Ərdoğanın Qarabağ həmləsi və ya Putinə təqdim ediləcək yeni “Yol xəritəsi” - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Ərdoğanın Qarabağ həmləsi və ya Putinə təqdim ediləcək yeni “Yol xəritəsi” - TƏHLİL

Asif Nərimanlı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıdan qayıdarkən təyyarədə verdiyi açıqlama Qarabağ cəbhəsində yeni proseslərin başladığına işarə oldu. Ərdoğan bildirdi ki, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və onunla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. “Putin bu məsələyə həqiqətən fokuslanacaqsa, o zaman problem daha asan həll olunacaq” deyən Ərdoğanın bu sözlərinin arxasında Ankara və Bakının Moskvaya münaqişənin həlli istiqamətində yeni təkliflər, yaxud yeni “yol xəritəsi” təqdim etməyə hazırlandığı aydın şəkildə görünür.



Ərdoğan noyabrın 13-də Moskvaya səfər edəcək və bu səfərdən iki gün sonra – 15 noyabrda Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya gedəcəyi diqqət çəkir. Hesab etmək olar ki, Ərdoğan Putinə Qarabağla bağlı təkliflərini irəli sürəcək, Putin isə Sarkisyanı qəbul edərkən bu məsələni işğalçı ölkənin prezidentinə çatdıracaq, yaxud diktə edəcək.

Hazırda Ankara və Bakı birgə hərəkət edir, əsas hədəf Rusiyanın yeni “yol xəritəsi”nə razı salınmasıdır.

Yeni “yol xəritəsi”: Əslində Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə yanaşması məlumdur: Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll variantı. Və Ankaranın təklifləri də yeni deyil. Hələ ötən il Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün müxtəlif vasitələrlə təmaslar qurulurdu. Bu məsələdə Bakı ilə də intensiv məsləhətləşmələr aparılırdı. Lakin 15 iyulda ortaya çıxan xain planlar bu prosesi bir qədər ləngitdi” deməsi Türkiyənin planının nədən ibarət olduğuna aydınlıq gətirir.

Türkiyə Rusiya ilə təyyarə böhranını aradan qaldırandan sonra regionda Ankara-Bakı-Moskva formatının formalaşması başlandı. Türkiyə Azərbaycanın da razılığı ilə bu formata Ermənistanı da daxil etmək istəyirdi və güman ki, bunu Rusiya ilə təmaslarda müzakirə edirdi. Məqsəd: Ermənistan türk ixracatı üçün yeni bazar ola bilər; bu ölkə ilə sərhədləri açmaq və inteqrasiyanı təmin etməklə qondarma “erməni soyqırımı” iddiaları kənara atıla, Qərbin əlindəki bu bəhanə sıradan çıxa bilər; bu yolla Dağlıq Qarabağ münaqişəsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilərdi.

Çavuşoğlunun da sözlərindən aydın olurdu ki, Ankara bu təmaslara başlamışdı, lakin 15 iyul çevriliş cəhdi prosesin qarşısını aldı. Türkiyədə Ərdoğanı devirmək istəyən Qərb həm də regional siyasəti yenidən dizayn etmək niyyətində idi. Çünki Ankara-Bakı-Moskva formatının güclənməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə regional ittifaqın qarşısındakı əngəlin qalxması, Ermənistanın da bu formata daxil olması Qərbə sərf etmir. Maraqlıdır ki, Türkiyədə çevrilişə cəhddən bir neçə gün sonra Ermənistanda millətçi “Sansa sner” qruplaşması “aprel müharibəsi”ndən sonra ərazilərin qaytarılması prosesinə etiraz olaraq qiyam qaldırdı. Sarkisyan məhz bu qiyamı bəhanə edərək, növbəti təmaslardan qaçdı. Burada Qərbdəki erməni diasporunun daşnaklara “Sansa sner” qiyamını sifariş verməsi ehtimalı da var idi, Serj Sarkisyanın bu oyundan istifadə edərək, danışıqlar prosesini pozmaq istəyi də. Hər iki halda proses dayandı. Sonrakı dövrdə Suriya böhranında kartların qarışması Rusiyanın Cənubi Qafqaz siyasətində klassik yoldan davam etməsinə, yəni əsas qalası olan Ermənistanı möhkəmləndirməsinə səbəb oldu.

Bu proseslərdən təxminən bir il sonra Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik referendumu”nun iflasa uğraması, Türkiyənin İdlib əməliyyatına başlaması, Amerikanın müəyyən qədər geri çəkilməsi, İran-Türkiyə-Rusiya xəttində isti münasibətlərin yaranması Yaxın Şərqdə qüvvələr nisbətini regional güclərin xeyrinə dəyişdirdi. Ümumi mənzərədə Yaxın Şərq ön, Cənubi Qafqaz arxa cəbhə kimi görünür. Belə demək mümkünsə, ön cəbhədə güclü olmaq üçün arxa cəbhədə möhkəmlənmək lazımdır. Bu baxımdan, Türkiyə Qarabağ münaqişəsinin tezliklə həllini istəyir. Ardınca Cənubi Qafqazdan Yaxın Şərqə qədər uzanacaq Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan, o cümlədən, İran, İraq, hətta Suriyanın da qoşula biləcəyi xətt formalaşdırılır. Bu, Rusiyanın da maraqlarına uyğun görünür, lakin Moskvanın Qarabağa dair öz şərtləri var. Məhz Moskvada Ərdoğan bu şərtləri dinləyib, “yol xəritəsi”ni təqdim edəcək və uzlaşmağa çalışacaq.

a) İşğal olunmuş Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır.
b) Qaçqınlar geri qayıdır, bölgədə demoqrafik vəziyyət tarazlaşdırılır və bundan sonra Dağlıq Qarabağın yekun statusu müzakirəyə çıxarılır.

Bu, həm münaqişənin Minsk qrupu çərçivəsindən kənara çıxmadan həlli, həm “Madrid prinsipləri”, həm də rusların tətbiq etmək istədiyi “Lavrov planı”nın (“Kazan düsturu” əsasında hazırlanıb) əsas ana müddəalarıdır. Ərdoğan-Putin görüşündə məntiqi olaraq masada əsas müddəalar bunlar olacaq. Lakin Rusiyanın baş diplomatı Sergey Lavrovun bir müddət öncə dediyi kimi “tərəflər əsas məsələlərdə razılaşıb, detallar üzərində müzakirə aparılır”.

Detallar: Rusiyanın “Lavrov planı” olaraq təqdim etdiyi ssenaridə ilkin olaraq 5 rayonun qaytarılmasını nəzərdə tutulur. Qarabağla Ermənistan arasında dəhliz saxlanılır, bu müddətdə digər iki rayonun taleyi həll olunur. Paralel olaraq qaçqınlar geri qayıdılır, bütün bunlardan sonra Dağlıq Qarabağın yekun statusu müzakirəyə çıxarılır. Ötən il Putinin təşəbbüsü ilə keçirilən Sankt-Peterburq görüşündə bu plana uyğun razılıq əldə olunmuşdu. Lakin bu ssenaridə razılaşdırılmayan detallar ilk olaraq münaqişə tərəfləri - Ermənistan və Azərbaycan arasındadır. İrəvan tələb edir ki, Qarabağ ətrafındakı rayonların boşaldılmasına paralel olaraq, Dağlıq Qarabağın statusu həll olunsun. Bakı qəti şəkildə bundan imtina edir, çünki bu, Qarabağın işğalı ilə barışmaqdır.

Və bu da həqiqətdir ki, Ermənistanı tələbindən yalnız Rusiya göndərə bilər. Ərdoğan da məhz bunun üçün Putinlə görüşdə Qarabağı əsas müzakirə mövzularından biri olaraq seçib. Rusiya Ermənistanın qeyri-konstruktiv tələbindən çəkinməsini təmin etməlidir. Lakin ümumi mənzərədə Rusiyanın özünün istədiyi detal da müzakirəyə açıq olaraq qalmaqdadır. Hərçənd, rusların istəyi təmin olunsaydı, İrəvan da tələbindən geri çəkilərdi.

Rusiya münaqişəni o şərtlə həllini istəyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) altında rus qoşunu “təhlükəsizliyi təmin etmək” məqsədilə Qarabağa yerləşdirilsin. Çünki münaqişədən regionun iki ölkəsinə, xüsusilə Azərbaycana təsir rıçağı olaraq istifadə edən Moskva bu imkanını öz əli ilə itirmək istəmir.

Azərbaycan Qarabağın itirilməsi ilə nəticələnən bu şərti qəbul etmir və əslində Lavrovun bəhs etdiyi “razılaşdırılmamış detallardan” biri, bəlkə də birincisi budur. Təsadüfi deyildi ki, Sankt-Peterburq görüşündə razılaşma əldə olunmasına baxmayaraq, 2017-ci ilin yanvar ayının ilk günlərində Lavrov Ermənistanın mövqeyindən çıxış edərək, “Qarabağın statusu rayonların qaytarılması ilə eyni vaxtda həll olunmalıdır” açıqlamasını verdi və beləliklə Bakıya təzyiq mesajı göndərdi. Lakin Rusiyanı Ermənistanın tələbi yox, öz istəyinin həyata keçməsi maraqlandırır.

Və böyük ehtimalla Bakı və Ankaranın Moskvaya təqdim edəcəyi yeni “yol xəritəsi” məhz Qarabağda “təhlükəsizliyi təmin edəcək” qoşunla bağlıdır. Ərdoğan Moskvaya özü ilə bu təklifi aparır:

- Qarabağda təhlükəsizliyi təmin edəcək sülhməramlı qüvvələrin tərkibində türk əsgəri də olsun.

Bakı anlayır ki, münaqişənin uzanması həll yolunu daha da qəlizləşdirir. Rusiyanın “ağır şərtləri”ni qəbul etmək məğlubiyyət, imtina etmək itirilmiş torpaqların taleyini qeyri-müəyyən vaxta qədər uzanması deməkdir. Deməli, bu şərtləri öz xeyrimizə çevirməyin yolu tapılmalıdır. Bu da yalnız Qarabağa paritet şəkildə türk əsgərinin də girməsidir. Və 2018-ci ildə Ermənistanda idarəçilik sistemi dəyişməyənə qədər ciddi addımlar atılmalıdır.

Hesab etmək olar ki, Ərdoğanla İlham Əliyev Bakıda bununla bağlı müzakirə aparıb və Türkiyə prezidenti müzakirələrin nəticəsi olaraq Putinə yeni təklifləri təqdim edəcək.

Putin razı olarsa: Qarabağ ətrafındakı 5 rayon qaytarılacaq; sülhməramlı qüvvələr Qarabağa daxil olacaq; bundan sonra qaçqınların geri qayıtması prosesi başlanacaq; yekun status bütün bu məsələlərin həllindən sonra müzakirəyə çıxarılacaq. (Əslində Rusiya və Türkiyə razılaşarsa, Ermənistanın tələb etdiyi Qarabağa dəhliz məsələsinin o qədər də önəmi qalmayacaq və bu həll prosesində Azərbaycanın maraqlarına uyğundur).

Putin razı olacaqmı?: Türk əsgərinin də ruslarla birgə Qarabağa daxil olması Moskvanın planına zidd ola bilər. Lakin geosiyasi proseslər fonunda rusların xeyrinə ola biləcək faktorlar da var:

1. Razılıq olmayacaqsa: bu, münaqişənin uzanması və Rusiyanın cənub sərhədlərində hər an nəzarətdən çıxa biləcək müharibənin başlanmasına şərait yaratmaqdır, hansı ki, ruslar bunu istəmədiklərini özləri də etiraf edir; Bu, həm Azərbaycanla münasibətlərin perspektivinə kölgə salmaq, həm də Bakı və Ankaranın gələcəkdə Moskva üçün təhlükəli ola biləcək gedişlər etməsi ehtimalını artırır.

2. Razılıq olarsa: Qarabağ münaqişəsi həll olunur; Rusiya Bakı və Ankaranın timsalında ciddi perspektivləri olan strateji tərəfdaş qazanır; Qərbin Türkiyə-Ermənistan sərhədlərini açaraq, İrəvanı ruslardan almaq planları alt-üst olur; əksinə, Cənubi Qafqazdan Yaxın Şərqə qədər Ankara və Moskvanın liderliyində böyük bir siyasi xətt formalaşır və bu, ABŞ-la mübarizədə hər kəsdən öncə Moskvaya lazımdır.

Burada maneə hesab oluna biləcək iki faktor da var:

Birincisi, Ərdoğanın təklifləri qarşısında Putin Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına qoşulması şərtini irəli sürə bilər. Hərçənd, bu şərtlər artıq neçə illərdir gündəmə gəlir. Lakin mümkündür ki, Ərdoğan Cənubi Qafqaz-Yaxın Şərq siyasi xəttinin yaradılması təklifindən çıxış edərək, Putinin istəyini kölgədə qoya bilər. Çünki: nə Türkiyə Azərbaycanın, nə də Azərbaycan özünün yaxşı əməkdaşlığa baxmayaraq, “rus ittifaqları”nın çətiri altına girməsini istəmir. Güman ki, Putin də buna nail olmağın çətinliyini anlayır, bu baxımdan, onun daha perspektivli və asan başa gələ biləcək Ərdoğanın “siyasi xətt” təklifini qəbul etməsi ehtimalı var.

İkincisi, Ermənistan bu planlara qarşı nə edəcəyi, yaxud edə biləcəyidir. Nəzərə alsaq ki, Sarkisyan 2018-ci ilin aprelində prezident səlahiyyətlərini başa vurandan sonra da, ölkəyə rəhbərliyi davam etdirmək istəyir, onun ruslarla razılaşmağa məcbur olduğu aydındır. Sarkisyan noyabrda Avropa İttifaqı-Ermənistan sazişinin imzalanacağı amilindən Moskvada Putinin hüzuruna çıxarkən istifadə edə bilər. Lakin onun bu amili daha çox öz hakimiyyətinə dəstək qazanmaq üçün istifadə edəcəyi məlumdur. Deməli, burada əsas rusların razı olmasıdır. Moskva razılaşacaqsa, Ermənistan da bu planı qəbul edəcək. ABŞ erməni diasporu üzərindən hərəkətə keçərək, Ermənistanda millətçiləri ayağa qaldıra, ötən il baş verən “Sansa sner” ssenarisinə uyğun hərəkət edə bilər. Amma unudulmamalıdır ki, məhz “Sansa sner” qiyamından sonra Rusiya KTMT çərçivəsində yeni qərar qəbul etdi. Bu qərara görə, təşkilata üzv ölkələrdə baş verə biləcək iğtişaşların yatırılması missiyasını məhz KTMT polisi həyata keçirəcək. Bu baxımdan, “qiyam ssenarisi”nin baş tutacağı ehtimalı zəifdir.

Bu planda Ermənistana regional layihələrdə iştirak, sərhədlərin açılması kimi iqtisadi imkanlar təklif olunur. İşğalçı ölkə üçün bu, həyati əhəmiyyətli təkliflərdir. Hesab etmək olar ki, İrəvanın siyasi rəhbərliyi bunu anlayır. Serj Sarkisyanın bu günlərdə “Ermənistanı Qarabağ məsələsinin həllində ağrılı qərarlar gözləyir” deməsi də proseslər fonunda diqqət çəkir. Mümkündür ki, erməni cəmiyyətində ictimai rəyin formalaşdırılması məsələsi Sarkisyanın öz gələcəyi üçün vacibdir. Lakin ruslar razı olacaqsa, Ermənistanın bütün hallarda oyundan qaçmaq şansı sıfıra bərabərdir.

İndi Ərdoğan-Putin görüşündən Qarabağla bağlı nələrin çıxacağını gözləmək qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm