• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Arif Məmmədovun psixoloji problemləri var"

  • Nida.az
  • 3 İyun 2015 20:54
  • 1 716 Baxış
"Arif Məmmədovun psixoloji problemləri var"

Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı və İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Arif Məmmədovun sosial şəbəkədə Azərbaycan dövlətini və xalqını aşağılayan fikirləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Məsələyə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Arif Məmmədovla ilk tanışlığı NATO-nun Brüsseldə keçirilən tədbirində olub. Onun sözlərinə görə, həmin vaxt Azərbaycanın NATO-dakı səfiri Kamil Xasıyev idi:

“Bizi səfirliyə çay süfrəsinə dəvət etdilər. Orada Arif Məmmədov qeyd etdi ki, vaxtilə Kamil Xasıyevlə birgə Moskvada həbəş dili üzrə təhsil alıblar. O, hər ikisinin burada səfir olmasını qeyd etdi və bunun əhəmiyyətli bir hadisə olduğunu diqqətə çatdırdı. Ona xeyli vaxt səbirlə qulaq asdıqdan sonra dedi ki, müəyyən tədbirlərdə öz aralarında həbəş dilində danışırlar və onları heç kim başa düşmür. Həmin an gördüm ki, Arif Məmmədov da psixoloji problem var. Ona sual etdim ki, Azərbaycan dilində danışsanız, sizi kimsə başa düşəcək? Yaxud, sakitcə ingiliscə danışın, kimsə gəlib ağzınıza qulağını dayamayacaq ki. Amma buna baxmayaraq, o, yenidən hər ikisinin burada səfir olmasının dövlət üçün əhəmiyyətli olduğun danışırdı. Mənə elə gəlir ki, o insanda psixoloji problemlər var. Xalqı təmsil edən bir diplomatın, başqa fikirlərini bir kənara qoyuram, “mən gəlirəm, Azərbaycanda yaşaya bilmirəm, nəfəs ala bilmirəm” və sair bu cür aşağılayıcı fikirlər səsləndirməsi onun həqiqətəndə psixoloji problemlərinin olmasının göstəricisidir”.

"Milli Məclis kimi bir orqanı xarici işlər nazirliyi saymır"

Q.Həsənquliyev dəfələrlə xarici işlər nazirini tənqid etdiyini diqqətə çatdırıb: “Qeyd etmişəm ki, o, yerində olmayan adamdır və nazirliyin işini qura, əməkdaşlarına nəzarət edə bilmir. Təəssüflər olsun ki, çoxları mənim bu fikirlərimi qəbul eləmək istəmir. Başqa bir misal çəkim. Bu yaxınlarda parlamentari kimi Londona səfərim olacaqdı. Bununla bağlı Milli Məclisin beynəlxalq şöbəsindən xarici işlər nazirliyinə rəsmi məktub göndərilmişdi ki, Qüdrət Həsənquliyev Londondakı səfirliyin əməkdaşları tərəfindən qarşılansın, müvafiq mehmanxanaya qədər müşayiət olunsun. Amma heç kim məni qarşılamadı. Sonradan səfirlə əlaqə saxladım, o heç bir məktubun göndərilmədiyini dedi. Milli Məclis kimi bir orqanı xarici işlər nazirliyi saymır.

Hətta bu barədə Romaya səfərimiz zamanı da söyləmişdim. Bildiyiniz kimi, Milli Məclis və İtaliya parlamenti ilə birgə multikulturalizm mövzusunda tədbir keçirirdi. Azərbaycanın İtaliyadakı səfiri həmin tədbirdə yarım saat oturub getdi. 3 gün ərzində biz orada olduq, heç oteldə gəlib bir dəfə də maraqlanmadı. Tədbirdə Milli Məclis nümayəndələri ilə yanaşı, komitə sədri, Prezidentin müşaviri də iştirak edirdi. Səfir heç onlarla da maraqlanmadı. Bu da onu göstərir ki, bu qurum tərəfindən nə Milli Məclisə, nə dövlət qurumlarına hörmət qoyulmur. Bu qurumun idarə olunmasında və əməkdaşlarına nəzarət edilməsində çox ciddi problemlər var. Düşünürəm ki, müvafiq vəzifəli şəxslər və hökumət bu barədə artıq ciddi qərarlar qəbul etməlidir. Bunu zamanı artıq çoxdan gəlib çatıb”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR