Rafiq Manaflı: “Müsavat bunu istəyirsə, Milli Şuranın tərkibinə daxil olmalıdır”
Bizi izləyin

Nida.az

Rafiq Manaflı: “Müsavat bunu istəyirsə, Milli Şuranın tərkibinə daxil olmalıdır”

“Müsavat Partiyası yürüş üçün icazə verilməyəcəyini bilə-bilə belə bir istək irəli sürdü. Əvvəldən hesablamışdılar ki, Bakı meriyası onlara “yox” deyəcək və bunlar da imtina edəcəklər”.


Bu iddia ilə Publika.az-a açıqlamasında Milli Şuranın üzvü Rafiq Manaflı çıxış edib.


“Müsavat yürüşə icazə verilməyəcəyini əvvəldən bilirdi”


O, aksiya öncəsi dövrdə sosial şəbəkələrdə və ya mətbuatda fəal təbliğatın olmadığını bildirib: “Bu baxımdan, Müsavatın yürüş taktikasını düzgün strategiya hesab eləmirəm. Təbii ki, bu, Müsavatın daxili işidir. Onlar öz maraqlarına uyğun siyasətlərini həyata keçirirlər. Amma Müsavatın bu formada strategiya ilə aksiya barədə qərar verməsini məqsədəuyğun hesab eləmirəm. Çünki Müsavat yürüşə icazə verilməyəcəyini əvvəlcədən hesablamışdı”.


“Müsavat bunu istəyirsə, Milli Şuranın tərkibinə daxil olmalıdır”


R. Manaflı Milli Şura ilə Müsavatın birgə mitinq keçirmək perspektivini də şərh edib.


“Milli Şura nə AXCP, nə də Müsavatdır. Bu qurum siyasi qüvvələrin birliyidir. Müsavat Partiyası AXCP və başqa partiyalar kimi bir partiyadır. Partiyalar koalisiyası ilə hər hansı partiyanın müştərək mitinq keçirməsini mümkün saymıram. Hansısa siyasi təşkilat partiyaların koalisiyası ilə prosesdə birgə iştirak etmək istəyirsə, həmin koalisiyaya qoşulmalıdır. Müsavatla Milli Şuranın tərəzinin eyni gözünə qoyulmasını düzgün hesab etmirəm. Müsavat Milli Şuranın daxilindəki partiyalarla, məsələn, AXCP və ya başqa partiyalarla ayrılıqda bərabərhüquqlu münasibətlər qura bilər. Amma Milli Şura ilə münasibət qurmaq istəyirsə, qurumun tərkibinə daxil olmaq haqda qərar qəbul edib ondan sonra münasibətləri tənzimləyə bilər”, - deyə o qeyd edib.


“Arif Hacılının yanaşması təkəbbürlüdür”


Milli Şura üzvü Müsavat başqanı Arif Hacılının mitinqlə bağlı quruma müraciətinə də münasibət bildirib: “Arif bəyin dedikləri öz partiyasının maraqlarına uyğun işlədilmiş ifadələrdir. Biz bir-birimizi 20 ildən artıqdır tanıyırıq. Arif Hacılının Müsavat Partiyası ilə Milli Şura adlı qüvvələr koalisiyasını eyni qüvvəli qurum kimi təqdim etməsi təkəbbürdür. Arif bəy özünə təkəbbürlü desə də, deməsə də, bu müqayisə təkəbbürlüdür”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm