Azərbaycanda Su Texnologiyaları sərgisi keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda Su Texnologiyaları sərgisi keçiriləcək

Aprelin 10-12-də keçiriləcək Bakıda II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi keçiriləcək.

Publika.Az-ın məlumatına görə, bu gün bununla bağlı keçirilən mətbuat konfrandında sərginin təşkilatçısı “İteca Caspian” şirkətinin biznesin inkişafı üzrə müdiri Bəhruz Hidayətzadə çıxış edibvə bildirib ki, ikinci dəfə keçirilən su texnologiyaları sərgisinə maraq böyükdür. Ötən il olduğu kimi bu dəfə də “Azərsu” ASC sərgi və konfransın yüksək səviyyədə təşkilinə böyük dəstək verib.

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov Azərbaycanda içməli su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verərək bildirib ki, layihələrin keyfiyyətli icrasında yeni texnologiyaların tətbiqinə üstünlük verilir. “Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların layihələndirilməsi və tikintisi üzrə irimiqyaslı layihələrin həyata keçirildiyi bir vaxtda su texnologiyalarına həsr olunmuş sərgi və konfransın keçirilməsi olduqca aktualdır. Ötən il olduğu kimi bu dəfəki sərgidə də nüfuzlu şirkətlər və dünyanın elmi mərkəzlərinin nümayəndələri iştirak etməyə qərar veriblər. Su ehtiyatlarından inteqrasiyalı istifadə hazırda prioritet məsələ olduğundan elm adamları belə tədbirlərdə iştiraka böyük maraq göstərir”.

CATEC 2014 sərgisində ziyarətçilərin diqqətinə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim ediləcək.

CATEC 2014 sərgisində 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiya və tikinti şirkətləri var. Yerli iştirakçılar isə bu sahənin aparıcı şirkətlərindən ibarətdir: “Azərsu” ASC, “Akkord”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azertexnolayn MMC, Gəncə Cihazqayırma zavodu, Omicron MMC, Unipark MMC, Sumqayıt Texnologiyalar Parkı və s.

Sərgi iştirakçılarının yarıdan çoxunu xarici şirkətlər təşkil edir və onların arasında “ABB” (İsveçrə), “Amiad Water Systems” (İsrail), “AVK” (Danimarka), “Culligan” (ABŞ), “Elektromed” (Türkiyə), “Erkon” (Türkiyə), “Flotenk” (Rusiya), “GEA Westfalia” (Almaniya), “Greenworks” (Litva), “Grundfos” (Danimarka), “Krohne Anlagen” (Almaniya), HALLA (Koreya), “Hungarian Water Cluster” (Macarıstan), “KWI International” (Avstriya), “Nirosoft” (İsrail), “Sampro Canada” (Kanada), “Sulzer” (İsveçrə), “Turan Makina” (Türkiyə), “Valvotubi Ind” (İtaliya), “Kommunalnik zavodu” (Belarus) və digər şirkətlərin adları var.

CATEC 2014 sərgisinin məqsədi su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin idarə edilməsi, tullantı sularının təmizlənməsi, habelə boru kəməri mühəndisliyi sahələrində ən yeni texnologiyaların tətbiqinə, beynəlxalq əməkdaşlığın inkişafına və təcrübə mübadiləsinə şərait yaratmaqdır. Sərgi tərəfdaş şirkətlərin siyahısını genişləndirmək və uzunmüddətli işgüzar əlaqələr qurmaq baxımından iştirakçılar üçün əlverişli imkandır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm