Müsavat partiya sənədlərinə aydınlıq gətirdi - SAXTAKARLIQ
Bizi izləyin

Nida.az

Müsavat partiya sənədlərinə aydınlıq gətirdi - SAXTAKARLIQ

Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiya üzvlüyü haqda saxta üzvlük vəsiqələri haqda bəyanat yayıb.


Publika.az-a daxil olan bəyanatda G. Aslanlı bildirir ki, Müsavat Partiyasının ölkədə və xaricdə nüfuzundan istifadə edərək, bəzi işbazlar müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara o ölkələrdə oturum almaqdan ötrü Müsavat Partiyası adından saxta sənədlər verirlər: “Belə hallar haqda bizə məlumat verildikdə partiya tərəfindən gərəkli addımlar atılmasına baxmayaraq, mühacirlərin təhlükəsizliyi naminə bu məsələlər bizim tərəfimizdən ictimailəşdirilməyib. Lakin son vaxtlar bu tipli məsələlərdən biri bizdən asılı olmayaraq ictimailəşdirildiyi, partiyanın və tanınmış hüquq müdafiəçilərindən birinin adının yersiz hallandırıldığı üçün biz məsələyə aydınlıq gətirməyi zəruri sayırıq”.


G. Aslanlı qeyd edib ki, Avropaya gedən Elnur Aydın oğlu Mirzəyevin adından Belçikanın Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsi, arayış və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına göndərilmiş surətləri araşdırılıb və saxta olduğu təsdiq olunub.

“Müsavat Partiyası tərəfindən Elnur Mirzəyevin adına verilməsi iddia edilən Müsavat Partiyasının 1216 saylı vəsiqəsi Müsavat Partiyasına məxsus deyil və saxtadır. Müsavat Partiyası tərəfindən verildiyi iddia olunan 10 noyabr 2014-cü il tarixli 92 saylı arayış partiyanın son illərdə istifadə etdiyi xüsusi blankda yazılmayıb, Müsavat Partiyası başqanının müavini kimi mənim adım və soyadım göstərilsə də, mənə məxsus imza və partiyanın möhürü saxtalaşdırılıb. Müsavat Partiyası tərəfindən verildiyi iddia olunan 01 aprel 2015-ci il tarixli 314 saylı “Elnur Mirzəyev barədə” sənəd də yuxarıda göstərilən formada saxtalaşdırılıb (arayış partiyanın son illərdə istifadə etdiyi xüsusi blankda yazılmayıb, Müsavat Partiyasının başqan müavini, İcra Aparatının rəhbəri kimi mənim adım və soyadım göstərilsə də, mənə məxsus imza və partiyanın möhürü saxtalaşdırılıb). Bizə təqdim olunan arayış və “Elnur Mirzəyev barədə” sənədin surətinin araşdırılması zamanı orada göstərilən tarixlərdə və saylarda Müsavat Partiyası tərəfindən hansısa bir arayışın və sənədin verilmədiyi aşkar olunub. Yaydığımız bu bəyanatda Müsavat Partiyasının istifadə etdiyi xüsusi blankın, möhürün və mənim şəxsi imzamın orijinalı ilə Elnur Mirzəyevlə bağlı bizə təqdim olunan sənədlərdə istifadə olunan xüsusi blankı, möhürü və imzamı müqayisə edib, fərqləri görmək mümkündür.

Beləliklə, Belçika Miqrasiya İdarəsinə Elnur Aydın oğlu Mirzəyevin adından təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına ünvanlanan surətlərinin tədqiqi nəticəsində bu sənədlərin Müsavat Partiyası tərəfindən deyil, işbazlar tərəfindən saxta yolla hazırlandığını bir daha bəyan edirik”, - deyə G. Aslanlı diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm