Efirdə “palatka toyu”, kişilərdən rəqs şousu
Bizi izləyin

Digər

Efirdə “palatka toyu”, kişilərdən rəqs şousu

Efirdə “palatka toyu”, kişilərdən rəqs şousu

Hər həftənin bazar ertəsi Space-nin efirində sanki mağar toyu çalınır. Rəhmətlik Nəsibə Zeynalova demişkən, ağəz vurreyyy…

“Sevimli şou” verilişində bilmirsən, toy çalınır, yoxsa veriliş təqdim olunur. Müğənni oxumağına peşmandır, dərhal zalda əyləşən çoxsaylı tamaşaçı eyni vaxtda ayağa qalxaraq rəqs məharətlərini nümayiş etdirirlər. Özü də bayağı tərzdə. Toyxananın tamadası da aparıcı Mikayıl Güləddinoğludur.

Güləddinoğlunun bir “tırkası” kifayət edir ki, salonda əyləşənlər ayağa durub bədənlərinin əzalarını oynada-oynada ortaya düşsünlər. Söhbət yekə kişilərdən gedir ha! Onların öz tərzləri ilə ifadə etsəm, Allah ətinizi töksün. “Palatka” toyu bitən kimi isə dərhal ağlaşma mərasimi başlanır. Eyni ssenari üzrə canlı yayıma kimsə zəng edir, Mikayıldan şeir istəyir.

Mikayıl da tərifini göylərə qaldırdığı gitaraçı Nofəlin “liriçni-romantiçni” musiqisinin müşayiəti ilə başlayır məşhur “Ana” şerini söyləməyə. Məşhur deyəndə ki, elə bilməyin, söhbət Mikayıl Müşfiq, Cəfər Cabbarlının hansısa şerindən gedir, yox. Sadəcə, hər həftənin birinci günü Mikayıl bu şeiri o qədər söyləyir ki, adamın beyninə işləyir. “Mən anamı sevgilimə dəyişmərəm…” Görürsünüz, mən də əzbərləmişəm.

Heç olmasa, ay Mikayıl, arada bir vaxt tapanda bir-iki şeir əzbərlə, repertuarı yenilə, yoxsa ki, vallahi, tamaşaçıların sinir krizi keçirmək ərəfəsindədirlər. Hə, onu deyirdim axı, Mikayıl özünəməxsus tərzdə sifətinə əzablı bir görkəm verərək o şeiri söyləyir, zalda oturan “ünas tayfası” da, yəni xanımlar başlayırlar gözlərinin qorasını çıxmağa.

Amma o qadınların gözlərindən bu yaşı çıxaranacan nə zülum çəkdiklərini bir özləri bilir, bir Allah. Amma mən də bilirəm. Çox güman ki, yeddi arxa dönənlərinin qəbir daşlarını yadlarına salırlar ki, özlərini süni surətdə kövrəldə bilsinlər. Neyləsinlər, aparıcıya xoş görünməlidirlər ki, növbəti verilişə gələ bilsinlər.

Mən eşitdiyimə görə, bir çox özlərinə hörmət edən sənətkarları o verilişə dəvət ediblər, amma gəlib xəcalət çəkməmək üçün dəvətdən imtina ediblər. Elə yaxşı da eləyiblər. Sonra da deyrlər ki, yerli kanallara baxan yoxdur. Baxmaqdan söz düşmüşkən, mənə çox maraqlıdır, telekanal rəhbərləri görən hara baxır, bu biabırçılığı görmür?

Fotolara görə, həmkarım Vasif Həsənliyə sağ ol düşür. Onun Facebook səhifəsindən götürdük. Elə ürəyim dolu idi, fotolar şərait yaratdı ki, ürəyimi boşaldım.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm