• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

18+ Nağıl

  • Digər
  • 2 Oktyabr 2014 11:15
  • 2 042 Baxış
18+ Nağıl

Sənə nağıl danışır.

Başqa vaxt olsa, yarıda saxlayıb, ardını özün söylərsən.

Başqa yer olsa, məsələn, deyərsən ki: "Azərbaycan xalq nağılları. I cild. 99-cu səhifə".

Başqa adam olsa, yuxarıdan aşağı bir nəzər salıb soruşarsan: "Dayan e, sən heç bilirsən, çay necə axır?"

Amma heç birini eləmirsən. Min dəfə eşitdiyin nağılı ilk dəfəymiş kimi dinləyirsən. Maraqla. İntizarla. Səbəb odur ki, darıxırsan. Səbəb odur ki...

Nə fərqi e? Heç nə. Damara düşüb, vəssalam...

Gülümsəyirsən, gözlərinə baxıb, qoluna söykədiyin başını sağa əyirsən. Sevinir. Elə bilir ki, eşitməmisən, elə bilir ki, hamıdan yaxşı danışa bilir, elə bilir, hamıdan yaxşı inandırır. Bilmir ki, bütün passajlar, "oborot"lar, abzaslar o yana, nöqtə-vergülünə, "probel"inə qədər əzbər bilirsən danışdığını. Amma bir saniyəni belə itirmədən dinləyirsən. Onu məyus eləməyə qıymırsan.

Nağılı yox, səsindəki titrəyişi, nəfəsindəki fasilələri, gözlərindəki xoşbəxt işartını, dodaqlarındakı parıltını ciyərlərinə çəkmək istəyirsən. Nağıl yox, onun danışmaq istəyi, indi məhz sənə danışmaq istəyi önəmlidir...

Arada nəzərlərin köynəyinin boyunluğuna, yaxalığına, qollarının düymə yerinə ütü çəkir. Elə belə. Ondan çox, özünlə oynayırsan, səbrinin, iradənin və arzularının sərhədlərini müəyyənləşdirmək, özünü bir daha tanımaq xoşuna gəlir...

İnanmaq istəyirsən ki, qəfildən nağılda nəyisə dəyişəcək, hadisələr yeni axar alacaq, gözlənilməz gediş olacaq. Olmur. Özünə etiraz etmək istəyirsən: "Qızım, hanı bir damcı kreativlik?... Bir damcı e..." Amma eləmirsən. Əksinə, özünü inandırmaq istəyirsən ki, belə daha yaxşıdır, sənə orijinalı olduğu kimi təqdim edirlər, belə də eşit, çoxdandı heç kəsə bunu eləməyə imkan vermirsən. Bir dəfə də bu cür məğlub olmağı sına. Həə, məhz məğlub olmağı. Çünki sən məğlubiyyəti qızıl sinidə təqdim etməyi sevirsən. Onların üzlərindəki qalib ifadəsinə səbəb olmaq səni xoşbəxt edir. Sənin öz nağılın var axı: əsl qadın kişiyə mütləq məğlub olmalıdır. Amma mane olma, indi qoy o, nağılını danışsın. Nə olsun ki, özünün deyil...

Danışsın, üç gün, beş gün, bir ay, üç ay xoşbəxtlik bəsin deyil? Sonra heç nə. Özü də, özün də bilirsən ki, nağılın ikinci versiyası da olacaq. Bunu da əzbər bilirsən. Və onu da bilirsən ki, ikinci versiyada onun səsi əsəbi və qətiyyətli gələcək, nəfəsindəki fasilələri saymağa səbrin çatmayacaq, bu dəfə sönük baxılarında ifadə "neynəmək olar, həyatdı da, sən ağıllı qızsan axı" deyəcək, dodaqlarındakı parıltı gərgin səyriməylə əvəzlənəcək...

Bilirsən ki, bundan sonra özünə yeni nağıl axtaracaqsan, tapacaqsan, itirəcəksən, amma həmişə də yeni - yəni köhnə nağıla ehtiyac olacaq. Əhvalat sənə nöqtə-vergülünədək tanış olsa da. Göydən üç alma düşsə də. Lap elə almalar yerə yox, kiminsə, kimlərinsə başına dəysə də...

Heç nə... Onsuz da, səndən Nyuton olmayacaq...

Bir də ki, doğrudan da, neyləmək olar, həyatdı da...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR