• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

40 manat borca görə törədilən qətl – Cinayət tarixçəsi

40 manat borca görə törədilən qətl – Cinayət tarixçəsi

2013-cü il, fevralın 5-də Ağcabədi rayonunun Sarvanlar kənd sakini, 22 yaşlı Nurəddin Süleymanov bıçaqla özündən 7 yaş böyük olan Xalid Həsənovu öldürüb. Publika.Az-ın araşdırmasına görə, o, qətli törətmək üçün Xaliqin yaşadığı Minəxorlu kəndinə gedib və cinayəti törədib.

Hadisə baş verən günü Nurəddin Süleymanov bibisi oğlu Şiraslan Süleymanovla birlikdə yaşadıqları Ağcabədi rayonunun Sarvanlar kəndindən qonşu Minəxorlu kəndində yaşayan Xaliq Həsənovun evinə gedib və onu küçəyə çağırıblar. O, Bakı şəhərində tikintidə birgə işlədikləri dövrdən yaranmış 40 manat

məbləğində borcunu Xaliqdən tələb edib. Həmin vaxt Xaliq başqa yerdə söhbət etməyi təklif edib. Buna görə də onlar birlikdə yolboyu mübahisə edə-edə Minəxorlu kəndinin çıxacağına tərəf gəliblər.

Yolda gedərkən Xaliq Həsənov Nurəddinə "sən və atan kişi olsaydınız, Fazildən borcunuzu alardınız", -deyə bildirib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Xaliq Nurəddinin yaxasından tutaraq onu yerə yıxıb və döyməyə başlayıb. Bundan hiddətlənən Nurəddin Xaliqdən qisas alıb onu öldürmək qərarına gəlib. Buna görə də əvvəlcədən özü ilə götürdüyü bıçaqla Xaliqə iki dəfə bıçaq zərbəsi vurub. Zərbənin təsirindən yerə yıxılan və ayağa qalxmağa cəhd göstərən Xaliq Həsənovun onu öldürməməsi barədə yalvarışlarına məhəl qoymyıb. O, qəddarlıq və rəhmsizlik nümayiş etdirərək Xaliqə çoxsaylı zərbələr vurub. Xaliq aldığı zərbələrdən dünyasını dəyişib.

"Yeni il ərəfəsində Xaliq əmək haqqı verərkən 40 manat borcu qaldı"

Bu əməli ilə Nurəddin Süıeymanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cəlil Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Nurəddin Süleymanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağcabədi rayonunun Minəxorlu kənd sakini Xaliq Həsənovu 2012-ci ilin qış aylarından tanıyıb: Xaliq tərəfindən hər günümə 15 manat pul verilməklə Bakı şəhərində işləməyə getməyə razılaşmışıq. Onunla razılaşandan sonra Bakı şəhərinə işləməyə getdik. Yeni il ərəfəsində Xaliq əmək haqqı verərkən 40 manat borcu qaldı. O, həmin pulu rayona qayıdarkən verəcəyinə söz

verdi".

"Xaliq yolda "atanla sən kişi olsaydınız, Fazildən pulunuzu alardınız" sözlərini dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Xaliq rayona qayıtsa da, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu verməyib: "Fevralın 5-də, saat 10.00-da qonşuluqda yaşayan dayım Talıb

Abbasovun azyaşlı oğlu Şiraslan Süleymanovla birlikdə pulumu almaq üçün Minəxorlu kəndində yaşayan Xaliqgilə getdim. Onunla görüşüb ondan pulunu istədim. Xaliq başqa yerdə söhbət

etməyi təklif etdi. Kəndin çıxacağına tərəf gedərkən Xaliq yolda "atanla sən kişi olsaydınız, Fazildən pulunuzu alardınız" sözlərini dedi. Sonra yumruqla vuraraq məni yerə

yıxdı. Yerdə olarkən Xaliq qolumu boğazıma qoydu və məni boğmaq istədi. Özümü qorumaq üçün şalvarımın arxa cibində olan qatlanma tipli bıçağı çıxardım. Xaliqi ayağından və sinə nahiyəsindən bir neçə dəfə vurdum. Sonra onun öldüyünü zənn edib Şiraslanla birlikdə hadisə yerindən qaçdım. Sonra evə getdim. Yolda gedərkən öz mobil telefonumda kontur olmadığına görə Şiraslanın mobil telefonundan dayım Talıba zəng etdim. Xaliqi bıçaqla vurduğumu deyərək atası Elçinə xəbər verməyini xahiş etdim. Evə gələndə bıçağı orada bir yerə tulladım. Həmin vaxt əynimdə olan gödəkçəni isə Şiraslan əlində gətirərək evimizin hasarına atdım. Xaliqlə dalaşarkən Şiraslan qıraqda dayanıb və qorxusundan ağlayıb. Şiraslan Xaliqi vurmayıb".

"Xaliq Nurəddinə yalvararaq onu öldürməməyini istədı"

Cinayətin şahidi olmuş Şiraslan Süleymanov məhkəmədə şahid qismində ifadə verib. O, deyib ki, fevralın 5-də bibisi oğlu Nurəddinlə qonşu Minəxorlu kəndində yaşayan Xaliqgilə gedib. Opnun sözlərinə görə, Nurəddin Xaliqlə görüşüb və ondan pulunu istəyib: "Xaliq Nurəddinə başqa yerdə söhbət etməyi təklif etdi.Onlar kəndin çıxacağına tərəf gedərkən Xaliq

yolda Nurəddinə "atanla sən kişi olsaydınız, Fazildən pulunuzu alardınız" sözlərini deyəndə, onların arasında mübahisə yarandı. Xaliq bibim oğlu Nurəddini yumruqla vurdu və yerə yıxdı. urəddin isə cibindən bıçağı çıxardıb Xaliqə zərbələr endirdı. Həmin vaxt Xaliq Nurəddinə yalvararaq onu öldürməməyini istədı. Həyatımda belə hadisə görməmişdim. Buna görə də qorxumdan yerimdə donub qalmışdım. Ağlaya-ağlaya kənardan baxırdım. Mən Xaliqi vurmamışam. Onları da ayırmamışam. Nurəddinə heç bir köməklik göstərməyib. Xaliqin öldüyünü görən kimi Nurəddin qaçmağı təklif etdi. Xaliq öləndən sonra əkin sahələrinə doğru qaçdıq. Hadisə baş verən vaxtı ətrafda heç kəs olmayıb. Sonradan oraya çoxlu sayda adamların yığışdığını görmüşəm. Yolda gələrkən Nurəddin Sarvanlar kəndinin yaxınlığında artezian quyusunun yanında üst-başını və bıçağı yudu. Nurəddin sonra telefonum ilə atam Talıba zəng etdi və Xaliqi bıçaqla vurduğunu bildirdi. Nurəddinlə Xaliqin

bir-biri ilə dalaşmalarını görüb bərk qorxduğumdan bir müddət özünə gəlməmişəm. Atam məni Ağdama xalamın evinə apardı. Sonralar atama hadisə barədə danışmışam".

Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Nurəddin Süleymanov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Nurəddin Süleymanovun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR