Soyqırımı Nevada ştatının qubernatorları Cim Qibsonun və Brayan Sandavalın 2009-2011-ci illərdə üç rəsmi proklamasiyası və 2011-ci ildə Texas ştatında konqresmen Con Zervasın qətnaməsi ilə də tanınıb.


Xatırladaq ki, tarixdə “1918-ci ilin mart günləri” adı ilə məşhur olan Azərbaycanlıların Soyqırımı Stepan Şaumyanın rəhbərlik etdiyi Rusiya bolşeviklərinin köməyi ilə Erməni İnqilabçı Federasiyasının (Daşnaksütyun) silahlı dəstələri tərəfindən Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və yaxınlıqdakı yaşayış məntəqələrində azərbaycanlı əhaliyə qarşı törədilib. Erməni millətçiləri tərəfindən Qubada amansızlıqla yüzlərlə yəhudi də məhv edilib. Dinc azərbaycanlı əhaliyə tutulan qanlı divan 1918-ci il martın 30-dan aprelin 3-dək davam edib. Azərbaycanlıların Soyqırımı 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qeyd olunub. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.




AZƏRTAC

Xəbər lenti

DAHA ÇOX XƏBƏR