• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Supermarketlərin bonus oyunu – öz pulumuza aldığımız hədiyyələr

  • Digər
  • 13 Fevral 2015 10:56
  • 3 668 Baxış
Supermarketlərin bonus oyunu – öz pulumuza aldığımız hədiyyələr

Son 5 ildə ölkədə nəhəng market şəbəkələrinin sayı nəinki artıb, bu sahədə təmərküzləşmə gedib. Məsələn, marketlər var ki, şəhərin pərakəndə ticarət üçün ən əlverişli ərazilərində yerləşir. Ətrafda rəqib marketə rast gəlmək olmur. Bundan əlavə, bəzi şəbəkələrin marketlərinin sayı daha çoxdur. Bütün bunlar qeyri-bərabər rəqabətin bir tərəfidir. Məsələnin başqa tərəfi marketlərin tətbiq etdiyi inivativ metodlardır – müştəri elektron kartları (bonus, endirim kartları) nəticə etibari ilə müştərilərin başında çatlayır. Əslində dünyanın hər yerində tətbiq edilən müştəri elektron kartları istehlakçının seçim və qərarlarına təsir edən, kömək göstərən rəqəmsal vasitə sayılır. Bizdə vəziyyət necədir? Gəlin tanış olaq.

Əvvəla, nəzərə çatdıraq ki, bu seqmentdə istehlakçı davranışları ilə əlaqədar aparılan araşdırmaların nəticələrinə görə, alış-veriş edən kütlənin 70%-ə yaxını qadınlardır, ortalama alış-veriş sürəti 25-30 dəqiqə arasıdır, alışların 70%-ə yaxını plansız alışlardır, alışların 30%-ə yaxını məhsulların sərgilənməsinin təsiriylə baş verir. Bundan əlavə, istehlakçılar marketə ilk 6-7 addımlarını heç bir malla maraqlanmadan atırlar. Göründüyü kimi, bu qədər çətin marketinq qaydalarının mövcud olduğu sahədə bonus kartlarının şərtləri maksimum sərfəli olmalıdır. Bizdə isə marketlərin bonus kartlarının faiz şərtləri bankların taksit kartlarının şərtlərindən daha ağırdır.

Başlayaq, "Azəri Retail" MMC-yə məxsus "Fresko" marketlər şəbəkəsinin tətbiq etdiyi bonus kartından. “Fresko sevimlim” adlanan kartın şərtinə marketdən edilən hər alış-veriş məbləğinin 1 faiz bonusu daxildir. Beləcə, kartda məbləğ yığılır. İstehlakçı sonda həmin məbləği ya nağd şəkildə alır, ya da elektron kart kimi alış-veriş edir.

İlk baxışdan əlverişli görünsə də, hər alış-veriş məbləğinin cəmi 1 faizinin bonus kimi hesablanması aşağı rəqəmdir. Vətəndaş müştəri kimi adına rəsmiləşdirilən kartda 1 manat bonus yaranması üçün 100 manatlıq alış-veriş etməlidir.

“Araz” marketlər şəbəkəsinin bonus kartının şərtləri də diqqət çəkir. Marketdə hər 10 manatlıq alış-verişin nəticəsi olaraq karta 1 xal yüklənir. Toplanan xalların məbləğinə uyğun sonda müştəriyə hədiyyə verilir. Hədiyyə paketinə isə ütü, fen, telefon, blender, tava, mobil telefon və sair əşyalar daxildir. Maraqlısı da odur ki, hədiyyə kimi paketlənən bu məhsullar adi dükanlarda daha ucuzdur. Məsələn, maksimum 100 manat olan buxarlı ütünü hədiyyə kimi almaq üçün 361 bal tələb edilir. Yəni vətəndaş nə az, nə çox -37 ədəd 10 manatlıq xərcləməlidir ki, 361 bal toplasın.

“Favorit” supermarketlər şəbəkəsinin tətbiq etdiyi müştəri elektron kartının adı “kartım” adlanır. “Kartım” layihəsi çərçivəsində bonuslar “inci” kimi rəsmiləşdirilir. Supermarketin partnyor şəbəkələrindən alış-veriş etdikdə istehlakçı xərclədiyi pulun müqabilində 1 inci qazanır. Yəni xərclənən hər 0.50 AZN-ə görə 1 inci əldə etmiş olur. Şəbəkənin toplanan incilərə uyğun tətbiq ediyi hədiyyə paketindən isə danışmağa dəyməz. Adi pulqabı (Mont Blank) üçün 1999 inci tələb edilir. Yəni xeyli pul xərcləməlisən ki, hədiyyə kimi ən azından pulqabı qazanasan.

“Rahat” marketlər şəbəkəsi “ANC GROUP” MMC-nin nəzdində fəaliyyət göstərir. 2009-cu ildən etibarən müştərilərin xidmətindədir. Hazırda marketlər şəbəkəsi 12 filialdan ibarətdir. Hər filialda müştərilərə elektron kartlar təklif edilir. “Rahat kart”ın şərtlərinə gəlincə, hər 10 manata 1 bal düşür. 22 bal toplandıqda – yəni vətəndaş 22 ədəd 10 manat xərclədikdə paketdəki ən aşağı hədiyyəni əldə edə bilir.

“Bazarstore” - müştəri elektron kartının tətbiqinə ilk olaraq məhz bu marketlər şəbəkəsində başlanılıb.

“Bazarstore” mağazalar şəbəkəsinin müştəri kartı “Super kart”dır.

Bu karta sahib olmaqla istehlakçı “Bazarstore”un sadiq müştəriləri siyahısına daxil olur. Eyni zamanda endirimlərdən, kampaniyalardan yararlanmaq imkanı qazanır. Bu da gündəlik alış-verişdən bonuslar toplanması nəticəsində baş verir. 20 manat və daha çox alış-verişlərdə ümumi məbləğin 1%-i qədər bonuslar “Super kart”a toplanır. Məsələn: 20 AZN= 200 bonus, 55 AZN= 550 bonus, 100 AZN=1000 bonus və s. Qazanılan 1000 bonus= 1 AZN dəyərində hesablanır.

Beləliklə, marketlər bonus oyununu da öz xeyirlərinə çevirməyi bacarırlar. Bizi şirnikləndirən marketlər öz pulumuza bizə hədiyyə verir.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR