• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Məşhurları öldürən xəstəlik bir addımlığımızda: bunları etməyin!

Məşhurları öldürən xəstəlik bir addımlığımızda: bunları etməyin!

Publika.az bu gündən "Xəstəlikləri tanıyın" adlı yeni layihəyə başlayır. Son vaxtlar bir az şişirdilmiş də olsa, xəstəxana, klinika və apteklərin sayının insanların sayına yaxınlaşdığı bir vaxtda həkim məsləhətinə və xəstəliklər barədə məlumatlanmağa, ən əsası doğru maariflənməyə ehtiyac var. Bunu nəzərə alıb layihəmizdə xəstəliklərin yaranma səbəbləri, müalicə üsulları, dünyada və ölkəmizdəki vəziyyəti barədə məlumatları təqdim edəcəyik. İlk mövzumuz isə anoreksiya ilə bağlıdır. Xəstəliyin son vaxtlar yerli və dünya mətbuatında müzakirə mövzusuna çevrilməsini, ölkəmizdə də sürətli şəkildə yayılmasını nəzərə alıb ilk olaraq bununla başladıq.

Kökəlmək onlar üçün fəlakətdir, əsas hədəfləri ən arıq olduqları illərə geri qayıtmaq, ya da tanıdıqları arasında ən arıq olanın çəkisinə çatmaqdır. Bu hədəfə çatdıqlarını öyrənmək üçün gündə dəfələrlə tərəziyə çıxarlar. Acından ölsələr belə yemək masasına oturanda tox olduqlarını deyərlər. Mədə ağrıları və ürəkbulanma gündəlik şikayətləri sırasındadır. Amma buna baxmayaraq, yemək yemirlər, hər bir qidanın neçə kalori olduğunu əzbər bilirlər. Nə qədər arıq olsalar da, güzgüyə baxanda özlərini bir neçə dəfə kök görürlər.

Söhbət günümüzün sürətlə yayılan xəstəliklərindən olan anoreksiyadan gedir. Anoreksiya ən yüksək ölüm göstəricilərinə malik psixi pozğunluqlardan biridir. Bu psixi pozuntu əvvəlcə adi arıqlamaq istəyi kimi başlayır.

Son günlər məşhur aktrisa Ancelina Colinin şəkilləri dünya mətbuatında müzakirəyə çevrildi. Şəkillərdə aktrisanın çox arıqlaması əvvəlcə xərçəng xəstəliyi ilə əsaslandırılsa da, sonradan bunun anoreksiya ilə əlaqədar olması həkimi tərəfindən təsdiqləndi. Çəkisi 35 kiloqrama düşən aktrisa uzun illərdir bu xəstəlikdən əziyyət çəkir və bir müddət xəstəxanada belə müalicə alıb.

Ümumiyyətlə, anoreksiya adətən məşhurların xəstəliyi kimi tanınır. 2006-cı ildə 21 yaşlı braziliyalı model Anna Karolina Restonun ölümü də məhz anoreksiya ilə əlaqələndirilir. Super model dünyasını dəyişərkən boyu 1m.72 sm, çəkisi isə 40 kq olub. Elə həmin ildə 22 yaşlı Luisel Ramos Montevidioda keçirilən moda həftəsində ürək tutmasından podiumda dünyasını dəyişmişdi. Bu hadisələrdən sonra bəzi şirkətlər modellərin sağlamlıq müayinəsini məcburi etsə də, bu anoreksiyaya tutulanların sayını azaltmır. Artıq anoreksiya yalnız məşhurların xəstəliyi deyil. Xəstəlik sadə insanlar arasında da sürətlə yayılır. Bu gün dünya əhalisinin 20%-i anoreksiyadan əziyyət çəkir.

Ölkəmizdə bununla bağlı statistika aparılmasa da, son illərdə artım olduğunu ekspertlər də təsdiqləyir.

Anoreksiya əsasən gənc qadınlarda görülən, az yemək, iştahasızlıq, az yatmaq və bütün bunlara baxmayaraq, aktivliklə müşahidə olunan bir xəstəlikdir. Bəziləri sadəcə ac qalmaqla arıqlamaq istəsələr də, bu xəstələr arasında professional yardım almaq üçün diyetoloqa müraciət edənlər də az olmur. Onların əsas məqsədi sürətlə arıqlamaq üçün xüsusi reseptləri əldə etmək olur.

Diyetoloq Şəhriyyə Əhmədova arıqlamaq üçün müraciət edənlər arasında anoreksiyalı xəstələrin olduğunu deyir.

"Son zamanlar az çəkili insanların arıqlamaq istəyi xeyli artıb. Hesab edirəm ki, anoreksiya xəstələri hər zaman olub. Sadəcə onlar ətrafında diyetoloqa müraciət edib arıqlayanları görəndə özləri da bu üsulu seçirlər. Lakin özlərinin həddən artıq arıq olmalarını dərk etmirlər. 15 yaşından başlayaraq müxtəlif yaş qruplarında, xüsusən qadınlar müraciət edir. Bu insanlar hər dəfə bir az daha arıqlamış formada müraciət etsələr belə, təkrar arıqlamaq üçün kömək istəyirlər. Onlara kənardan olan iradları belə qəbul etmir. Hər dəfə güzgüyə baxanda özlərini artıq çəkili kimi görürlər. Bu cür arıqlamaq daxili orqanlarda patoloji dəyişikliklərə gətirib çıxarır. Hətta, bu insanlar arasında sidikqovuculardan istifadə edən, süni şəkildə qusanlar da olur", - deyə diyetoloq bildirir.

Arıqlamaq üçün müraciət edən anoreksiyalı xəstələrə necə bir proqram müəyyən olunmasına gəldikdə diyetoloq, onlara da fərdi yanaşmalar tətbiq edildiyini bildirib: "Onlar bunu xəstəlik yox, fərdi yaşayış tərzi kimi qəbul edirlər. Məsələn, bu günlərdə bir xanım müraciət edib. 54 kiloqram çəkisi var, boyuna nisbətən hələ 4 kilo artırmalıdır. Amma o arıqlamaq istəyir. Razılaşmışıq ki, hər həftə onunla görüşək və söhbət edək. Onu inandırmağa çalışıram ki, arıqlamasına ehtiyac yoxdur, çəkisi normaldır. Bununla yanaşı həmin şəxslərə düzgün qidalanmaq üçün proqram hazırlayırıq. Həmin siyahıda karbohidrat tərkibli qidalar üstünlük təşkil edir. Lakin bilirəm ki, xüsusən nevrotik anoreksiyalar yazılmış qidaların yarısını qəbul edir. O zaman izah etməyə çalışıram ki, az yeməklə arıqlamaq olmur. Normal yeməsək əksinə çəki arta bilər. Çünki uzun müddət ac qalmaqla metabolizm işləkliyini itirir".

O deyir ki, yazılan proqrama uyğun qidalanmayanlar mütləq psixoloqa yönləndirilməlidir: "Əlbəttə, bu təklifdən imtina edənlər də olur. Ona görə də, əvvəlcə həmin insanlara psixoloji kömək etməyə çalışıram. Bu insanlar ifrat dərəcədə idmanla məşğul olurlar. Onsuz da az qidalanırlar, idman etməklə qəbul etdikləri bütün enerjini itirirlər. Nevrotik anoreksiyalar bədəndə maddələr mübadiləsinin pozulmasına səbəb olub. Bu zaman diyetoloqla yanaşı, psixoloq, terapevtlər də müalicəyə cəlb olunur. Bəzən bu problem davamında daxili orqanların xəstəlikləri ilə nəticələnir ki, bu zaman da endokrinoloqların köməyindən istifadə edilir. Bəzi hallarda bu insanlar üçün dərman müalicəsi tətbiq edilir. Bu xəstəlik davamında bir çox daxili orqanların xəstəliyinə səbəb olur. Sonra nə yesələr belə, mədə qəbul etmirlər. Az qida qəbul edəndə də qaytarırlar. Yorğunluq, başgicəllənmə, saç tökülmələri, dırnaqların sınması, bəzən qəbzlik, qanazlığı, təzyiq dəyişikliyi müşahidə edilir. Bu insanlar hamiləlik zamanı kökəlsələr də, uşaq doğulandan sonra daha çox arıqlamağa çalışırlar".

Psixoloq Elnur Rüstəmov hesab edir ki, anoreksiyada psixoloji faktorlar əsas rol oynayır. Bunun da müalicəsində psixoloq məsləhəti birbaşa tövsiyə olunur: "Bu insanlar tək qalmaq, kökəlməkdən, qocalmaqdan qorxur. Əslində bu məsələnin görünən tərəfidir. Onlar hər hansı travmadan sonra anoreksiya xəstəliyinə tutulurlar. Xüsusən, bu yeniyetmələrdə, sənət adamları, daxili problem yaşayan insanlar bu xəstəliyə tutulur. Bu psixoloji problemlər ailədaxili, iş və digər məsələlərdən qaynaqlana bilər. Anoreksiyanın müalicəsində birmənalı şəkildə psixoloji testdən keçməlidirlər. Bu insanlar yeməyə qarşı həssas yanaşır, yemək yemir, yesə də tez qaytarır. Təəssüf ki, onların bu hərəkətlərini ətrafdakılar diqqət etmirlər. Artıq həmin insanın səhhətində ciddi problem yarananda həkimə müraciət edirlər. Ailə ilk növbədə bilməlidir ki, bu problem səbəbsiz ortaya çıxmır. Mütləq ailədə, ya da iş və ya dərsdə problemi var".

E.Rüstəmovun sözlərinə görə, ölkədə bununla bağlı tam statistika aparılmasa da, lakin bu problemdən əziyyət çəkənlərin sayı çoxdur: "Xüsusən də son dövrlər arıqlamaq xanımların ən böyük problemidir. Mərkəzə bu cür şəxslər müraciət edib, terapiya prosesi keçirlər. Bu, əslində fərdin özünü intihar etməsidir. Çünki zamanla daxili orqanlar sıradan çıxır və həmin şəxslər həyatla vidalaşır. Bu insanın uzun müddətli intihar prosesidir. Şüuraltı bu insanlar ölmək istəyir. Ona həyatda qala biləcək bir səbəb versək, o mübarizə aparacaq. Kompleks müayinələr aparıldığı halda bu insanlar bu insanları həyata qaytarmaq olar. Bu vaxta qədər bu xəstəlikdən insanların ölümlə nəticələnməsinin səbəbi həmin insanlarda motivasiyanın formalaşmaması ilə bağlıdır. Bu insanlar adətən terapiyadan imtina edirlər. Motivasiyanı bərpa etsək, onları xilas edə bilərik".

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>