ABŞ və Rusiyanın Azərbaycan uğrunda savaş ritorikası
Bizi izləyin

Nida.az

ABŞ və Rusiyanın Azərbaycan uğrunda savaş ritorikası

Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında Azərbaycanla bağlı savaş ritorikası başlayır.


Publika.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Xarici əlaqələr üzrə komitəsinin rəhbəri Aleksey Puşkov dünən ABŞ-ın Azərbaycandakı səfirliyini sərt şəkildə ittiham edib.


“Mənə elə gəlir ki, Amerikanın Bakıdakı səfirliyinin fəaliyyəti, o cümlədən onların fəaliyyətinin siyasi aspektləri bir sıra suallar doğurur. Axı Amerikanın xarici siyasətində “narıncı inqilab” tematikasını heç kim ləğv etməyib. Və mən hesab edirəm ki, ABŞ-ın bir sıra ölkələrdə “narıncı inqilabları” israrla dəstəkləməsi Azərbaycan rəhbərliyi tərəfindən ABŞ-la münasibətlərdə nəzərə alınır. Yəni bir tərəfdən, burada faydalı aspektlər ola bilər. Digər tərəfdən, ABŞ-la münasibətlər dövlət üçün çox təhlükəli olar”, - deyə Puşkov bildirib.


Rusiyadan bu açıqlamanın verilmə tarixi də maraqlıdır. Aprelin 8-də Bakıda Azərbaycan-ABŞ hərbçilərinin birgə konfransı keçirilib. Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində baş tutan konfransda iki ölkə arasında müdafiə sahəsində həyata keçirilən işlər və ikitərəfli əməkdaşlığın perspektivləri, “Azərbaycan Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il üçün İş Planı”nın layihəsi müzakirə edilib.

Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, eləcə də Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın Azərbaycandakı Hərbi Attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər.

Bu konfransla eyni gündə Puşkov mətbuat konfransı keçirib və məlum açıqlamalarla çıxış edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin cavabı isə eyni tonda olub və Rusiya ittiham hədəfinə çevrilib.


“Amerika Birləşmiş Ştatlarının Azərbaycanın suverenliyinə və müstəqilliyinə göstərdiyi uzunmüddətli dəstək yalnız sözlərdən ibarət deyil. Bizim həyata keçirdiyimiz fəaliyyətlər onu göstərir ki, biz Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın ən sabit və tərəqqili gələcəyini təmin etmək istəyirik. Rusiya Duması üzvünün verdiyi bu bəyanatlar əsassız və dəyəri olmayan bəyanatlardır. Yeri gəlmişkən, dövlət katibinin müavini Entoni Blinken martın 31-də Vaşinqtonda qeyd etmişdi ki, Rusiyanın öz ətrafında həyata keçirdiyi fəaliyyətlər beynəlxalq quruluşun əsasına təhlükə yaradır”, - deyə səfirlik virtualaz.org-un sorğusuna cavabında qeyd edib.

Görünür, dünyanın iki əsas bucağı arasında Cənubi Qafqazın ən güclü ölkəsi – Azərbaycan uğrunda savaş səngimək bilmir. Bu, faktiki olaraq Azərbaycanın nə dərəcədə əhəmiyyətli ölkə olduğunu da göstərir.


Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında bu savaş ritorikasını şərh edib.

Onun sözlərinə görə, ABŞ və Rusiya zaman-zaman Cənubi Qafqaz uğrunda müxtəlif formalarda müharibə aparıb: “Bu, birbaşa hərbi müdaxilə deyil. Lakin informasiya, söz atışması, yaxud siyasi rıçaqların işə düşməsi ilə müşahidə olunur. Puşkovun açıqlaması da bunu deməyə əsas verir. Rusiya Azərbaycanın onu ABŞ-a dəyişəcəyindən narahatdır. Rusiyanın düşdüyü indiki vəziyyətə görə mərkəzdənqaçma prosesi güclənib və artan xətlə davam edir. Bu gün post-sovet məkanına daxil olan ölkələrin təhlükəsizliyi ilə bağlı qarantı yoxdur. Ukraynaya müdaxilə edə bilən Rusiya istənilən ölkəyə hərbi güc tətbiq edə bilər. Çünki Rusiya artıq iqtisadi rıçaqlardan da imtina edib və daha çox müdaxilə yolunu tutur. Yumşaq güc siyasəti tükənir. Söhbət bu gün, yaxud sabah baş verəcəklərdən getmir. Ümumi mənzərə belə deməyə əsas verir. Hesab edirəm ki, Puşkovun bu açıqlaması rəsmi Bakıya “dostunu tanı” mesajıdır. Eyni zamanda, yoluna düşən Bakı-Vaşinqton münasibətlərinə hansısa formada zərbə vurmaq məqsədi daşıyır”.

N. Miri ABŞ səfirliyinin cavabını haqlı hesab edir. Onun sözlərinə görə, Puşkov öz fikrini heç nə ilə əsaslandırmır və bu diplomatiyada qəbul olunmayan etiketdir.


“Bundan başqa, Azərbaycanın reallaşdırdığı beynəlxalq enerji layihələrinə ABŞ-dan həmişə dəstək gəlib. Belə dəstək olmadan böyük layihələri həyata keçirmək bir qədər çətin olur. Bu baxımdan, Puşkovun açıqlamasını dezinformasiya hesab edirəm”, - deyə o vurğulayıb.


Politoloq ABŞ-Rusiya arasında aparılan Azərbaycan savaşının təəccüblü olmadığını deyib. Onun sözlərinə görə, hər iki tərəf bölgədə Azərbaycanın əhəmiyyətini yaxşı anlayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm