• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Elmin İnkişaf Fondu bu layihələrə qrant ayıracaq

Elmin İnkişaf Fondu bu layihələrə qrant ayıracaq

Prezident yanında Elmin İnkişafı Fondu 2014-cü il üçün elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, 2014-cü il üçün əsas qrant müsabiqəsinin kompleks elmi-tədqiqat proqramları üzrə layihələr sırasından ümumi maliyyələşdirilmə həcmi 4200000 manat olmaqla 14 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiq olunub. Digər layihələr üzrə əlavə qərar qəbul ediləcək.

Qalib layihələr AMEA-nın Fizika, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları, Geologiya və Geofizika, Botanika, Kataliz və Qeyri-üzvi Kimya, Neft-kimya Prosesləri, Fəlsəfə və Hüquq institutlarında, Təcrübə-Sənaye Zavodunda, həmçinin Bakı Dövlət Universitetində, Milli Onkologiya Mərkəzində yerinə yetiriləcək. Multidissiplinar xarakterli layihələrin reallaşdırılmasında adıçəkilən qurumların əməkdaşları ilə yanaşı AMEA Fiziologiya, Zoologiya, Aşqarlar Kimyası institutlarının, Azərbaycan Tibb Universitetinin, Azərbaycan elmi-tədqiqat Əkinçilik və Tərəvəzçilik sahə institutlarının alim və mütəxəssisləri də iştirak edəcəklər. Qeyri-hökumət təşkilatları olan “Sağlam Nəsil” İctimai Birliyi və Abşeron Bio-Texnoloji MMC-nin əməkdaşları də layihələrdə təmsil olunublar. Fizika-riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 5, Yer haqqında elmlər üzrə 1, biologiya, tibb və aqrar elmləri üzrə 4 və humanitar və ictimai elmlər üzrə 1 layihə qalib olub. Layihələrin icra müddəti 18 aydan 36 ayadəkdir və bu müddət əhəmiyyətli və tətbiqi xarakterli nəticələrin alınmasına imkan verəcək.

AMEA və təhsil sistemindəki təşkilatlar və digər qurumlar tərəfindən təqdim edilmiş bu tip proqram layihələrinin böyük maliyyə həcmli qrantlar (100 min - 500 min manat arası) yolu ilə maliyyələşdirilməsində əsas məqsəd elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırması, müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) dəstəklənməsi, maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə yenilənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına şərait yaradılması, müasir elmi-tədqiqat qrupları, laboratoriyaları, mərkəzlərinin (o cümlədən, beynəlxalq əməkdaşlıq çərçivəsində) yaradılmasıdır. Layihələrdə maliyyə və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq ezamiyyətlər yolu ilə elmi kadr hazırlığı da nəzərdə tutulub.

Elmin İnkişafı Fondu gələcəkdə də kompleks elmi-tədqiqat proqramları üzrə böyük maliyyə həcmli və uzunmüddətli qrant layihələrini dəstəkləyəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR