Kremldən Uzaq Şərqdə güc nümayişi: Tokioya, yoxsa Pekinə?
Bizi izləyin

Digər

Kremldən Uzaq Şərqdə güc nümayişi: Tokioya, yoxsa Pekinə?

Rusiya Uzaq Şərqdə Silahlı Qüvvələrinin döyüş hazırlığı vəziyyətini yoxlamaq qərarına gəlib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yoxlamalar sentyabrın 11-dən 18-dək davam edəcək.

Həm quru, həm də dənizdə keçiriləcək döyüş hazırlığı yoxlamalarında Rusiya Silahlı Qüvvələrinin bütün ordu növləti iştirak edəcək. Yoxlamalarda xüsusi diqqətin böyük məsafələrdə qoşunların yenidən qruplaşdırılması məsələlərinə ayrılacağı bildirilir.

Xatırladaq ki, iki gün əvvəl Rusiya prezidenti Vladimir Putin orduda son illərin ən genişmiqyaslı döyüş hazırlığı yoxlamaların keçirilməsi barədə göstəriş verib. Şərq hərbi dairəsinin qoşunlarının döyüş hazırlığı, yəni “müharibə dövrü şəraitində məsələlərin icrası” yoxlanılacaq.

İTAR-TASS bildirir ki, Rusiyanın Silahlı Qüvvələrinin döyüş hazırlığının yoxlanılması üçün keçən il keçirilən qəfil yoxlamalar zamanı ordunun fəaliyyətində bir sıra çatışmazlıqlar aşkarlanıb. Müdafiə Nazirliyindəki mənbə bildirib ki, yeni yoxlamalar ötən il ortaya çıxan çatışmazlıqların nə dərəcədə aradan qaldırıldığını öyrənmək baxımından da əhəmiyyətli olacaq.

Siyasi müşahidəçilər bildirir ki, son illər Rusiya Uzaq Şərqdə, xüsusilə Yaponiya ilə mübahisəli ərazilərdə hərbi gücünü artırmaqda davam edir. “Nezavisimaya gazeta”nın yazdığına görə, Şərq hərbi dairəsinin komandanı, general-polkovnik Sergey Surovik Sakit okean sahilində hərbi infrastrukturun inkişafının ən mühüm məsələ olduğunu bildirib.

Rusiya nəşri qeyd edir ki, söhbət 68-ci ordu korpusunun “həyata qaytarılması”ndan gedir. Sözügedən korpus 2010-cu ildə Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi tərəfindən dağıdıldığı bildirilir. Saxalində tezliklə yeni hərbi hissələr və hərbi birləşmələrin yaradılması nəzərdə tutulub. Ümumilikdə isə, Saxalin, həmçinin Kuril adaları qrupunda olan İtupur və Kunaşır adalarında 2016-cı ilə kimi 150-dən çox hərbi obyektin tikilməsi planlaşdırılıb. Hərbi baza şəhərciklərinin tikintisi ilə bağlı bütün qərarlar təsdiq edilib.

İlk olaraq, isə adalardakı hərbi qarnizonlarda müasirləşdirmələr aparılacaq. Rusiya rəhbərliyi son illər Kuril adalarının müdafiəsinə xüsusi diqqət ayırmağa başlayıb. Son illər Dmitri Medvedev həm prezident, həm də baş nazir postunda burada iki dəfə olub. Plana görə, Saxalində hərbi şəhərciklər hələ keçmiş müdafiə naziri Anatoli Serdyukov dövründə hazır olmalı idi. 2013-cü ildə Saxalində olan Rusiya Dövlət Dumasının üzvləri də hərbi qarnizonlardan birinin acınacaqlı vəziyyətindən şikayətlənmişdi.

Ehtiyatda olan general-leytenant, hərbi ekspert Yuri Netkaçev hesab edir ki, Rusiyanın Uzaq Şərqdə möhkəmlənmək istəyi iki səbəblə bağlıdır: “Birinci səbəb Kuril adalar qrupunun dörd adasına iddia edən Yaponiyanın hərbi hazırlıqlarıdır. “Tokio son illər hərbi büdcəsini xeyli artırıb. İkinci səbəb isə Rusiyanın dəniz ərazisinin de-yure artmasıdır. 11 mart 2014-cü ildə BMT-nin kontinental şelfin sərhədləri üzrə komissiyası Oxot dənizinin 52 min kvadrat kilometrini Rusiya kontinental şelfinin hissəsi kimi tanıdı. Bu yeni ərazini müdafiə etmək lazımdır”.

Rusiya Silahlı Qüvvələrı Baş Qərargahının sabiq başçısı Nikolay Makarov sahil təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan “Bastion” və "BAL-E” komplekslərindən istifadə olunacağını söyləyib. Məlumat üçün bildirək ki, hər 2,5 saniyədən bir raket buraxmaq qabiliyyətinə malik “Bastion” kompleksi 600 kilometr uzunluğu olan sahili mühafizə etmək gücündədir. “BAL-E” sistemi isə 130 kilometrlik məsafədən bütün hədəfləri vurmaq qabiliyyətinə malikdir. Sistem gecə-gündüz və istənilən hava şəraitində hədəfləri məhv edə bilir.

Hələ 2011-ci ildə Baş Qərargah Kuril adalarında “Top-M2” zenit raket sistemləri və “Gecə ovçusu” adlandırılan “Mi-28N” zərbə vertolyotları bölməsini yerləşdirilməyi planlaşdırılırdı. İndiki halda isə Uzaq Şərq hərbi dairənin silahlandırılmasına müasir qırıcılar olan “Su-35” və “Su-30SM”, “Ka-52” döyüş vertolyotları, “Mi-8AMTŞ” nəqliyyat-hücum vertolyotları, “BAL-E”sahil raket kompleksləri, S-400 “Triumf" zenit raket sistemləri, “Pansir-S” zenit raket-top kompleksləri və “İskəndər-M” operativ-taktik raket kompleksləri daxildir.

S.Surovik bu ilin payızında hərbi dairənin “Şərq-2014” adı altında növbəti operativ-strateji təlimləri keçirəcəyini vurğulayıb.

Qərb analitikləri həmçinin hesab edir ki, Moskva Uzaq Şərqdə onun strateji maraqlarına Pekinin zərər yetirəcəyindən də narahatdır. Baxmayaraq ki, Qərb-Rusiya qarşıdurması fonunda Moskva-Pekin münasibətlərində yaxınlaşma özünü göstərir. Bun yaxınlaşmanı bu il imzalanan enerji razılaşmalarında daha aydın görmək olar.

Qərb analitikləri Krım ilhaqının bir presedent yaratdığını, Çinin də beynəlxaql norma və prinsipləri tapdalayaraq Rusiyaya hərbi müdaxilə edəcəyini bildirir.

“Çin Uzaq Şərqdə çinli azlığı qorumaq üçün Rusiyaya niyə hərbi müdaxilə etməsin?”, - Vaşinqtonda yerləşən Hudson İnstitutunun eksperti David Satter “Amerikanın səsi” radiosuna müsahibəsində Rusiyanın Krıma hərbi müdaxiləsini şərh edərkən deyib.

Hudson İnstitutunun eksperti Krımı ələ keçirməklə Rutinin qısa müddət ərzində Postsovet respublikaların narahatlığı üçün ciddi əsasların olub-olmamasına gəlincə, D.Satter hesab edir ki, müəyyən mənada Baltlikyanı respublikalar NATO-ya daxil olmaqla bu problemi həll ediblər. “Amma oxşar imtiyaza malik olmayan ölkələr üçün bu, problemdir. Məsələn, Qazaxıstanın şimalında ruslar məskunlaşıb. Sabah Rusiyanın şimali Qazaxıstana girib orada referendum keçirib həmin ərazini ilhaq etməyəcəyinə kim zəmanət verə bilər? Bu presedent sabiq Sovet respublikaları, o cümlədən Rusiyanın özü üçün çox təhlükəlidir. Əgər Rusiya belə davrana bilərsə, onda niyə Çin Uzaq Şərqdə çinli azlığı qorumaq üçün Rusiyaya hərbi müdaxilə etməsin?” – ekspert söyləyib.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm