“Azərbaycanda çox böyük güclərin iqtisadi mənafeyi var” - Yaqub Mahmudov
Bizi izləyin

Nida.az

“Azərbaycanda çox böyük güclərin iqtisadi mənafeyi var” - Yaqub Mahmudov

“Ukraynada yaranan böhranda Rusiyanın qalib gəlməsini gözləmirəm. Çünki Rusiya beynəlxalq hüquq normalarını kobud formada poza bilməz”. Bunu Publika.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, Ukrayna müstəqil dövlətdir və beynəlxalq təşkilatlarda təmsil olunur. Y.Mahmudov söyləyib ki, bu məsələdə dünya birliyi də Rusiya siyasətini ciddi qınaq obyekti olaraq seçib: “Güman etmirəm ki, Rusiya Gürcüstanda olduğu kimi, Ukraynada da qalib gələ bilsin. Digər tərəfdən isə Ukraynada problemin necə həll olunmasından asılı olmayaraq bəzi politoloqların söylədiyi kimi, bu məsələdə hətta Rusiya qalib gələcəyi halda da Azərbaycan üçün heç bir təhlükə görmürəm. Çünki Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür. İndi Azərbaycan heç bir xarici dövlətlərin diktəsi ilə öz xarici siyasətini müəyyənləşdirmir. Azərbaycan müstəqil və sözü keçən dövlətdir, BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrdəndir. Azərbaycan dünya üçün də maraqlı dövlətdir. Azərbaycanın karbohidrogen ehtiyatları Avropa ölkələrinin enerji ehtiyaclarının ödənilməsində çox mühüm rol oynayır. Azərbaycanda çox böyük güclərin iqtisadi mənafeyi var. Ona görə də bu gün Azərbaycanın suverenliyinə toxunmaq mümkün olmayan haldır”.

Y.Mahmudov həmçinin qeyd edib ki, Ukrayna Azərbaycanın ən sıx əlaqə saxladığı tərəfdaşıdır: “Bizim strateji müttəfiqimizdir. İki ölkə arasında olduqca sıx və qarışılıqlı münasibətlər mövcuddur. Ukrayna Azərbaycan üçün ən qədim dövrlərdən sıx əməkdaşlığı olan ölkələrdən biridir. Ukrayna qədim türklərin yaşadığı ərazi kimi Kırımda baş verənlərə laqeyd qalmalı tərəf deyil. Bizim çox sıx elmi əlaqələrimiz var. Ukrayna xalqının formalaşmasında qədim türk etnosları, xüsusilə qıpçaq türkləri iştirak ediblər. Krım qədim türk torpağıdır. Bu ərazini ələ keçirmək üçün Çar Rus İmperiyası uzun müddət mübarizə aparıb, Krım uğrunda qanlı müharibələr gedib. Nəticədə yerli dövlət olan qədim Krım Xanlığı aradan qaldırılıb. Sonradan isə SSRİ dövründə qarşılıqlı razılaşma əsasında Kırım Ukraynaya verilib. Düşünürəm ki, Ukraynanın ərazi bütövlüyü toxunulmazdır. Əgər dünyada yenidən ərazi məsələlərinə baxılırsa və bu cür ölkələrin suverenliyi pozularsa, o zaman dünyada ağır qarşıdurmalar yaranar.

Krım məsələsi Ukraynanın ərazi bütövlüyü konteksində həll olunmalıdır. Digər tərəfdən isə bu məsələdə Krım türklərinin arzusu mütləq nəzərə alınmalıdır. Çünki Krım türkləri öz torpaqlarının sahibidir. Bildiyim qədər, Krım türkləri də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Mən tarixçi olaraq Krım türklərinin bu arzusunu da siyasi baxımdan düzgün sayıram. Ukraynanın ərazi bütövlüyü konteksində Krım türklərinin arzu və istəkləri də əsas götürülməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm