• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

II və III ixtisas qruplarına qəbul imtahanı keçirilir

II və III ixtisas qruplarına qəbul imtahanı keçirilir

Bu gün 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

Publika.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən məlumatına görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılır.

İmtahanda 29 min 582 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15 min 835 abituriyent II qrup üzrə, 13 min 747 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 26 min 829 nəfəri (II qrup üzrə 14 052 nəfər, III qrup üzrə 12 777 nəfər) Azərbaycan bölməsinin, 2 753 nəfəri (II qrup üzrə 1783 nəfər, III qrup üzrə 970 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 13 min 251 nəfəri (II qrup üzrə 9842 nəfər, III qrup üzrə 3409 nəfər) oğlanlar, 16 min 331 nəfəri (II qrup üzrə 5993 nəfər, III qrup üzrə 10338 nəfər) isə qızlardır. 28 min 163 nəfər orta ümumtəhsil məktəblərinin, 19 nəfər ali təhsil müəssisələrinin, 1400 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 186 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1978-ci ildən, ən gənci isə 2000-ci ildəndir.

Bakı şəhərində 12 min 765, Naxçıvanda 1458, Gəncədə 3686, Sumqayıtda 1537, Mingəçevirdə 1409, Şəkidə 1890, Ağcabədidə 1353, Göyçayda 1400, Şirvanda 1129, Lənkəranda 1837, Xaçmazda isə 1118 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 218 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2491 nəzarətçi-müəllim cəlb olunub.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Xatırladaq ki, imtahanda abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunur. II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən, III ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarıdır.

Qeyd edək ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR