Gənc xilasedicilərimiz beynəlxalq düşərgədə iştirak ediblər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gənc xilasedicilərimiz beynəlxalq düşərgədə iştirak ediblər - FOTOLAR

Rusiya Federasiyasının (RF) Moskva vilayətinin Noqinsk şəhərindəki Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Xilasetmə mərkəzində 31 iyul-10 avqust 2015-ci il tarixlərində gənclərin ekstremal və fövqəladə hallara hazırlanması (USAR-2015) üzrə gənc xilasedicilərin Beynəlxalq düşərgəsi keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin, Gənclər üzrə Federal Agentliyin və Rusiya Federasiyası İctimai Palatasının dəstəyi ilə “Rusiya Xilasedicilər Birliyi” ictimai təşkilatının təşkil etdiyi düşərgədə Azərbaycan Respublikası, Belarus Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan, Almaniya, İslandiya, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Serbiya Respublikası və Türkiyə Respublikasının gənc xilasedicilər komandaları iştirak ediblər.

Gənc xilasedicilərin Beynəlxalq düşərgəsinin təşkil olunmasında məqsəd gənc nəslin xilasetmə vərdişlərinə yiyələnməsi ilə yanaşı, onlarda fərdi və ictimai təhlükəsizlik məsələlərinə məsuliyyətli yanaşma tərzinin formalaşdırılması, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, cəmiyyətə faydalı vətəndaşların yetişdirilməsi və müxtəlif ölkələrin gəncləri arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi olub.

Beynəlxalq düşərgə çərçivəsində 10 ölkədən gəlmiş 200 gənc xilasediciyə qarışıq beynəlxalq qruplarda xilasetmə işlərinin fərdi qaydada həyata keçirilməsinin müasir üsulları öyrədilmiş, şəhər şəraitində xilasetmə işlərinin aparılması üzrə nəzəri və praktiki dərslərə əlavə olaraq, dil seminarları, komandaların dostlaşması üçün oyunlar, mədəni və musiqili proqramlar, ekskursiyalar təşkil edilib.

Gənc xilasedicilər, o cümlədən, azərbaycanlı iştirakçılar ölkələri haqqında yaradıcı təqdimatlarla çıxış etmiş, öz xalqlarının adət və ənənələrindən bəhs ediblər.

Təlimın sonunda gənc xilasedicilər beynəlxalq xilasetmə əməliyyatında iştirak etmişlər. Onlar “N şəhəri ərazisində baş vermiş fövqəladə hal”ın nəticələrinin aradan qaldırılması üzrə bütün qəza – axtarış xilasetmə işlərini öz üzərinə götürmüş və müvəffəqiyyətlə yerinə yetiriblər.

Təlimdə iştirak edən bütün iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar verilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm