• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“İmkanlı kişilər 90-60-90 ölçülü qızlara pul xərcləyir” - VİDEO

  • Digər
  • 31 Mart 2014 16:28
  • 4 108 Baxış
“İmkanlı kişilər 90-60-90 ölçülü qızlara pul xərcləyir” - VİDEO

Həmsöhbətim İntiqam Kərimovdur. 1980-ci illərdə “Sən də tufanla oynama” mahnısı ilə estrada musiqisində inqilab edən müğənni. Nəinki Azərbaycanda, keçmiş SSRİ-də çox populyar olan sənətçi nədənsə son illər görünmədi. Onun axtarışına çıxsaq da asanlıqla tapa bilmədik. Sənət dostları telefon nömrəsini vermək istəməsələr də, özümüz tapdıq. Bizi birotaqlı köhnə mənzilində qarşıladı. Buna görə biraz sıxıldı da... Amma əsas odur ki, ürəyi geniş idi...

“Müğənnilər efiri pula öyrətdi”

- Vaxtilə çox populyar idiniz, amma zaman keçdikcə, az-az görünməyə başladınız. Səbəb nə oldu?

- Vaxtilə televiziyada bədii şura vardı və orda təmsil olunun adlı-sanlı sənətkarlarımız müğənnilərə nəzarət edərdi. Mahnıda bir söz düzgün deyilmədisə, həmin müğənni efirə buraxılmazdı. Geyimdən tutmuş, özünü aparmağa qədər hər şeyə diqqət yetirilərdi. Bu gün müğənnilərimiz var ha, çox populyardırlar, inanın onların 99 faizi o vaxt efirə buraxılmazdı. Heç onu studiyada mahnı yazdırmağa qoymazdılar. Hansı ki, onların çoxu xalq artistidir.

-Bəs siz niyə sənətə fasilə verdiniz?

- Əslində fasilə vermədim. 1990-cı ildə məlum hadisə baş verdi. Həmin vaxtda mən bir-iki il efirə çıxmadım. Demirəm e, yas saxladım, sadəcə, üzüm olmadı ki, gedim efirdə deyim ki, mən oxumağa gəlmişəm. Hansı ki, həmin ərəfədə partapart konsertlər verilirdi. Sonradan da özəl telekanallar yarandı və yeni çıxan müğənnilər efiri pula öyrətməyə başladılar. Beləcə, müəyyən vaxtlarda çəkilib durdum bir kənarda.

“Sevgilisini görüşə çağırır, nəyimə lazımdır”

- Bəs bugün?

- Bugün kim qalmaqal edirsə, o da gündəmdədir. Fikir vermisinizsə, bir müğənni çıxıb sənət göstərir, amma ondan nə danışan var, nə yazan. Amma kimsə çıxıb efirdə kimisə söysün dərhal hamı ondan danışacaq. Filankəsin maşınına daş atdılar, filankəs sevgilisini görüşə çağırdı - maqazin proqramlarında azı bir həftə belə şeylər anons edilir. Əşi mənim nəyimə lazımdır kimsə sevgilisini görüşə çağırır. Bir də o restoranlardakı şou proqramlardan danışmaq istəyirəm. Başa düşürəm, dolanmaq üçün pul lazımdır, elə mənə də lazımdır, amma ordakı maklerlər var ki, onlardan söz götürmək istəmirəm. Asılı vəziyyətdə olursan onlardan, sözün də çəpləşəndə deyirlər ki, filankəsi qovdum. Mən özümə hörmət edən insanam, belə şeyləri qururuma sığışdırmıram. Digər məsələ, həmin müğənnilər 3-4 mahnı əllərində, fonoqram oxumaqla məşğuldurlar. Mən isə fonoqram oxumaq istəmirəm.

“Paxıllıqdan telefon nömrəmi verməyiblər”

- Sənət adamlarından kimlərlə dostluq edirsiniz?

- Niyaməddin Musayev, Abbas Əhməd, Səyyad Əlizadə, Bilal Əliyev, Teymur Əmrah… Ümumiyyətlə, mənim sənətçilər arasında düşmən münasibətdə olduğum insanlar yoxdur.

- Tələbə yetişdirirsiniz. Nə qədər tələbəniz var?

- 200 nəfəri keçib. Demirəm hamısı üzdədir. Çünki bu gün üzdə olmaq üçün maddi vəsait lazımdır. Çünki bunun reklamı var, musiqinin yazılması, oranjemanı və s. - hamısı pul tələb edir. Amma bayaq dinlədiniz tələbəm Osmanı, gördünüz necə gözəl səsə malikdir. Bu gün Azərbaycanda 30 yaşa qədər elə bir ifaçı varmı ki, onunla müqayisə olunsun? Yoxdur. Bu gün ciddi musiqinin dinləyiciləri azdır.

- Aydın məsələdir ki, Azərbaycanda albom satışı və bilet satışından qazanc götürən müğənnilər demək olar ki, yoxdur. Müğənnilərin əsas gəliri toydan çıxır. Sizdədəmi belədir?

- Desəm ki, toylara getmirəm, bu yalan olar. Amma toyda məndən italyan, türk, rus musiqiləri, Tofiq Quliyev və digər bəstəkarların mahnılarını istəyirlər. Mən də pianoçu götürüb gedirəm və yüksək səviyyədə sənət nümayiş etdirirəm. Amma belə toyların da sayı çox azdır. İldə düşsün beş dənə toy. Bu pula da neyləmək olar? Bu saat bir mahnının oranjemanı elə iki min manatdır. Bir mahnının ərsəyə gəlməsi üçün azı 5-6 min manat lazımdır. Hələ bunun efir xərcini nəzərdə tutmuram. Onu da deyim ki, məni toyunda görmək istəyən bir çox adamlar var ki, telefon nömrəmi tapa bilməyiblər. Öz müğənni həmkarlarımdan nömrəmi istəsələr də onlar verməyiblər. Mən bunları sonradan öyrənib bilmişəm. Təsadüfən insanlarla görüşəndə deyiblər ki, toyumuza səni dəvət etmək istəyirdik, amma müğənni həmkarların nömrəni vermədilər, dedilər bilmirik.

“İlqar Xəyal orda-burda yalandan danışır ki…”

- Niyə verməyiblər ki?

- Biliblər ki, mən canlı oxuyanam və onlar mənimlə eyni məkanda oxumaqdan çəkiniblər. Belə məqamda müqayisə aydın görünür axı.

-Yadımdan çıxmamış onu da soruşum; sizin ifanızda populyarlıq qazanan “Sən də tufanla oynama” mahnısı nədənsə daha çox İlqar Xəyalın repertuarından olan mahnı kimi tanınır…

- Mən də eşitmişəm İlqar Xəyal orda-burda yalandan danışır ki, mahnının ilk ifaçısı o olub. Əslində mən o mahnını 1985-ci ildə oxumuşam, bunu çoxları bilir.

“İşə götürəndə də cavan qızları götürürlər”

- Solo-konsert barədə düşünmürsünüz ki?

- Axırıncı dəfə keçən il konsert verdim, noyabr ayında. Gənc Tamaşaçılar Teatrında baş tutdu o konsert. Zaldan heç kim getmək istəmirdi. 25 musiqiçi heyəti ilə canlı konsert verdim.

- Konsertin xərci borcu ödədimi?

- Elə baş-başa oldu. Qazanc icarə xərcini, musiqiçilərin pulunu ancaq ödədi. Amma mən konserti pul qazanmaq məqsədi ilə etməmişdim. Bilirsiniz necədir, konsert üçün reklam çox vacib şərtdir. Pul olmalıydı ki, mən konsertin piyarını təşkil edəydim, iki min nəfərlik məkanda konsertinimi təşkil edəydim. O zaman konsertdən də gəlir götürmək olardı. Ola bilsin gələn ilin payızında belə bir konsert təşkil edim.

“90-60-90 ölçülü Fatmanisəyə ev, maşın, villa alır”

- Sizcə niyə Azərbaycanda daha çox xanım sənətçilərə sponsorluq edirlər?

- Hətta işə götürəndə də cavan qızları götürürlər. Bizim kişiləri anlaya bilmirəm. Tutalım, yaraşıqlı, 90-60-90 ölçülü Fatmanisəyə ev, maşın, villa alır, yarım milyon xərcləyir. Amma həmin pula 50 nəfər istedadlı sənətçini üzə çıxara bilərsən. Nə var onlarda, hər yer doludu qızlarla. Mənə hansısa sponsor 5 min manatlıq pul ayırsaydı, daha geniş məkanda konsert edə bilərdim, 200-300 dəvətnamə də paylayardım.

- Bir qızınız var, Allah saxlasın, istərdinizmi, müğənni olsun?

- 17 ildən sonra Allah bu qızı bizə qismət edib. Adı da Aysudur. On yaşı var. İstəməzdim müğənni olsun. Çünki bu sənət çətin sənətdir. İstərdim diplomat, həkim, uzaqbaşı musiqi müəlliməsi olsun.

Cəvahir Səlimqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR