Gözü yolda qalan şair
Bizi izləyin

Digər

Gözü yolda qalan şair

Gözü yolda qalan şair

İnsan hər şeyi çox tez unudur. Normal xoşbəxtlik üçün insana çox az şey lazımdır. Qayğı, diqqət və sevgi. Bu qayğını, diqqəti və sevgini haqq edən insanlar biganəliyin kimsəsiz sahillərində üşüyəndə bütün dünyaya nifrət edirlər. Biz həyatımızda izi olmuş insanları asanlıqla, həm də amansızlıqla unuduruq. Sanki çərxi dönmüş fələyin tərəfinə keçib o adamlara son və qəti zərbəni də biz vururuq. Onlar hələ də gözləri yollarda, ümidlə nəyisə, kimisə gözləyir. Ümidsə yaralarını sağaltmaq əvəzinə daha da dərinləşdirir.

Sözü çox uzatmayım. Zığ şossesinə gedən yolun sağ tərəfində səliqəsiz həyət evlərindən birində ağsaqqal bir şair yaşayır, Abdulla Rəfibəyli. Canında təpər olan vaxtlarda onun qapısını açıb evində yeyib-içən dostlar indi, ağır xəstə yatdığı zamanda bir telefon zəngini də ona qıymırlar. Bayram günü ona baş çəkmək üçün evdən çıxdım. Yol boyu düşünürdüm ki, insan mənbəyi özündə olmayan işığı başqalarına ötürdüyü təqdirdə ziyalıdır. Abdulla müəllimin “ziyalı dostları” onun nurunu itirmiş gözlərinə necə baxacaqlar görəsən?!

Həyət qapısını tıqqıldadıb “Abdulla müəllim” deyə çağırdım. Məni dərhal, səsimdən tanıdı. O qədər sevindi ki! Bu sevinci sözlə ifadə etmək çox çətindi. Sevindiyindən çəliyini götürməyi də unutmuşdu, pilləkana tərəf yüyürüb onu qucaqladım ki, yıxılmasın. Bir qismət çörək kəsdik. Xeyli giley-güzar elədi. Haqqı da vardı. Bu qədim-qayım kişi çoxlarına əl tutub, çox gəncə ağsaqqallıq edib, indi heç kəs qapısını açmır. Paşa Qəlbinurdan razılıq edir. Deyir sağ olsun, gözümü pulsuz əməliyyat elədi. Həyat yoldaşı Xuraman xanım deyir ki, ayaqları tutulub, evin içində güclə gəzir, çox darıxır, bir vaxtlar bu ev qonaq-qarayla dolu olardı, indi bu xəstə çağında gəlmək bir yana, zəng vurub halını belə soruşmurlar. Bilmədim nə deyim. Yəqin ki, onun dostları bu yazını oxuyacaqlar. Abdulla müəllimin ismarışını onlara çatdırıram. Bayram günlərində vaxtınızın bir-iki saatını ona baş çəkməyə sərf edin. O, sizi gözləyir, gözü qapıdadır. İnanır ki, vəfasız dostlardan hansısa insafa gəlib bir gün onun qapısını açacaq.

Xeyli söhbətləşdik, şeirlərindən bir neçəsini dedi. Məşhur “Gözüm su içməyir bu yazdan mənim” şeirinin əvvəlcə yaranma tarixçəsini danışdı, sonra şeiri şövqlə oxudu. Tofiq Bayramla, Rəfiq Zəkayla, Xəlil Rzayla, Balaş Azəroğluyla, tənqidçi Nadir Cabbarlıyla bağlı xeyli xatirəsini danışdı. Dedi ki, Yazıçılar Birliyinə təqaüdlə bağlı dəfələrlə müraciət eləsə də hələ ki, müsbət cavab ala bilməyib. Sonra qoluna girib onu həyətə düşürdüm, dedi məni yaxınlıqdakı çayxanaya apar, bir az dərdləşək, sonra da titrək səslə “nə yaxşı sən gəldin” dedi. Maşınla onu yaxınlıqdakı kafeyə apardım, oturub çay içdik, ofisinat qız şəklimizi çəkdi. Abdulla müəllimin çoxdandı kitabı çıxmır, söz verdim ki, kitabının çapa hazırlanmasında ona kömək edəcəyəm.

Axşam düşür, yağış başlayır. Ağsaqqal məni buraxmaq istəmir. “Bir siqaret də çəkək, gedərsən” deyir. Siqaretini yandırıram, “başına dönüm, məni yaddan çıxarma, tez-tez gəl” deyir. Onu əmin edirəm ki, vaxtaşırı gəlib baş çəkəcəyəm, “maşallah, yaxşısan” deyirəm. Amma içim dolub. Sarsıntımı büruzə vermək istəmirəm.

Abdulla müəllimi xəyallarıyla, ümidləriylə baş-başa buraxıb şəhərə qayıdıram. Özünə deyə bilmədim, amma bu yazıda bütün üzüdönük dostların adından Abdulla müəllimdən üzr istəyirəm və o dostlara demək istəyirəm ki, hələ ki, gec deyil. Bir vaxtlar tez-tez üz tutduğunuz o qapı yenə üzünüzə açıqdı. Sonra gec olacaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm