• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bizdə “çəkələk qadağası”, bəs onlarda?

Bizdə “çəkələk qadağası”, bəs onlarda?

Dünya sürücüləri elə qəribə və sərt cərimələrin qurbanıdır ki...

Günün ən aktual mövzusu heç şübhəsiz ki, Bakıda yay aylarında çəkələklə avtomobil idarə edənlərə qoyulan qadağadır. Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, son 10 gündə çəkələklərlə avtomobil idarə edən sürücülər tərəfindən 11-ə yaxın yol qəza hadisəsi törədilib.

Açıqlamanın yayılması ilə sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr də başlandı. Hər kəs bu qadağanın gülünc olması ilə bağlı fikir yürütsə də, reallıq başqa şeylərdən xəbər verirdi. Yəni, bu günə qədər dünya nəqliyatında bizim ağlımıza belə gəlməyən, amma çox maraqlı cərimələr var. Adına “demokratıyanın beşiyi” deyilən yerlərdə bu qadağaların siyahısına və mahiyyətinə baxaq.

CƏZA – MÜTLƏQ KURSA GETMƏLİSƏN...

Başlayaq Amerikadan. Burada təkcə yol qəzası törədən yox, eyni zamanda yol-hərəkət qaydalarını pozanlar da nəqliyyat sığorta cəzası ödəyir və bu, yetərincə böyük məbləğdir. Əgər sürücünün vəsiqəsində 3-dən artıq cəza varsa, avtomatik nəqliyyat sığortası borcu yaranır. Məbləğin böyük-kiçikliyindən asılı olmayaraq, sürücü onu dərhal ödəməlidir. Əks halda həm ağır pul cəzası, həm də həbs ehtimalı var. Bir müddət sonra isə sürücülük vəsiqəsi qeyri-müəyyən vaxtadək ləğv edilə bilər.

Amerikada daha bir maraqlı sistem isə “Sürücü müdafiə kursu” adlanır. Yol qaydalarını pozan sürücü son 1.5 il içində bu kursa daxil olmayıbsa, ona kursa daxil olması üçün bir şans verirlər. Kurs olduqca professional səviyyədə hazırlanıb və ümumən 6-8 saatdır. Sürücüyə bütün yol qaydalarını əzbərlətdirincəyə qədər davam edir. Bəs bunun faydası nədir? Birincisi, kursa girmənizə səbəb olan nəqliyyat xətası sizin sürücülük vəsiqənizdən silinir. Bundan başqa, ya pul cəzasının bütün hissəsini və ya bir hissəsini silirlər.

Maraqlıdır ki, Amerikada sürücülük vəsiqəsi almaq olduqca asandır. İmtahanlar cəmi 5-10 dəqiqə davam edir. Bu işi bir polis görür, vəsiqə almaq istəyən şəxsin yanında oturub ona gedəcəyi yeri göstərir. İmtahan nəqliyyata açıq yollarda gerçəkləşir. İnsanlar sadəcə yol hərəkəti qaydalarına uyğun olaraq hərəkət edirlər və sonda polis onlara qiymət verir. Amma Amerikada sürücülük vəsiqəsi almaq əsas məsələ deyil. Çünki yola çıxanda polis heç bir güzəşt etmir. Ən kiçik səhv sürücüyə 100-200 dollar məbləğində pul cəzası olaraq geri qayıdır. İkinci dəfə sürücü məhkəməyə göndərilir. Orada da minimum 500 dollar cəza və məhkəmə məsrəflərini ödəyirsiniz.

ŞOTLANDLARA QIRMIZI İŞIQ VƏ ALKOQOL KABUSU...

Şotlandiyada isə işıqforun qırmızı işığına olduqca həssas yanaşırlar. İstəyir gecə saat 3, küçələr də bomboş olsun, yenə də qırmızı işıqda keçən sürücü polisə aparılır, məhkəməyə verilir və 400 paund həcmində pul cəzası alır, eyni zamanda sürücülük vəsiqəsinə bal da yazılır. Sərxoş vəziyyətdə maşın sürən üçün də eyni cəzalar, üstəgəl həbs cəzası keçərlidir.

Buna qarşılıq olaraq, Şotlandiyada sığorta şirkətləri maşına dəymiş ziyana görə 100 min sterlinqə yaxın ziyan ödədiyi üçün avtomobil qəzası edən sürücünü dərhal qara siyahıya daxil edir. Və həmin adamın maşını normal tariflərdən 3-5 qat daha artıq məbləğə sığorta edilir.

ƏRƏBLƏRİN İRİ MƏBLƏĞLİ CƏRİMƏLƏRİ

Səudiyyə Ərəbistanda qırmızı işıqda keçən sürücü 3 gün müddətinə həbs edilir. Bu 3 gün ərzində bütün işləri və görüşləri alt-üst olur. Bununla yanaşı, ölkədə yol-nəqliyyat hadisələrində yaralanan və ölənlərin sayı yox deyiləcək qədər azdır.

Yaxın aylarda Birləşmiş Əmək Əmirliyinin (BƏƏ) Dubay şəhərində nəqliyyatın yeni növünün - tramvayın istismara verilməsi yol polisindən və nəqliyyat idarəsindən yeni yol hərəkəti qaydalarının, onları pozanlar üçün cərimə sisteminin hazırlanmasını tələb edir.

Məsələn, tramvay yolları ilə yol kəsişmələrində ağır nəticələrə səbəb olacaq işıq siqnallarına riayət edilməməsi pozucuya 30 min BƏƏ dirhəminə (8176 dollara) və sürücülük hüququndan bir ilə qədər məhrum edilməyə başa gələ bilər. Yol hərəkəti hadisəsinin iştirakçısının zədələnməsi ilə nəticələnən analoji pozuntuya görə günahkar beş mindən 15 min dirhəmə qədər (1300-4100 dollar) ödəməli olacaq və yarım il sürücülük hüququndan məhrum ediləcək.

Tramvay yollarında işıq siqnallarını pozmadan və zərərçəkən olmadan baş verən yol-nəqliyyat hadisəsi onu törədənə 3 min dirhəmə (təxminən 800 dollara) başa gələcək.

Qeyd edək ki, Dubayda şəhər tramvayı layihəsi son bir neçə il ərzində həyata keçirilir. Ümumi uzunluğu 14,6 kilometr olan xətt turistlərin sevimli Sufuh, Cumeyra Biç Rezidens, Dubay Marina sahilyanı rayonlarından keçəcək.

Dubayda tramvay rəsmən 2014-cü ilin noyabrında işə başlayacaq. Buna qədər marşrutda intensiv test sınaqları keçiriləcək.

YA SİLAHLA ADAM YARALADIN, YA İÇKİLİ MAŞIN SÜRDÜN – MAHİYYƏTİ EYNİDİR

Kanadada yol polisləri hər ay maaşlarından əlavə pul alırlar. Gəlirlərinin təxminən 30 faizini kəsdikləri cəzalar təşkil edir. Cəzalar polisə yox, birbaşa bank şöbələrinə ödənilir.

İtaliyada piyadaların ölümü ilbəil artır. Ölkənin nəqliyyat Nazirliyindən verilən məlumatda ötən il maşın yollarında 627 piyadanın və 352 velosipedçinin avtomobil vurmasından dünyasını dəyışdiyi bildirilib. Bu səbəbdən 35 mindən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunun qarşısını almaq üçün İtaliyanın millət vəkilləri 21 yaşı tamam olmayan sürücülərə içkili vəziyyətdə sükan arxasında oturmağı qadağan etmək qərarını irəli sürüblər. Bundan əlavə yol hərəkəti qaydalarını pozan sürücülər daha kəskin cəzalarla üzləşə bilər.

Avtomobillərin yeni çıxan vaxtlarında Parisdə sürücü qadınlar yol qəzalarına daha çox səbəb olduğu üçün şəhər meriyası bunun qarşısını almaq məqsədilə qanun qəbul edir. Bu qanuna görə yaşı 30-dan aşağı olan qadınlara avtomobil idarə etmək qadağan olunur. Deyirlər, qanun çıxan günün səhəri Parisdə bir nəfər də olsun qadın sürücüyə rast gəlməyiblər. Səbəb sürücü qadınların yaşının 30-dan artıq olduğunu bildirmək istəməməsi olub.

İsveçrədə (ərazi 41 285 kvadrat km, əhali təqribən 8 milyon, bərk örtüklü avtomobil yollarının uzunluğu 71 min kilometr) 2012-ci ildə nəqliyyat qəzalarında 378 nəfər həlak olub. Bu, II dünya müharibəsindən sonra ən aşağı göstəricidir. Bu ölkədə müharibədən sonra 30 il ərzində yol qəzalarında ölü sayı sürətlə artır, 1971-ci ildə isə pik nöqtəyə çatır (1773). Sonradan hökumətin sərt tədbirləri və texniki inkişaf nəticəsində geri sayım başlayır. İcazə verilən alkoqol miqdarının 0.8 promildən 0.5-ə endirilməsi, bütün sərnişinlər üçün təhlükəsizlik kəmərinin məcburi olması, yolların keyfiyyəti müsbət nəticə doğurdu. Bunu da qeyd edək ki, müharibədən sonra ölkədə nəqliyyat vasitələrinin ümumi sayı da 63 dəfə artıb. Əgər 1945-ci ildə ölkədə 63 000 minik avtomobili vardısa, 2008-də bu göstərici 4 milyon oldu. Eyni zamanda, ağır xəsarət alanların sayı 9% azalaraq, 4780-ə, yüngül xəsarət alanların sayı isə 5% azalaraq 20176-ya düşdü. Qəzaların əksəriyyəti yaşayış məntəqələri daxilində baş vermişdi.

Malaziyada və İndoneziyada yol hərəkəti qaydalarına riayət etməmək, svetafor işıqlarını saya almamaq az qala ölkənin mədəniyyətinin bir parçası sayılır. Polislər yoxlama adı ilə maşınları saxlayır və aldıqları rüşvətlə aşağı məvaciblərini kompensasiya edirlər. Bu ölkələr artıq sözügedən qaydada idarə olunmağa öyrəşiblər.

İsveçdə isə içkili vəziyyətdə maşın sürmək birbaşa cinayət sayılır. Ona görə də ölkə polisi içkili maşın sürmək və sürət həddini aşmağı “silahla adam yaralamaq” cinayəti ilə eyniləşdiriblər. Bu cür pozuntular zamanı ya sürücünün vəsiqəsi ömürlük əlindən alınır, ya da çox ağır pul cəzaları verilir. Təhlükəsizlik kəməri taxmayanlara da 100 kron pul cəzası kəsilir. Bu 2 cəza növü İsveçdə minlərlə canın həyatda qalmasına səbəb olduğu kimi, milyonlarla kron maddi ziyanın qarşısını da ala bilir./musavat.com/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR