• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Milli Məclisin nümayəndə heyəti Yaponiyada səfərdə olub

  • Nida.az
  • 25 Aprel 2015 22:14
  • 309 Baxış
Milli Məclisin nümayəndə heyəti Yaponiyada səfərdə olub

Yaponiyada səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti aprelin 25-də Hiroşima şəhərinə gəlib.

Publika.az-ın məlumatına görə, əvvəlcə qonaqlar Hiroşima Sülh Memorial Parkı ilə tanış olublar. Hiroşima şəhər merinin müavini Nişito Kouci məlumat verib ki, park 1945-ci ildə atom bombardmanı nəticəsində tamamilə məhv olmuş Nakacima dairəsinin ərazisində yerləşir. Ümumi sahəsi 12 hektardan çox olan parkın ərazisində Memorial Sülh Muzeyi, çoxsaylı abidələr, mərasimlər zəngi və kenotaf var.

Burada yerləşən “Sülh məşəli” abidəsində alov onun inşa edildiyi 1964-cü il avqustun 1-dən etibarən fasiləsiz olaraq yanır. Onun müəlliflərinin ideyasına görə, bu məşəl “Yer kürəsindəki bütün atom bombaları həmişəlik ləğv edilməyincə” yanacaq. Bildirilib ki, parkla üz-üzə, Ota çayının digər sahilində partlayışdan sonra Hiroşimanın mərkəzində salamat qalmış azsaylı binalardan biri Qembaku Günbəzi yerləşir.

Milli Məclisin sədri Oqtay Əsədov atom bombasının təsiri nəticəsində həlak olmuş insanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Sonra Azərbaycan parlamentinin nümayəndə heyəti parkda yerləşən Memorial Sülh Muzeyi ilə tanış olub. Muzeyin girişində qonaqlara Hiroşima faciəsindən bəhs edən müxtəlif nəşrlər təqdim olunub.

Məlumat verilib ki, muzey iki korpusdan ibarət olan kompleksdən ibarətdir. Baş korpusda Yaponiyanın atom bombardmanı ilə bağlı çoxsaylı eksponatlar partlayışın müdhiş nəticələri, yanğınlar, yüksək radiasiya yoluxmaları və şüa xəstəlikləri barədə tam təsəvvür yaradır.

Şərq korpusundakı ekspozisiya isə Yaponiyanın II Dünya müharibəsində iştirakı, nüvə əsri haqqında ümumi məlumatları, müxtəlif görüntüləri, fotoşəkilləri özündə birləşdirir.

Azərbaycan nümayəndə heyəti fəxri qonaqlar zalında atom bombardmanının canlı şahidi olmuş xanım Matsumoto Tomiko ilə görüşüb. Faciə zamanı nənəsindən başqa bütün ailə üzvlərini itirmiş Matsumoto Tomiko bu barədə qonaqlara ətraflı məlumat verib. O, uzaq məsafədən Yaponiyaya gəldiklərinə, vaxt tapıb Hiroşimanı və buradakı Sülh Memorial Muzeyini ziyarət etdiklərinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, həmin dəhşətləri canlı yaşamış bir insan olaraq o, Yer üzündə müharibələrin, insanların məhv edilməsinin birdəfəlik dayandırılmasını arzulayır.

Faciə barədə ətraflı məlumata görə M.Tomikoya təşəkkürünü bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, onun kimi insanların yaşaması və yeni nəslə baş verən faciə barədə danışması bütün insanlığa çox böyük xidmətdir.

Sonra Milli Məclisin sədri Oqtay Əsədov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Bununla da Milli Məclisin nümayəndə heyətinin Yaponiyaya səfəri başa çatıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR