• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Seyran Səxavət: “Onuncu sinfin oğlanları üçün sevgi məktubları yazırdım”

  • Digər
  • 25 İyun 2014 15:21
  • 1 492 Baxış
Seyran Səxavət: “Onuncu sinfin oğlanları üçün sevgi məktubları yazırdım”

“Uşaqlıqdan reportaj”da sevilən yazıçı Seyran Səxavətdir. Elə şirin, elə həvəslə, elə səmimi danışdı ki, xatirələri mənə də ləzzət elədi…

“Dəcəlxata”, davakar…

“Uşaq vaxtı çox dəcəlxəta olmuşam. Biz tərəflərdə belə deyirlər. Davakarlığım da vardı. Ağlım başıma gələndən sonra bunu hiss etmişəm ha...

Bizim kənd Qarabağın ən böyük kəndlərindən biri olub. Kəndin bu başından o başına qədər aşağısı beş kilometr olardı. Orta məktəb dostlarım sonradan bunu kəşf etmişdilər ki, Seyranı axtarmaqla tapmaq olmaz. Elə yaxşısı budur kəndin ayağında dayanaq, onsuz da gün ərzində gəlib burdan keçəcək. Yəni mən bir yerdə duran uşaq olmamışam. Onu da deyim ki, orta məktəbdə hamı – bütün sinif bir-biri ilə dost idi. Oğlanlı-qızlı elə indi də onların hamısı ilə münasibətim davam edir”.

“Oğlanlar sinfimizin qızlarına baxanda təpikləşmə başlanırdı”

“Başqa siniflərdən oğlanlar bizim sinfin qızlarına baxanda dava düşür, təpikləşmə başlanırdı. Namus-qeyrətlə dolurduq ki, necə yəni, hansısa oğlan sinfimizin qızlarına baxsın, ya söz atsın. Buna imkan verməzdik. Ümumiyyətlə, orda heç heç kim heç kimi özəlləşdirməmişdi də, belə demək mümkündürsə. Sadəcə, nəsə bizə toxunurdu. Öz sinfimizdə oğlanlar daha çox idi, elə baxmaq lazımsa, özümüz baxarıq də. Qırğın-qiyamət düşürdü. Əslində, bütün bunlar son dərəcə maraqlı şeylərdir. İndi böyük məmnuniyyətlə o günləri xatırlayıram”.

“Hərəsi mənə bir qapaz çəkirdi ki…”

“Əlbəttə, elə mən özüm də o qədər döyülürdüm ki. Çox vaxt haqlı döyülürdüm. Bir də görürdün, iki nəfər mübahisə edir, yuyulmamış qaşıq kimi özümü atırdım ortalığa. Ona birin, buna birin... guya, ağsaqqalam. Onlar da hərəsi mənə bir qapaz çəkirdi ki, ə sən kimsən, işimizə qarışasan. Uşağdıq da…”

“Döyülən kimi kitab-dəftərimi yığışdırıb köçərdim dədəmgilə”

“Özü də döyülüb evə gedəndə işimi ehtiyatlı tuturdum. İsmayıl oğlu Bəylər adlı dədəm vardı – “Yüzilin kişisi” hekayəmi də məhz ona həsr eləmişəm – möhtəşəm kişi idi, mən ona oxşamamışam. İki metr boyu vardı, iri də əlləri. Nəvələrinin içində ən çox məni istəyirdi. Deyirdi, bundan nəsə çıxacaq. İndi sözdü də, demişdi, sözü də çin çıxdı. Nə isə, onlarda evimizin arası iyirmi metr olardı. Döyülən kimi kitab-dəftərimi yığışdırıb köçərdim Bəylər dədəmgilə. Orda mənim təhlükəsizliyim tam təmin olunurdu. Özü də “dövlət səviyyəsində”. Çünki mənim atam ürək eləyib ondan soruşmazdı ki, Seyran niyə gəlib sizə. Heç cavab verməzdi, elə ağır kişi idi”.

Kəndin balaca mirzəsi

Onu deyim ki, eşitdiyimə görə Seyran Səxavət uşaq vaxtı daşdan keçən sevgi məktubları yazarmış. Özü də təkcə öz sevdiyi qızlara yox ha, elə dostları da gəlib ona məktub yazdırarmışlar. Düz deyirmişlər...

“Hə, o vaxt xeyli sevgi məktubları yazmışam. Onda indiki kimi mobil telefonlar, mesajlar yox idi axı. Gözəllik onda idi e. İndi hər şey asan başa gəlir deyə, asan da dağılır. Asan başa gələn şey asan dağılar, çətin başa gələn şey çətin dağılar. O vaxt savadsızlıq dövründə kənddə bir mirzə olardı, hamı məktub-zad yazdıranda gedib ona yazdırardı. Mən də elə kənddə mirzə statusunda idim”.

“Onuncu sinfin oğlanları üçün sevgi məktubları yazırdım”

“Yeddinci sinifdə oxuyanda onuncu sinfin oğlanları üçün sevgi məktubları yazırdım. Gizlətmirəm, elə özüm üçün də yazırdım. Amma mənim qızlara yazdığım məktublar tam fərqli olurdu. Bizim kənddə qobu vardı, orda kolların dibindən gözəl bənövşələr yığırdım. Amma bunu təkcı öz məktubum üçün edirdimi, bu da uşaq qısqanclığından irəli gəlirdi. Kənd qızısan da, bilərsən, o bənövşələrin başını qoparıb yapışqana salırdım. Bənövşələrlə sevdiyim qızın adının hərflərini bir-bir yazıb, məktubu göndərirdim”.

Sifarişlə yazılan məktublar

“Mənim məktublarımla kənddə evlənənlər də çox olub. Deməli, məktubu yazırdım və verirdim sifariş edən oğlana ki, özü də oxusun. Oğlan oxuyurdu və zır-zır ağlayırdı ki, ay can, ay can, deyəsən, işim düzələcək. Belə söhbətlər də olurdu. Onu da deyim ki, əlim hamıya düşürdü, özümdən başqa. Bircə, özümə düşmürdü.

Gözəl günlər idi, tərtəmiz idik. Nə özümüz öz istəyimizlə günah eləmişdik, nə də mühit bizi buna məcbur etmişdi. Böyük balonlar olur e, suyla dolu. Şəffaflıqdan o tərəfi də görünür ha. Bax, bizim uşaqlığımız elə şəffaf, elə təmiz idi”.

“Elə bilirdim, məktəbimizdə ən eybəcər oğlan mənəm”

“Axı kənd uşaqları daha tez cücərir. Bir var, asfaltda cücərəsən, bu bir az gec çəkir, bir də var torpaqda. Mühit söhbəti var da. İndi səmimi söhbət eləyirik, artıq yaşım da yetmişə çatıb.

Hesab edirəm ki, mənə elə üçüncü sinifdən cücərdim, deyəsən. Onda mənim saçlarım çox cod idi. Məktəbimizin də yanından arx axırdı. Əlimi o arxın suyuna salıb tellərimə çəkməkdən yorulmuşdum. Ha darayırdım ki, telimin codluğunu yatırım, xeyri də yox idi. Elə bilirdim, məktəbimizdə ən eybəcər oğlan mənəm. Belə bir kompleks yaranmışdı məndə. Buna qarşı mübarizə apardım – ta həddi-buluğa çatana kimi. Amma sonra gördüm, yoox, mən ən eybəcər oğlan deyiləm, mən də babatam”.

“Qızlar danışdı ki, bəs Seyran onuncu sinifdə oxuyan bir oğlanı döyüb”

“Qızların diqqətini başqa cür çəkirdim. Rusların bir sözü var e, tripaş , bax elə mən də qızların diqqətini o tripaşlığımla, davakarlığımla çəkirdim. Beşinci sinifdə məktəbin həyətində voleybol oynayırdıq. Atamın qohumu Eldəniz vardı, onuncu sinfə gedirdi, məndən beş yaş böyük idi, nəsə bir söz dedi. Xoşuma gəlmədi, tullanıb ona bir şapalaq vurdum. Sonra adım çıxdı məktəbdə. Qızlar danışdı ki, bəs Seyran onuncu sinifdə oxuyan bir oğlanı döyüb. Ləzzət eləmişdi mənə bu söhbət”.

“Sən demə, yekə arvada vurulmuşammış”

“İlk sevgim üçüncü sinifdə olub. Məktəbimizə təcrübə keçmək üçün cavan müəllimələr gəlmişdilər. Aralarında Qızbəs adlı bir müəllimə də vardı. Özü də öz kəndimizdən idi. Qəşəng, ağappaq dişləri vardı, mən birinci onun dişlərinə vurulmuşdum. Bir az özümdə-sözümdə deyildim. Mənə elə gəlirdi ki, bu, sevgidir. Əslində, yarıyan sevgi sevgi deyil. Yarımayan sevgi sevgidir. Mən öz təcrübəmdən bunu deyirəm. Nə isə, bu Qızbəs müəlliməyə vuruldum. Sonralar da başa düşdüm ki, ə, kənd diliylə desəm, bu yekə arvaddır. Ta onu bilmirəm, müəllimə bunu başa düşmüşdü, ya yox”.

“Öpüş məsələsinə kriminal kimi baxardıq”

“Məktəbi qurtarana qədər öpüş məsələsinə kriminal kimi baxardıq. Amma bizdə bir seyid qızı vardı, Alagöz adında. Təmizlik işinə baxardı məktəbdə, “təmizkom” deyərdilər. Mən də “sinifkom” idim. İkimizin də guya vəzifəsi vardı da. Nə isə, arxın suyundan-zadından içərdik susayanda. Bəzən buna görə ağzımız-burnumuzda balaca-balaca yaralar olardı. Bir gün olurdı bu, sonra keçib gedirdi. Deyirdilər ki, bu Alagöz seyid qızı olduğu üçün yaraya tüpürür və yara o saat sağalır. Bir gün məndə də oldu belə şey. Getdim ki, bəs Alagöz, bu yaraya tüpür, sağalsın. Yanımızda da balaca –bax, elə bu masa boyda göl vardı. Alagöz də nətər tüpürdüsə, düz loppasıyla gözümün içinə düşdü. Çünki düz tuşlamamışdı. Mən də bilmədim, bunu itələdim, düşdü gölə... İndi o uşaqların hamısı mənim əziz adamlarımdır”.

“O dostlarım üçün it kimi darıxıram”

“O balaca Seyran indi də mənim içimdədir. Adam hərdən içindəki o balaca uşaqla söhbət eləyir. Çünki ən məhrəm söhbət içindəki o balaca uşaqla elədiyin söhbətdir. Heç bir narazılığım yoxdur ondan. İnanın səmimiyyətimə. Mən o qədər düz yaşamışam, özü də mən bunu hesablayıb belə yaşamamışam ha! O boyda dərrakə, o boyda baş nə gəzirdi məndə ki, bunu belə mizan-tərəzi ilə hesablaya bilim. Allah belə gətirib. Dünyanın ən dahi adamının da işi deyil ki, həddi-buluğa çatsın və plan qursun ki, mən belə yaşayacağam. Mənim son dərəcə etibarlı dostlarım var. Əlli il keçib aradan, amma yenə də mən o dostlarım üçün it kimi darıxıram. Onlar da mənim üçün it kimi darıxır”.

“Bir az tərs, bir az “hidrəcavab”

“Taleyim belə gətirib, Allah belə istəyib və şükür Onun istəyinə. Hərdən o balaca Seyranın başını da sığallayıram. İndi mənim nəvələrim də var, Seyrana öz nəvəm kimi də baxıram. Nəvələrimi əzizlədiyim kimi o balaca Seyranı da əzizləyirəm. Pis uşaq olmayıb, bir az tərs olub, bir az “hidrəcavab” olub”.

“Partkom” Qızxanım…

“Məsələn, yadıma düşdü, qoy bunu danışım. Bizim kəndin partkomu vardı, atamın da qohumu idi Qızxanım. Nəsə, onun geyimi-zadı xoşuma gəlmirdi, özünü kişi kimi aparırdı. Sırıqlı geyinirdi, əlində də açarı fırladardı. Mənə elə gəlirdi ki, açarı ancaq kişilər belə fırlatmalıdırlar. Bu Qızxanımı bağışlaya bilmirdim. Bir dəfə də gəldi ki, Tükəzban nənən evdədir? Hirslə, çox kobud şəkildə qayıtdım ki, evdə yoxdur. Nənəm də evdə namaz qılırdı, bu da “partkom” idi axı. O vaxtlar da namaz qılana pis baxırdılar. Buna görə də istəmirdim deyəm ki, nənəm namaz qılır. Axırda qışqırdım ki, nə zəhləmi tökürsən? Dedim axı, nənəm evdə yoxdur. Bunu “Qaçaqaç” romanında da yazmışam. O da dedi ki, yaxşı, axşam atan Əsgər gələr, sənin də dərsini verər. Mən də o axşamı gözləyənə qədər gördüm vəziyyət ağır olacaq, yenə köçdüm Bəylər dədəmgilə”.

Atamın vurduğu şapalaq

“Bir dəfə kimsə qoyun nobatına getmirdi. Kəndin də ortalığına kişilər yığışıb danışırdılar ki, bu niyə nobata getmir. Atam kişiləndi ki, eybi yoxdur, Seyran gedər. Biz də həmin vaxt Füzuli uşaqlarıyla danışmışıq ki, yığışıb futbol oynayacağıq. Rayondan da uşaqlar yeddi kilometr yolu velosipedlə gələcəkdilər. İndi onlar da məni kişi hesab edirdilər. Sponsor elə bil mən idim də. Mənəvi sponsor. Uşağıq da, altıncı sinifdə oxuyuruq. Mən də buna görə atama dedim ki, getməyəcəm. Atam da hirslənib camaatın içində mənə bir şapalaq vurdu. Mən də elə camaat içində ona dedim ki, eybi yoxdur, axşam Bəylər dədəm gələr, baxarıq. Bu kəmşirin xatirə indiyə qədər də içimdə qalıb. Kaş indi elə o şapalağı atam mənə vuraydı, bir az da ağıllı olardım”.

“Kənd həkimi dedi ki, gəl, bunu adını Seyran qoyaq”

“Adımın da tarixçəsi var. Martın 23-də anadan olmuşam. Atam da onda üç kəndin mühasibi idi. Elə gözümü açıb görmüşəm ki, stolun üstü doludur. Ruzili vaxta düşmüşəm. Atam da deyib ki, bunun adını Novruz qoyarsınız. O vaxtlar da kirvəlik çox əziz idi, qardaşdan əziz sayılırdı. Kəndin həkimi Osman həkim də mənim kirvəm idi. Osman əmim atamdan soruşub ki, uşağın adını nə qoyacaqsan? Deyib Novruz. Qayıdıb ki, bəs filankəsin də oğlu olub, adını Novruz qoyublar. Atam deyib ki, bəs onda neyləyək, düz gəlmir axı. Osman həkim deyib ki, gəl, uşağın adını Seyran qoyaq. Səxavətə gəlincə isə, familiyam Xanlarovdur. Allah rəhmət eləsin Qasım Qasımzadəyə, Səxavət adını o mənə verib. O vaxt yaşlı yazarlar gənc yazarlar haqqında “uğur olsun” yazıları yazardılar. Məndən qabaq Ramiz Rövşənə “uğur olsun” demişdi. Məndən sonra da Nüsrət Kəsəmənliyə yazdı. Nüsrət o vaxt Qazaxdan durub mənim yanıma gəlmişdi”.

“O, Bakıda şair olub, mən də burda qoyun otarıram”

“Nüsrət yazırdı ki, Qazaxda şumda qoyun otarırdım, gördüm bir kağız parçası. Ehtiyatla çəkib oxudum: Seyran Səxavət (Xanlarov). O da 1946-cı il təvəllüdlü, mən də. O Bakıda şair olub, mən də burda qoyun otarıram. Deyir, qoyunları aparıb verdim nənəmə ki, özünə ayrı çoban tap, mən gedirəm Bakıya şair olmağa. Gəldi yanıma, mən də onu apardım Qasım müəllimin yanına. Beləcə, üçümüz də Qasım Qasımzadə kimi böyük bir qələm adamının xeyir-duasını aldıq...

Eh, uşaqlığım üçün çox möhkəm darıxıram və özüm də bilirəm ki, bu darıxmağın heç bir xeyri də yoxdur”.

Cəvahir Səlimqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR