Trampdan “vodka”ya xəyanət: Rusiyaya qarşı yeni müharibə cəbhəsi - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Trampdan “vodka”ya xəyanət: Rusiyaya qarşı yeni müharibə cəbhəsi - TƏHLİL

ABŞ Rusiyaya qarşı münasibətləri yumşaltmayacaq; Putinə Şərqi Avropa üzərində nəzarəti gücləndirmək imkanı verilməyəcə.

“Nə əbədi müttəfiq olur, nə əbədi düşmən, yalnız milli maraqlar əbədidir” teoremi bir daha təsdiqini tapdı. Və artıq məlumdur ki, Putinin dost deyib, bağrına basdığı, rus torpaqlarında dəfələrlə “vodka”ya qonaq etdiyi Donald Tramp “hər şey çayı keçənə qədərdir” prinsipini başı üzərində dalğalandırır.

ABŞ Rusiyaya qarşı münasibətləri yumşaltmayacaq; Putinə Şərqi Avropa üzərində nəzarəti gücləndirmək imkanı verilməyəcək; Ukrayna rusların ağuşuna atılmayacaq; dünya elə Obamadan qalan dünya olacaq və hətta yeni qarşıdurmalar, münaqişələr, toqquşmalar və siyasi oyunlar dövrü başlanacaq.

Üç gün sonra and içərək, Amerikanın başına keçəcək Donald Trampla bağlı Rusiyanın əlində şantaj görüntülərinin olması haqqında informasiya mediada işıq üzü görəndən sonra dünyanın gələcəyi haqqında nikbin düşünmək çətindir.

Bəli, Rusiyanın ABŞ-da prezident seçkilərinə kiber müdaxiləsi və Donald Trampın qələbəsinə imkanlar yaratması haqqında kəşfiyyat araşdırmalarının başlaması yox, məhz Trampın şəxsiyyətinə yönələn “şantaj materialları”nın olması haqqında informasiya proqnozların istiqamətini dəyişdirdi: Nə ruslar, nə Trampın qələbəsini şəxsi zəfərləri kimi qəbul edən ölkələr, nə də dünyanın özü Hillari Klintonun məğlubiyyətinə sevinməsin.

2017-ci il başlayan kimi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), Milli Təhlükəsizlik Agentliyi və Federal Tədqiqatlar Bürosunun məruzəsi peyda oldu: Rusiya Demokratlar Partiyasının seçki qərargahına kiber müdaxilə edərək, Hillari Klintonun zəfər qazanmasına maneələr törədib. İlk ortaya çıxan sual bu idi ki, “Trampın qələbəsi ləğv olunacaqmı?”. Cavab tam olaraq “bəli” olmasa da, Amerikada qüvvələrin pərdəarxasında siyasi oyunlar oynadığı məlum idi, lakin bütün diqqət böyük mənzərədə görünən suala yönəldiyi üçün bu oyunun ola biləcəyi ehtimalı tabloda kiçik detal kimi görünürdü.

Tramp və seçki qərargahı “müdaxilə” iddiasına sərt şəkildə etiraz etdilər: “Rusiyanın müdaxiləsi haqqında heç bir sübut yoxdur”. Ümumi cavab belə oldu. Əslində həqiqətən də rusların müdaxiləsi haqqında hər-hansı sübut yoxdur. Bəs Amerika kəşfiyyatının birbaşa iştirak etdiyi bu “ciddi araşdırmalar” nəyə hesablanmışdı?

Donald Trampın seçki öncəsi Rusiya haqqında verdiyi vədləri geri götürməsinə. Aydın şəkildə görünən ilk cavab budur.

Bu cavab həm də ona görə aydındır ki: seçkilərin nəticələrinə müdaxilə edildiyi tezisi üzərində dayanaraq, nəticələri ləğv etmək ilk növbədə respublikaçı seçicilərin etirazını gözə almaq deməkdir; belə bir şey Amerika daxilində ciddi qarşıdurma və xaosa səbəb ola bilər; bununla yanaşı, ABŞ kəşfiyyatı illərdir yaratdığı “ən güclü təhlükəsizlik qalxanı” tezisini rusların kibermüdaxiləsi ilə yarıldığını qəbul etmiş olar ki, bu da gələcək üçün mənfi tendensiyaların yaranması deməkdir, həmçinin, “super güc” idealogiyasına ziddir.

Bu baxımdan, “müdaxilə” təbliğatı Donald Trampın bunu qəbul etməsinə qədər davam etdirildi. Trampın cavabı belə oldu: “Rusiyanın seçkiyə müdaxiləsi mümkündür, lakin nəticələri ABŞ xalqı müəyyən edib”.

Seçicinin iradəsinə kölgə salınmadan, “müdaxilə” təsdiq olundu. Burada diqqət çəkən əsas detallardan biri isə Donald Trampın “müdaxilə”ni qəbul etdiyi gün Konqresdə onun prezident seçildiyinin təsdiq olunması idi. Bu detal da sübut edir ki, “seçkiyə müdaxilə” tezisi nəticələrin ləğvinə yox, Trampdan ilk anti-Rusiya ifadəsinin alınmasına hesablanmışdı.

- Rusiyanın seçkiyə müdaxiləsini dolayısı yolla qəbul edən Trampın Ağ Evə köçəndən sonra Putinə hər-hansı güzəştə getməsi, amerikalıların “onlar əlbirdir”, yaxud “bizim prezidentimiz Putinin agentidir” ittihamlarını gündəmə gətirəcək. Beləliklə Tramp və komandasının Rusiya ilə daha ehtiyatlı və məsafəli siyasət aparması təmin olunur.

(Məsələnin əks tərəfi, yəni Trampın razılığı ilə oyunun qurulması ehtimalı da gözardı edilməməlidir. Bu haqda bir az sonra).

Trampın dilindən çıxan “mümkündür” kəlməsi gələcək siyasətə yön verdi. Lakin bu, tam qarantiya demək deyildi. Çünki Tramp bir müddət sonra ictimai rəyi dəyişdirə və istədiyi siyasəti yürüdə bilərdi. Deməli ikinci dalğa olacaqdı.

İkinci dalğa: “Donald Tramp Rusiyaya səfərləri zamanı elit “eyş-işrət” məclisləri qurub və bu məclislərin görüntüləri Kremlin əlindədir”. Bu informasiya Tramp üçün gözlənilməz oldu və o, dərhal Kremlin təkzibinə qoşuldu. Lakin informasiya artıq gündəmə düşmüşdü və bütün təkziblərə baxmayaraq, şüurun alt qatında özünə yer etdi. “Birinin üstünə palçıq at, o, təmizləyənə qədər hər kəs onu üstü palçıqlı görəcək”. 70 yaşlı “amerikalı oğlanın” düşdüyü vəziyyət bu idi. Hər kəs artıq onu “üstü palçıqlı” görmüşdü. Və nəticəsi oldu da. Yeni administrasiyada dövlət katibi postunu tutan, vaxtilə Putinlə ən səmimi münasibətlərə malik olan və Kremlin sahibindən orden belə qəbul edən Reks Tillerson Senatda bu sözləri dedi: “Rusiya Ukraynaya soxulub və Krımı işğal edib”. Bütün daşlar yerinə oturmağa başladı: Trampın seçki öncəsi “Krımın ilhaqını tanıyacağı” haqqında vədlərinin üzərindən xətt çəkildi; o, daha Putinlə ən kiçik məsələdə belə razılığa gəlməsi çətin olacaq, əks təqdirdə, “şantaj görüntüləri” gündəmə gətiriləcək.

Üçüncü dalğa: andiçmə mərasiminə beş gün qalmış ABŞ-da Tramp əleyhinə aksiyalar başladı və bu aksiyalar yanvarın 20-də - andiçmə mərasimin olacağı gün də davam edəcək. “Ədalət yoxdursa, deməli, sülh də yoxdur”. Etirazçıların əsas şüarı belədir. Aksiyanın məqsədi azlıqların hüquqlarına hörmətlə yanaşılması və Donald Trampın prezidentliyi dövründə “Pasiyentlərin müdafiəsi və əlçatan tibbi xidmət haqqında” Qanunu (Obamacare) ləğv etməsinin qarşısını almaqdır. Bu, Amerika ictimaiyyətinin nöqteyi-nəzərindən belə görünür. Lakin siyasi oyunlar fonunda “Ədalət yoxdursa, deməli, sülh də yoxdur” şüarını başqa cür də oxumaq olar: Ədalətsiz Putinlə anlaşma sülh gətirməyəcək. Öz hüquqlarını qorumaq üçün küçələrə çıxmış amerikalıların üzərindən Trampa bu mesaj verilir. Görünür, “dərin Amerika” yeni prezidenti sona qədər sıxmaq niyyətindədir.

***
Məsələyə bu kontekstdə baxış “Donald Trampın “dərin Amerika”nın namizədi olmadığını və planlarına zidd seçildiyi” fikrini önə çıxarır. Bu fikir iki səbəb görə, təsdiq oluna bilərdi:

1. Hillari Klintonun seçki öncəsi vəziyyəti və dünyanın gələcəyi haqqında gözləntilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2. Obamanın, yəni demokratların siyasəti İsrailin ziddir və Amerikada kök atmış, bu ölkəyə böyük təsirə malik olan “yəhudi gücü” “dərin Amerika”nı təmsil edən anqlosaksonlara qarşı müharibə elan edir. Nəticədə gözlənilmədən Tramp seçilir və “dərin Amerika” məğlub olur. Trampın İsraillə bağlı səsləndirdiyi bəyanatlar və İranla bağlı vəd etdiyi siyasət bu ehtimalı gücləndirirdi.

Bu və digər faktorlar Trampın gözlənilmədən qalib gəldiyini və bu gün Amerika daxilində aparılan anti-Tramp (dolayısı ilə anti-Putin) kampaniyasının yeni prezidenti “planlardan çıxmamağa və deyiləni etməyə” məcbur etmək olduğunu deməyə əsas verir. Və “dərin Amerika” istəyinə nail olur.

Lakin “böyük siyasətdə təsadüflərə yer yoxdur” teoremi burada diqqətdən qaçmır. Ola bilərdimi ki, 1898-ci ildə ABŞ-İspaniya müharibəsi ilə Sakit okeanda hökmran haqqını qazanaraq, imperialist mərhələsinə qədəm qoyan və fövqəldövlət olmaq planlarına start verən Amerika 150 il sonra öz siyasətindən əl çəksin?! Doğrudanmı, I Dünya müharibəsi zamanında olan şərtlərin yarandığı dünyada Amerika gələcəyini bir “qızıl saçlı dəli oğlana” qurban verə və hər şeyi rusların öhdəsinə buraxaraq, “böyük ada” siyasətinə geri dönə bilərdi?!

Cavabda ümumiləşdirilmiş “hər şey ola bilər” deyimi belə qəbul edilən deyil. Əslində bütöv mənzərə çox qarışıq görünür, yalnız bir məqam aydındır: superdövlət olan, yaxud rusların təbirincə desək, buna iddia edən Amerika siyasətində təsadüflərə yer yoxdur və burada hər şeyin lap öncədən planlı şəkildə aparıldığı iddiası güclənir. Trampın təsadüfən seçilməsi 11 sentyabrın təsadüfən baş verməsi qədər təsadüfdür. Məsələni konkret bu cür qoymaq olar.

Hələ Donald Trampın namizədliyi təsdiq olunanda Hillari Klintonun qalib gələcəyi proqnozlaşdırılırdı. Klintonun rəqibinin Tramp olması da onun zəfərini şərtləndirirdi. Bütün Amerika və dünya Hillarini təbrik etməyə hazırlaşdığı dövrdə düşündürücü olan iki məsələ də baş verənlərin arxasından boylanırdı:

1. Demokratlar üçüncü dəfə ölkəyə rəhbərlik edəcəksə, bu ABŞ-da iki partiya arasında “növbələşmə ənənəsini” pozur.
2. Dünyada müharibələrin, münaqişələrin getdiyi bir vaxtda ABŞ-a “müharibə partiyası” olan respublikaçıların rəhbərlik etməsi daha zəruri görünür.

Lakin buna rəğmən, respublikaçıların daxilində güclü və təcrübəli siyasətçilər deyil, məhz biznesmen və siyasi təcrübəsi olmayan Donald Tramp namizəd olaraq önə çıxır. Respublikaçılar bilərəkdənmi seçkidə məğlub olmaq niyyətində idi? Hazırda proseslərin aydınlaşması hesab etməyə imkan verir ki, hər şey əvvəldən planlaşdırılıb, elə respublikaçıların namizədinin məhz Tramp, “Putinin dostu” imicini qazanmış şəxs olması da məqsədli şəkildə baş verib.

Çünki: Obamanın “qınına çəkilmə” və proseslərə kənardan müdaxilə siyasəti amerikalı əsgərin qurban getməməsinə səbəb olmaqla yanaşı, Rusiyanın qlobal siyasətdə daha aktiv rol almasına gətirib çıxartdı; birbaşa müdaxilə siyasətinə üstünlük verən respublikaçıların Ağ Evə köçünün başlanmasının vaxtı çatmışdı; lakin yeni prezident heç kimin tanımadığı şəxs, hətta siyasətdən uzaq biri olmalı idi.

Çünki: hər kəs “təhlükənin sovuşduğunu” düşünməli və rahat nəfəs almalı idi; bu Amerikaya “gözlənilməz zərbələr” endirmək imkanı yaradır; xüsusilə, yeni prezidentin “Putinin dostu” olması Rusiyanın arxayınlaşmasına və müdafiəsiz vəziyyətə gəlməsinə səbəb ola bilərdi.

Burada “Ortada iki namizəd var. Biri hücum, işğal və müdaxilə siyasətini açıq şəkildə dəstəkləyən Hillari, digəri əməkdaşlığa meylli, mülayim, yola gətirilməsi asan olan Tramp. Rusiya, Çin, yaxud elə bölgədə güclənən Türkiyə üçün ikinci sərfəli görünür.
Beləliklə; işğalçı və imperialist obrazı güclənən Amerika əməkdaşlığa açıq Trampla mülayim imicini bərpa edir; Əks cəbhədəki ölkələr açıq müdaxilə siyasətini aparan demokratlardan xilas olmağın sevincinə qapılaraq, yeni Amerika ilə ehtiyatlanmadan, çəkinmədən və rahat şəkildə əməkdaşlığı gücləndirirlər
.
Və bunun üçün məhz Trampın – bütün medianın qarşı çıxdığı, haqsızlığa uğrayan, “dərin Amerika”nın dəstəyindən mərhum olan, lakin öz yolunda prinsipiallığı ilə addımlayan namizədin qələbəsi lazım idi. Başqa cür inandırıcı ola bilməzdi. Trampın “uğur hekayəsi” bundan ibarətdir. “Dərin Amerika” bu hekayə altında yeni və fərqli müdaxilə siyasəti yaradır” tezisi bir daha təsdiqini tapır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu kontekstdən çıxış edərkən daha aydın görünür ki, anti-Tramp kampaniyası yeni prezidentin özü ilə razılaşdırılıb.

1. Prezident postuna əyləşəndən sonra Tramp Putinlə danışıqlar masasında “ABŞ-da hər kəs sənə görə məndə şübhələnir” deyərək, verdiyi vədlərdən daha asanlıqla imtina edəcək.

2. Səninlə razılaşsam, hər kəs “intim görüntü” məsələsinə inanacaq.

3. “Xalq mənə etiraz edir, səninlə razılaşa bilmərəm” sözünü Putinin üzünə söyləyə biləcək.

Obamanın getməyə hazırlaşdığı vaxt Putinə qarşı sanksiyaları gücləndirməsi də Tramp üçün daha rahat siyasət meydanının yaradılması ehtimalını artırır. O, Putinlə danışıqlar masasında yuxarıda sadalanan fikirlərlə yanaşı, “Mən sanksiyaları ləğv etməyə, yaxud yumşaltmağa çalışaram, lakin əvəzində sən nə verəcəksən?” deyə biləcək.

Və artıq bunu dilə gətirdi də. Tramp nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazır olduğunu açıqladı.

Göründüyü kimi, hər iki halda - məsələnin “təsadüf”, yaxud “təsadüf olmayan” tərəflərində Putini çətin gələcək gözləyir. Lakin bu gələcək həm də bütövlükdə dünya üçün də yaşanacaq. Nə baş verəcək, yaxud baş verə bilər?

Rusiyaya qarşı mümkün ssenarilər

a) Ukrayna tələbi: Tramp administrasiyasının Putinə ilk şərti Ukrayna ilə bağlı olacaq. Məsələ heç də Krımın yenidən Kiyevin nəzarətinə qaytarılmasında yox, Şərqi Ukraynadakı müharibənin dayanmasından və Donetks və Luqanskın qaytarılması, yaxud ən azından, Rusiyanın bu bölgələrdə yaradılan separatçı rejimlərə dəstəyini dayandırmasından gedir. Digər tələb Avropaya çıxışı demək olar ki, dayandırılmış Rusiya qazının Ukrayna üzərindən tranzitinin bərpası ola bilər. Yeni dövlət katibinin ömrü boyu “Exxon Mobil” enerji şirkətinə rəhbərlik etmiş Reks Tillersonun gətirilməsi də bu baxımdan diqqət çəkir. Tillerson enerji siyasətindəki təcrübəsindən istifadə edərək, Moskvanı razı salmağa çalışacaq.

b) “Enerji müharibəsi”: ABŞ-Rusiya qarşıdurmasında enerji faktoru xüsusi yer tutur. Təsadüfi deyil ki, Maydanın təşkilinin ilk səbəblərindən biri Rusiyanın Avropanı “qazda boğmaq” təşəbbüsləri idi. İllər öncə - onda hələ Yanukoviç Kiyevdən qaçmamışdı, slavyanların asi oğulları Maydanda yatmağa başlamamışdı – qışın soyuğu Avropa üçün kabusa çevrilməyə başladı. Rusiya qaza istədiyi qiyməti qoyur, istədiyi vaxt “vinti” bağlayırdı. Qərbin buna qarşı “Nabukko” planı baş tutmadı. Bakı və Ankara birgə addımlayaraq, Avropaya Cənub Qaz Dəhlizi alternativini təqdim etdilər və Azərbaycan ABŞ-ın gözündə Rusiyaya qarşı enerji alternativi oldu. Təbii ki, Azərbaycanın qaz ehtiyatları qoca Avropanın donunu açmağa çatmayacaqdı. Plana görə, Rusiyadan imtina ediləcək, Kreml zəiflədiləcək və Transxəzər layihəsi ilə türkmən qazı Bakı sahillərindən Avropaya daşınacaqdı. Təxminən bir əsrdir Avropanın təhlükəsizliyinin təminatçısına iddialı olan ABŞ ən azından şist qazını bazara çıxarana qədər, buna ehtiyacı var idi. Lakin burada daha güclü siyasi hədəflər də var idi. Bakı öz payına düşən işi sırf mili maraqlar çərçivəsində, Rusiya ilə heç bir qarşıdurmaya getmədən həyata keçirməkdə davam edir. Bu oyunda zəifləyən tərəf ABŞ oldu. Obama getməyə çox tez hazırlaşmağa başladı, Yaxın Şərq ön plana çıxdı, Avropada baş verən “Brexit” isə daşları yerindən oynatdı. Rusiya bu situasiyada qabağa düşməyi bacardı. Şərqi Avropada tranzit ola biləcək bir çox ölkədə təsirini artırdı, xüsusilə ABŞ-ın alternativ olaraq gördüyü Azərbaycan qazının Avropa sahillərinə çıxacağı Yunanıstanda vəziyyəti xeyrinə dəyişdi. Solçu Çipras hökuməti mərkəzdənqaçma siyasətinə ağırlıq verdi və Kremlə yaxınlaşdı. İqtisadi defoltla Çiprası müəyyən mənada geri çəkilməyə məcbur etdilər. Lakin Kremlin yunanlar üzərində təsirinin qaldığı faktdır. Rusiya bununla ABŞ-ın alternativ olaraq gördüyü mənbədən çıxan qazın Avropaya çatdırılmasının qarşısını almaq niyyətindədir. Buna paralel olaraq, Ukraynadan yan keçəcək alternativ kəmərlər də rusların gündəmindən düşməyib. Putin hələ iki il öncə Ankarada “Cənub axını”nı “Türk axını”na çevirəndə bunu sübut etdi. Lakin rus təyyarəsinin Türkiyə tərəfindən “vurulması” ilə bu təxirə salındı, yalnız iki il sonra tərəflər yenidən bir masa arxasına gələrək, uzlaşmaq yolunda danışıqlar aparırlar. Bununla yanaşı, Rusiya “Şimal axını -2” layihəsi ilə qazı şimali Avropaya çıxarmağı da düşünür. Bütün bunların fonunda Ağ Evin yeni rəhbərlərinin enerji faktoruna xüsusi önəm verməsi, ABŞ-ın xarici siyasətinə məhz enerji sektorunda “can qoymuş” Tillersonun gətirilməsi diqqət çəkir. Diqqətdən yayınan detallardan biri isə yanvarın 10-da, Trampın andiçməsinə 10 gün qalmış Rusiyanın Yunanıstandakı səfirliyinin konsul bölməsinin rəhbəri Andrey Malanin Afinadakı evində ölü tapılması idi. Andrey Karlovun qətlindən sonra baş verən bu “təbii ölüm” səfirlərin qətli seriyasından daha çox, Putinin “sirr küpü” hesab olunan “Rosneft” şirkətinin rəhbərinin müavini Oleq Erovinkinin ölümü fonunda diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Görünür, arxa planda “enerji müharibəsi”nə start verilib və bu müharibədə kurator rolunda Tramp yox, məhz Putinin sinəsinə orden taxdığı Tillerson çıxış edəcək.

Bu proseslər fonunda “Qazprom”un Gürcüstanla anlaşması da gözardı edilməməlidir. Rusiya SOCAR-ın əsas oyunçu olduğu gürcü bazarına daxil olmaq istiqamətində yavaş-yavaş irəliləyir. Tərəflər demək olar ki, əsas məsələlərdə razılaşıb. Hansı ki, ötən ilin ilk aylarında rəsmi Bakı bu prosesin qarşısını almağı bacarmışdı.

Hazırda ruslar gürcü bazarına ilk addımlarını basmış hesab oluna bilər. Bu, NATO-nun Cənubi Qafqazda güclənməsinə qarşı gürcüləri səfərbər etmək planları ilə yanaşı, bütövlükdə bölgədə Amerika təsirini yoxa çıxarmaq hədəfinə hesablanıb. Amerika Cənubi Qafqazda Rusiya təsirlərinin azalmasına xüsusi diqqət verə bilər. Bu, gələcəkdə Mərkəzi Asiyaya çıxış və Çinə qarşı mübarizədə əhəmiyyətli faktordur.

c) Şərqi Avropada yeni cəbhə: Putinin Donetsk və Luqansk tələbi ilə razılaşmayacağı məlumdur. Bunu amerikalılar da yaxşı bilirlər. Lakin bu tələbi irəli sürmək gələcək hədəflərə hesablanıb: təxminən 10 gün öncə 4 min amerikalı hərbiçi böyük miqdarda hərbi texnika ilə Avropaya göndərildi. Kanada və Qərbi Avropa ölkələrinin də daxil olduğu hərbi kontingent Baltikyanı ölkələrindən başlamış, Polşaya qədər Rusiya sərhədlərinə yerləşdirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın bu həmləsinin iki hədəfi var:

- Prezident kim olursa, olsun, Amerika avropalı müttəfiqlərinin təhlükəsizliyini qorumaq vədinə sadiqdir.
- Trampın Putinə aparacağı danışıqlarda Rusiyaya təzyiq etmək.

Lakin burada bir məqam xüsusilə seçilir: Amerika əsgəri “soyuq müharibə”dən sonra ilk dəfə Rusiya sərhədinə qədər irəliləyib. Bu həm də Obamanın “qınına çəkilmə” siyasətindən sonra, ABŞ ordusunun ölkə hüdudlarından sonra ilk böyük miqyaslı hərbi təlimi olacaq. Hansı ki, məkanı məhz Rusiya sərhədidir.

Bu amillər Şərqi Avropada Rusiyaya qarşı yeni müharibə cəbhəsinin açıla biləcəyi ehtimalını gücləndirir. Görünür ki, respublikaçıların məsələni kökündən həll etmək niyyətindədir.

Rusiya sanksiyalar və Şərqi Avropada müharibə ilə zəiflədiləcək. Hətta Kreml ABŞ-ın Ukrayna ilə bağlı şərtlərinə razılaşsa belə (bu olduqca çətin görünür) yeni müharibə qaçılmaz ola bilər.

1. Yeni müharibə Rusiyanın tamamilə zəifləməsinə gətirib çıxaracaq. (Burada “müharibə partiyası” olan respublikaçıların Ağ Evə gəlişinin səbəbi bir daha məlum olur).

2. Şərqi Avropada yeni cəbhə ilk olaraq Ukraynadan açılacaq. Hücum edən tərəf Kiyev olacaq və getdikcə müharibə alovu Rusiya sərhədi boyunca yayılacaq. Bununla rusların Avropada radikal-sağçılara dəstək verərək, Qərbə doğru irəliləməsinin də qarşısı alınacaq.

3. Qüvvələri parçalanan Rusiyanın Yaxın Şərqdə məğlubiyyətə uğradılması daha asan olacaq. Tramp “Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub” açıqlaması ilə bu yolda ilk addımı atdı.

Və nəhayət Çin

“Tək Çin” siyasətinə qarşı çıxan Trampın Pekinə qarşı açıq bəyanatları o ehtimalı gücləndirirdi ki, ABŞ gələcək üçün Çini daha böyük təhlükə qismində görür; Buna görə də, Rusiya ilə dostluq münasibətləri quracaq və Çin təklənəcək.

Lakin Trampın “çayı keçənə qədər siyasəti” prosesləri fərqli məcraya yönəldir: Hədəf eynidir, sadəcə olaraq, hədəfə gedən yol dəyişdirilir.

Şərqi Avropa cəbhəsi ilə Rusiya zəiflədiləcək; ABŞ “zəif Rusiyanın” üzərindən keçərək Mərkəzi Asiyada möhkəmlənəcək; Çin Uzaq Şərqdə küncə sıxışdırılacaq.

Göründüyü kimi, Amerika fövqəldövlət olmaq uğrunda apardığı mübarizədən geri çəkilmək niyyətində deyil. Və üfüqdə yeni müharibə görünməkdədir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm