Eyni taleyi yaşayanlar
Bizi izləyin

Digər

Eyni taleyi yaşayanlar

Eyni taleyi yaşayanlar

Qardaşım hərbi xidmətə yollandığı gecə ev, elə bil, yas yerinə oxşayırdı. Bacımla mən səssiz filmlərdəki qəhrəmanlar kimi lal-dinməz otururduq. Hərdən qırıq-qırıq səslərimiz sükütu pozurdu. Bir neçə günü beləcə keçirdik. Hər an qardaşımızı düşünür, görəsən, yerləşə bildimi, necə oldu sualları beynimizin içini gəmirirdi.

İnsan sevdiyi, alışdığı adamlardan uzaq düşəndə sükutun içindəki lal adamları xatırladır. Belə olmazdı. Evin səs-küyə ehtiyacı vardı.

Dostum məsləhət gördü ki, ya tutuquşu, ya da balıq alıb saxlayım. Bu fikir lap ürəyimcə oldu. Evə gəlib qərarımı bacıma bildirəndə, o, qəti razı olmadı. Üzünü turşudub, “istəmirəm” dedi. Amma məni fikrimdən daşındırmaq olmazdı. Mütləq gedib iki cüt tutuquşu alacaqdım. Cibimdə pulum az da olsa, bu işin öhdəsindən gələcəkdim.

Yanvarın 20-də hava bomboz, tutqun idi. Dostumla gedib iki cüt tutuquşu aldıq. Çox sevinirdim. Elə bil, bu varlıqlar qardaşımın yerinə bizi təsəlli edəcəkdi. Xoşbəxt an deyilən məqam mənim üçün bu olsa gərək. Öz bədbəxtliyimi xoşbəxtcəsinə yaşayırdım. Kiçik şeylərə dəyər verdikcə özümü rahat hiss edirdim. Tutuquşuları evə gətirdik. Bacım bir az donquldansa da, az sonra üzü gülməyə başladı.

İndi tutuquşular kimsəsiz bir yerə düşdüklərindən yaman hövsələsizlik edir, qəfəsin o baş-bu başına tullanır, kədər ifadə edən balaca gözləri ilə bizi süzürdü.

Anladım ki, onlar qəfəs quşu deyil. Onlarınkı özgür, heç bir yerə bağlı olmadan istədiyi yerə uçmaqdır. Onlar uçmaq üçün yaradılsa da, insan üçün qəfəs quşu idi.

Düşündüm ki, əslində, bizim hamımız dəmir barmaqlıqlara, ya da aşa bilməyəcəyimiz divarlara həbs olunmuşuq. Məhbusluğumuza bəraət qazandıracaq səbəb, hələlik, məlum deyil və yəqin ki, uzun müddət də anlaşılmaz olaraq qalacaq.

Hansısa bir müəllif, deyəsən, Tomas Eliot söyləmişdi: “İnsan öz dərisi ilə özünə həbs olunmuş bir məxluqdur”. Bizim evin yeni sakinləri – boz və göy rəngli tutuquşular isə insan deyildi və görünür, onlar üçün bunun elə bir əhəmiyyəti yox idi, sadəcə, istədikləri yaşam tərzini əldə etmək istəyirdi. Necə ki, hər insan bunu istəyir, ancaq təəssüflər olsun ki, bu həmişə müsbət nəticələrə gətirib çıxarmır. Tutuquşumuzun isə bundan xəbəri yoxdu, olsa da, nə faydası? Onun dünyası, dili tamam ayrıdır. Sanki, onlar yad bir ölkədən gəlib və bizim evin durumunu görüb öz-özünə bu haqda danışır.

Anlayıram ki, tutuquşu cikkildəyərək nə isə deməyə, dərdini bölməyə çalışır. Bütün çırpınmalar, vuruşmalar hamısı insanın, ya da var olmuş bütün canlıların həyat sirrini öyrənmək cəhdi, burada nəyə görə yaşadığımızı anlamağa çalışmaq deyilmi?

Həftələr keçdikcə tutuquşularımız bizim evə alışa bilmir, daim səs-küy salır, qəfəsi dağıdırlar. Əsəbləri pozulmuş adamlar üçün məsləhət bilinməyən quşlar öz səslərilə bizim də əsəblərimizi tarıma çəkirdi. Ancaq yenə də evdə səs-küyün olması bizə lazım idi. Hərçənd ki, quşlar bəzən dözülməz dərəcədə bərkdən cikkildəşərək qəfəsi, az qala, öz səslərilə dağıtmaq istəyirdi.

Yaz fəsli girəndən onlar artıq uçmaq, öz azadlıqlarını yaşamaq istəyirdi. Ağlıma yenə qaçılmaz bir fikir gəlmişdi: onları öz azadlıqlarına buraxmaq. Bacımla mən hər iki tutuquşumuzu səmaya uçurduq. Sonra isə özümüzü ən böyük günahkar kimi hiss etməyə başladıq. Daha sonra isə ən böyük savab işi görən adamlar kimi sevindik. İçimizdə bir az peşman, bir az da ümidli idik. Bizə nə olduğunu özümüz də bilmirdik. Zaman, elə bil, dayanmışdı. Tutuquşularımızın yoxluğu gözlərimizdən asılı qalmışdı.

Boş, dağınıq qəfəsləri bizə baxırdı. Hə, bir də 200 qramlıq yemləri...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm