• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ağamirzədən ŞOK açıqlamalar: “Pərviz Bülbülə mənim oğlumdur”

  • Digər
  • 27 Fevral 2015 10:26
  • 6 540 Baxış
Ağamirzədən ŞOK açıqlamalar: “Pərviz Bülbülə mənim oğlumdur”

Tanınmış meyxana ustadı Ağamirzənin Publika.az-a müsahibəsi

- Ağamirzə müəllim, necəsiniz, yaradıcılıqda hansı yeniliklər var?

- Şükür, salamatçılıqdır. Toy mövsümü deyil, hava soyuqdur, evdə oturmuşuq. Hərdənbir məclislərimiz olur. İnşallah, yeni meyxanalarımızı tamaşaçılara təqdim edəcəyik.

- Artıq səsyazma prosesi başa çatıb?

- Bəzilərini yazdırmışam, bir-ikisi qalıb, onları da yazdıracağam.

- Həmin meyxanalardan hansınasa klip çəkdirmək fikriniz var?

- Klip çəkdirmək fikrim yoxdur, amma sosial şəbəkələr vasitəsilə yayılacaq.

- Son vaxtlar efirdə az-az görünürsünüz. Dəvət etmirlər, yoxsa özünüz efirə çıxmaq istəmirsiniz?

- Maşallah, efirlərdə çox oluram. Ola bilər ki, sizə rast gəlməyib.

- Bəzi verilişlərdə sizin səbrinizi sınağa çəkiblər. Hiss olunur ki, yetərincə təmkinlisiniz. Amma meyxana deyəndə həddən artıq emosional təsir bağışlayırsınız...

- Düz deyirsiniz, meyxana deyəndə çox emosional oluram. Amma adi həyatda çox təmkinliyəm, hadisələrə səbirli yanaşmağı bacarıram.

- Toyların az olması dolanışığa necə təsir edir?

- Mənim 52 yaşım var, Allah-təala bu 52 ildə məni bir dəfə darda qoymayıb. Heç ağlıma gəlməyən yerdən ruzimi yetirib. Bu günümə min şükür. Təki həmişə belə olsun. Məclislər az olsa da, dolanırıq.

- Son illər meyxana toylarımızın ayrılmaz hissəsinə çevrilib. Bir çox meyxanaçılar, xüsusən də gənclər insanların meyxanaya olan marağından istifadə edib yüksək qonorar tələb edirlər. Əvvəlcə onu soruşum ki, məclisə gedəndə qiyməti əvvəldən danışırsınız?

- Elə toy olur danışırıq, elə olur qiymət deməyib gedirik.

- Bir-iki saatlıq çıxış üçün nə qədər qonorar tələb edirsiniz?

- Üç yüz manat. Söhbət Bakıdakı məclislərdən gedir.

- Toya sizdən baha gedən meyxanaçılar var? (Vəziyyətdən hali olsam da, bu sualı qəsdən verirəm – İ.V)

- Bir kişi daş daşıyırmış. Oğlu gəlir ki, ata, neçə daş daşımısan? Deyir ki, üç yüz əlli. Səhəri gün oğlu yenə gəlib soruşur, atası cavab verir ki, əlli daş. Atası ondan soruşanda deyir ki, mən bu gün iki yüz əllisini daşıya bildim. Növbəti gün atası soruşur, məlum olur ki, oğlu bir dənə də olsun, daş daşıya bilməyib. Atası deyir ki, oğlum, amma mən bu gün də əlli daş daşımışam. Yəni elə yeməlisən ki, həmişə yeyəsən. Camaatı da başa düşmək lazımdır. Millətin boynunu vurmaq olmaz. Hamımız birtəhər dolanırıq, şükür. Elə qiymət deməliyik ki, məclis sahibi də narazı qalmasın. Daş daşımırıq, sement daşımırıq. Gedib yeyib-içirik, məclisin ən yaxşı yerində oturdurlar, cibimizə pul basırlar. Camaata əziyyət vermək lazım deyil. Allah hər şeyi görür. Görürsən ki, kimsə nazlanır, toy yiyəsinin əsəblərini korlayır. Toy yiyəsi zəng vurur ki, sizi məclisimizə dəvət etmək istəyirik. Deyir ki, bir saatdan sonra zəng vur, yarım saatdan sonra yığ... Gah cavab vermirlər, gah telefonu söndürürlər. Bu söz hamısına aid deyil. Allaha şükür, mən bu işlərin hamısından uzağam.

- Nə əcəb prodüseriniz, köməkçiniz yoxdur?

- Mənə nə köməkçi, nə də prodüser lazım deyil. Özüm özümün həm prodüseriyəm, həm də köməkçisi.

- Əksər sənət adamlarının əlavə biznesi var. Sizdə bu mənada vəziyyət necədir?

- Qapıda iki balaca “budkam” var, ərzaq satırıq. Min şükür, toy olmayanda oradan dolanırıq.

- Yəqin ki, toy qonorarınızda olduğu kimi, orada da insaflısınız.

- Əlbəttə, onsuz da günün birində bu dünyada sahib olduğumuz hər şeyi qoyub gedəcəyik.

- Mərhum meyxana ustadı Ağasəlim Çildağ sizin doğmaca dayınızdır. Nə əcəb onun haqqında xatirələrinizi yazmırsınız?

- İndiyə kimi etməmişəm, amma düz deyirsiniz, bu barədə fikirləşmək lazımdır. Çox maraqlı olardı.

- Gənc meyxanaçılar, məsələn, deyirlər ki, ustadım Kərimdir, Mehman Əhmədlidir. Bu, doğru yanaşmadırmı? Ümumiyyətlə, kiməsə meyxana öyrətmək olarmı?

- Belə şey doğru deyil. Məsələn, Ağasəlim bizə meyxana öyrətməyib. Biz ondan qabiliyyət, qanacaq, insanlarla davranış qaydalarını öyrənmişik. Meyxana isə canda, qanda olmalıdır.

- Fikir verirsinizsə, hazırda Azərbaycanda meyxanaçı ordusu yaranıb.

- Onlar ordu kimi gəlirlər, ordu kimi də yox olurlar. Bineyi-qədimdən belə şeylər olub, olacaq da. Lazım olanda on beş nəfər super meyxana deyən tapa bilmirik.

- Sosial şəbəkələrdə söyüşlü meyxanalarınız var. İndi də elə meyxanalar deyirsiniz?

- Daha söyüşlü meyxanaya tövbə eləmişəm. Bu telefon çıxardanı lənətləyirəm. Üç-dörd nəfər dost oturub meyxana deyirsən, görürsən ki, yazdı telefona. Ayağının ayağının üstünə aşırırsan, çəkir, burnunu qurdalayırsan, çəkir, buraxır internetə. Amma əvvəllər zarafatımız olan meyxanaçılarla elə meyxanaları çox demişik. Kimlərsə alçaqlıq edib o meyxanaları internetə yayırlar.

- Son beş-altı ildə üzə çıxan meyxanaçılardan kimləri bəyənirsiniz?

- Rəşad Dağlı, Vüqar Biləcəri, Elşən Balaxanı, Valeh Lerikli, Orxan Lökbatanlı, Pərviz Bülbüləni bəyənirəm. Pərviz mənim oğlumdur, onu oğulluğa götürmüşəm. Əhmədlidən Vasif də yaxşı deyir, Mehmanın tələbəsidir. Maştağadan Ələkbər, Tərlan var.

- Bayaq dediniz ki, lazım olanda 15 nəfər tapa bilmirik. Ancaq xeyli adlar çəkdiniz.

- Bunlar cavan meyxana deyənlərdir. Mən yaşlıları deyirdim.

- Ağa, Azərbaycanda meyxanaçı deyəndə ağıla başqa fikirlər gəlir. İnsanlar düşünürlər ki, meyxanaçıdırsa, nəşə çəkir, başqa işlərlə məşğuldur. Bu, mənfi imici meyxananın və meyxanaçıların üzərindən götürmək üçün hansı işləri görürsünüz?

- Mən ibadət əhliyəm. Nə fikirləşirlərsə, qoy fikirləşsinlər. Müğənni deyəndə başqa, jurnalist deyəndə başqa şey fikirləşirlər. Nə düşünürlər, özləri bilər. Meyxana bu gün əla vəziyyətdədir.

- Öz tələbəniz var? Kimlər sizdən bəhrələnirlər?

- Cavanların hərəsi bir adamın yoluyla gedir.

- Sizin yolunuzla gedənlərdən kimlər var?

- Çoxları. Birini deyərəm, biri inciyər. Kimlər mənə ustad deyirlər, onlar da mənim tələbələrimdi. Amma meyxanada öyrətdi yoxdur.

- Meyxanadan əlavə hobbiniz var?

- Futbola da azarkeşlik edirəm, bilyard da oynayıram. Vaxt olanda bilyard salonuna gedirəm.

İntiqam VALEHOĞLU

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR