Postda yatan əsgər təhqir olundu - BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Digər

Postda yatan əsgər təhqir olundu - BİR CİNAYƏTİN TARİXÇƏSİ

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Rəşid Əliyev əsgər yoldaşlarına hədə-qorxu ilə pul tələb edib. O, hərbiçi yoldaşlarına zor tətbiq edib və onlara xəsarət yetirib.

Publika.Az-ın araşdırmasına görə, Rəşid Əliyev 29 sentyabr 2012-ci il tarixdə, saat 12.00-da bölüyün məişət otağında əsgər yoldaşı Ayaz Namazova hədə-qorxu gəlib. O, Ayaz Namazovu döyməklə hədələyərək “Azərcell” mobil operatoruna məxsus olan “Sim kart” danışıq konturu almasını tələb edib. Ayaz Namazov danışıq konturu almayacağını bildirib.

5 manatlıq kontur davası

Buna görə də, onların arasında mübahisə yaranıb. Bu zaman Rəşid Əliyev əsəbləşərək hər iki əli ilə Ayaz Namazovun kitelindən tutaraq döyüb. Həmin döyülmə zamanı Ayaz Namazov xəsarət alıb.

Ayaz Namazov Rəşid tərəfindən yenə də döyüləcəyindən ehtiyatlanıb. Azay həmin gün saat 17.00-da Rəşid Əliyevdən ailəsi ilə əlaqə saxlayıb və ona danışıq konturu yüklətdirməkdən ötrü mobil telefon istəyib. Rəşid Əliyev bölüyün əsgəri Şahin Cabbarovdan mobil telefonu alıb və Ayaz Namazova verib. Ayaz həmin telefonla anası Qəndab Namazova ilə telefon əlaqəsi saxlayıb. O, anasından 5 manatlıq danışıq konturu istəyib. Qəndab Namazova oğluna 5 manatlıq kontur göndərib. Rəşid Əliyev Ayazın anasının göndərdiyi konturu götürərək istifadə edib.

Rəşid Əliyev 8 dekabr 2012-ci il tarixdə, gecə saat 02.00-da xidmət etdiyi bölüyün “N” saylı döyüş postunda post başçısı vəzifəsində olarkən, əsgər yoldaşı Elxan Cabbarovun

Elxan Qasıməli oğlunun döyüş növbəsində yatdığını görüb. O, əsəbiləşərək Elxan Cabbarovu yatdığı yerdə döyüb. Bu zaman o, Elxana təhqiredici hərəkətlər edib.

Üç maddəli cinayət işi məhkəmədə

Bu əməlləri ilə Rəşid Əliyev Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələb etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə), 332.2.5-ci (zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) və 331.2-ci (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Vidadi Nəsirovun icraatına verilib.

“Əməlimdən peşmanam”

Məhkəmədə ifadə verən Rəşid Əliyev ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində qeyd edib ki, etdiyi əməlindən səmimi peşmandır: “Hazırda zərərçəkmiş şəxslə barışmışam. Odur ki, cəza təyin edilərkən bu kimi halların nəzərə alınmasını məhkəmədən xahiş edirəm”.

“Şikayətim yoxdur”

Məhkəmədə zərərçəkmiş şəxs Ayaz Namazov da ifadə verib. O, deyib ki, Rəşid Əliyevi xidmət dövründən tanıyıb: “Rəşid Əliyevlə aramızda əvvəllər ədavət və düşmənçilik halları olmayıb. Rəşid Əliyevə qarşı şikayətim və tələbim yoxdur”.

4 il həbs, 200 manat cərimə

Bütün tərəfləri dinləyən hakim sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Rəşid Əliyev 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Məhkəmə həmçinin Rəşid Əliyevi 200 manat miqdarında cərimə edib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apelyasiya şikayəti yazıb. Vəkil şikayətində birinci instansiya məhkəməsinin hökmündən narazı qalıb. Vəkil Tərtər Hərbi Məhkəməsinin hökmünün dəyişdirilməsini, Rəşid Əliyevin barəsində olan yüngülləşdirici halların nəzərə alınmasını xahiş edib. Vəkil Rəşid Əliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsini və ona şərti cəza təyin edilməsini istəyib. Vəkilin şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında baxılıb.

“Rəşid Əliyevə ən ağır cəza təyin edilib”

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rəşid Əliyevin vəkili Nadim Heydərov çıxış edib. Vəkil deyib ki, birinci məhkəmə instansiyası hökm çıxararkən Rəşid Əliyevə ən ağır cəzanı təyin edib. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Rəşid Əliyevin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur: “Həmin məcəllənin 59-cu maddəsinə əsasən Rəşid Əliyevin əməlində cəzanı yüngülləşdirən hallar vardı. O, ilk dəfə olaraq az ağır və böyük ictimai təhlükə törətməyən əməli törədib. Rəşid Əliyev özününün təqsirli olduğunu qismən etiraf edib, törətdiyi cinayət əməlindən peşmançılıq çəkir, əvvəllər məhkum olunmayıb. Onun ailə vəziyyəti ağırdır. Atası xəstədir, özü ailəsində tək oğlan övladıdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Həqiqi xidmət müddətini çəkib qurtarıb və ordu sıralarından tərxis olunub”.

“Mühüm sübutlar olmadan barəmdə ittiham hökmü çıxarılıb”

Rəşid Əliyev deyib ki, təqsirli bilindiyi ittiham qanunsuz və əsassızdır. Onun sözlərinə görə, hökm Cinayət Məcəlləsinin 182.1 və 332.2.5-ci maddələri ilə təqsirləndirilməyinə dair hissədə məhkəmə araşdırmasında müəyyən olunmuş sübutlara deyil, istintaq orqanının gəldiyi nəticə ilə üst-üstə düşüb: “Çox təəssüflər olsun ki, məhkəmə istintaqında tədqiq olunmuş mötəbər və mühüm sübutlar olmadan barəmdə ittiham hökmü çıxarılıb. Məhkəmə hökmündə ittihamı sübut edəcək heç bir sübut növü yoxdur. Hökmdə ibtidai istintaqın gəldiyi nəticə əsas götürülüb. Məhkəmə araşdırmasında ittihamı sübut edəcək heç bir mötəbər sübut növü müəyyən edilmədiyi halda hökmdə göstərilir ki, guya özümü Cinayət Məcəlləsinin 182.1 və 332.2.5-ci maddələri ilə təqsirli bilməməyi məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Halbuki, məhkəmə araşdırmasında ittihamın sübuta yetirilməməsi barəmdə ittiham olunduğum maddələrlə bəraət hökmünün çıxarılmasına imkan verir. Göstərilənlər bir daha onu sübut edir ki, məhkəmə barəmdə qanunsuz və əsassız ittiham hökmü çıxarıb”.

Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib və Tərtər Hərbi Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm