• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Laçın adamların içində yaşayır, onun portretini çəkməyə nə var!”

“Laçın adamların içində yaşayır, onun portretini çəkməyə nə var!”

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov “Media forum” saytının suallarını cavablandırıb.

Akif Səlimov hüquqşünasdır, uzun illər daxili işlər orqanlarında çalışıb, bir neçə rayonun, o cümlədən Laçının polis rəisi olub, istefada olan polkovnikdir. Qarabağ müharibəsi veteranıdır. Laçın haqda bir neçə kitabın müəllifidir. 2013-cü ilin mart ayının 4-dən Laçın Rayon İcra Hakimiyyətinin başçısıdır.

- Akif müəllim, bu müsahibənin məqsədi Laçını görməyən adamlar üçün Laçının xəritəsini, portretini çəkməkdir. Laçın 22 ildir işğaldadır, oranı görmürük. Çətin olmayacaq ki?

- Yox, çətin olmayacaq, axı heç nə yaddan çıxmayıb, göz önündən getməyib. Laçında doğulan, böyüyən hər kəs onun portretini çəkə bilər. Laçın adamların içində yaşayır, onun portretini çəkməyə nə var!

- Laçından danışanda nədən başlamaq lazımdır?

- Deyiləsi o qədər söz var ki... Laçın Azərbaycanın Ermənistanla sərhəd rayonlarından biridir. Rayonun şərqində Dağlıq Qarabağ bölgəsi, cənubunda Qubadlı, şimalında Kəlbəcər rayonları yerləşir. Laçın füsunkar, gözəl təbiətə malik bir Azərbaycan torpağıdır.

Təbii ki, Laçının tarixinə də ekskurs etmək lazımdır. Laçındakı qədim abidələrin tədqiqi və elmi-tarixi araşdırmalar bu yerdə ən azı 2 min illik türk izinin olduğunu sübut edir, buna şübhə yoxdur. Ora türk izi ilə doludur. Laçın özü də türk sözüdür, böyük türk tayfalarından birinin adıdır. Türkmənistanda böyük Laçın tayfaları var. Çinin şimalındakı Uyğur vilayətində də bu adda böyük tayfalar yaşayır. Türkmən və uyğur ellərində Laçın adlı quş var, eyni zamanda adam adıdır. Ümumilikdə bu ad türk tayfalarına məxsusdur. Bəziləri deyir ki, Laçının adı rayon mərkəzindən yuxarıdakı Laçın dağının adı ilə bağlıdır. Belə bir ehtimal var, amma çox güman ki, həmin dağın adı elə Laçın tayfalarının adından gəlir.

- Laçınlıları fərqləndirən əsas xüsusiyyət nədir?

- Laçında hər tərəf dağdır, səhər evdən çıxanda düz yer görmürsən, nə qədər uzağa baxmaq istəsən də, düz yer görməzsən. Gərək başını qaldırasan, yuxarı, dağlara baxasan. Bu da fizioloji, fiziki, təbii nöqteyi-nəzərdən insanlara təsir edir. İnsan hətta fiziki baxımdan da başıuca olur. Laçınlı küçədə başıaşağı gəzməz. Körpəlikdən, uşaqlıqdan evdən çıxır, düz yer görmür, yüksəyə baxır, qəddi düzəlir. Yerişi düzdür, başı da dimdik.

Biz dəniz səviyyəsindən təxminən 2000-2500 metr yüksəklikdə yaşamışıq. Bu da Allaha daha yaxın olmaq kimi bir şeydir. Düzəngahdan fərqli olaraq dağlıq yerlərdə dinə bağlılıq dərin olmur. Amma Allaha bağlılıq dərindir. Laçın camaatı həmişə ürəkdən Allaha bağlı olub. Laçınlılar adət-ənənəyə sadiqdirlər, qədim adətləri qorumağa meyllidirlər. Bizim camaat müasir sivilizasiyanın mənfi xüsusiyyətlərinə çox sərt yanaşır, belə halları özündən uzaq tutmağı bacarır.

Təbiətin sərtliyi istər-istəməz insanda qoçaqlıq, igidlik, sərtlik kimi xüsusiyyətlər formalaşdırır. Məsələn, dağ adamları insanlarla çox mülayim danışa bilməzlər. Bəzən etik çərçivələrdən də kənara çıxa bilərlər, çünki emosional olurlar. Amma təmiz, səmimi danışırlar, nə fikirləşirlər, onu deyirlər, dildə bir söz deyib ürəkdə başqa niyyət, fikir tutmurlar, insanın arxasınca danışmırlar, sözü üzə deyirlər. Bir məsələyə əmin olandan, onu biləndən sonra danışırlar. Ucqar bir dağ rayonunda yaşadığına, bir-birini aldadan, yalanla, ikiüzlülüklə dolu olan dolam-dolaşıq dünyadan bir az uzaq qaldığına görə adamlar sadədil olur. Hündürdə yaşamaq laçınlılara elə bil Allah payıdır, Tanrı onları özünə daha yaxın edib.

- 22 ildir Laçın yoxdur, uşaqlar o dağları, təbiəti görmürlər. İndiki laçınlı ilə 22 il əvvəlki laçınlı arasında fərq çoxdur? İşğaldan sonra doğulan laçınlılar əvvəlki nəslə oxşayırlarmı?

- Fərqlər var. Nəinki işğaldan sonra dünyaya gələnlərin, hətta Laçında doğulan, ömrünün az hissəsini orada yaşayan insanların belə xarakterində müəyyən dəyişikliklər var. Laçınsız keçən zaman böyüklərə də təsir edib. Uşaqlar isə Laçını görməyiblər, oranı valideynlərinin söhbətlərindən tanıyırlar, kinolarda, videolentlərdə görürlər. Amma harada doğulmasından asılı olmayaraq laçınlı ailəsində dünyaya gələn laçınlı olduğunu bilir. Ata-ana uşağına, baba-nənə nəvəsinə laçınlı olduğunu izah edir. Beş yaşlı uşaqdan soruşanda cavab verir ki, laçınlıyam, hətta kəndini də tanıyır, kəndin adını deyir. Bunu öyrədən valideynlərdir. Bizim camaat “j” ilə danışır, hətta bunu belə tərgitmirlər. Mən də insanlara həmişə deyirəm ki, danışıqdakı bu fərqi də tərgitməyin, unutmayın, biz onsuz da yerimizə-yurdumuza qayıdacağıq.

İndi ölkənin hər yerində doğulan laçınlılar var. Hər ziyanda bir xeyir var deyirlər. Bunun da xeyri varsa, həmin xeyir ondadır ki, mədəniyyət, adət-ənənə, məişət, digər dəyərlər qarşılıqlı təsir göstərir, zənginləşir. Bu zənginləşmə həm laçınlılara məskunlaşdıqları şəhərlərin, rayonların təsiri nəticəsində, həm də laçınlıların həmin şəhər və rayonlara təsiri ilə yaranır.

Amma genetik bağlılıq məsələsi var, iki nəsil də dəyişsə, laçınlılar Laçına laçınlı kimi qayıdacaq. Əsas problem Laçına qayıtmaqdır. Məni ayrı məsələ narahat etmir. Laçına qayıtmaqdan böyük arzum-istəyim yoxdur. Bizim camaat qoçaqdır, daşın dibində də olsa, özünə dolanışıq tapır, zəhmətkeşdir. Üstəgəl, dövlət qayğısı var, insanlara yardım edilir, ev verilir, təsərrüfatla məşğul olmaları üçün şərait yaradılır. Bircə ciddi problem var, o da işğalın hələ aradan qalxmamasıdır.

Bir icra başçısı kimi laçınlıların təhsili məsələsinə xüsusi həssaslıqla yanaşmağı vacib bilirəm. Laçınlılar heyvandarlığa çox bağlıdır. Görürsən Bakıda, başqa şəhərdə yaşayır, elmlər doktorudur, şairdir, yazıçıdır, digər sahələrdə sözünü demiş ziyalıdır, amma imkanı varsa hansısa rayonda qoyun saxlatdırır. Bu bir ənənədir. Laçınlıların təhsil alanları da çox savadlı adamlar olur. Saflıq, şüurdakı təmizlik təhsildə də yüksək nailiyyət qazanmağa imkan yaradır. İcra başçısı kimi istəyirəm və çalışıram ki, laçınlılar daha çox təhsilə meyllənsin.

İntellektual inkişafda səngimə olmamalıdır. Biz Laçına əvvəlkindən daha yüksək intellektli camaat kimi qayıtmalıyıq. Çünki yenidən düşmənlə böyür-böyürə yaşayacağıq. Düşmənlə qabaqlaşmaq üçün hər bir sahədə onunla bab gəlməlisən, onu üstələməlisən. Ona görə ən çox diqqət etdiyim sahə təhsildir. Təhsil məsələsində məxsusi diqqət ayırdığım sahə isə laçınlıların hərbi məktəblərə qəbuludur. Bütövlükdə götürdükdə xalqımızın hərbə, orduya münasibəti dəyişməlidir, yoxsa çox çətin olar. Qədim dövrdən başlayaraq çətinliklər içindəyik. Ərazilərimizin gah biri, gah digəri işğal edilib. Bundan başqa, Azərbaycan kişiləri müxtəlif orduların tərkibində döyüşüblər. Vaxtilə azərbaycanlılar iranlılarla ərəblərə, ərəblərlə Bizansa qarşı, hətta türk soylu xəzərlərə qarşı döyüşüblər. Heç də uzaq olmayan keçmişdə isə rusların tərkibində almanlara qarşı döyüşmüşük. Azərbaycanlılar döyüşə bilir, bunu tarixən sübut ediblər. İndi öz dövlətimiz var, amma ərazilərimiz işğal altındadır. Oraya qayıtmağın yeganə yolu hərbə yiyələnməkdir. Bunu mütləq etməliyik.

- Laçınlı gənclərin hərbə marağı varmı, hərbçi olmaq istəyənlərin sayı çoxdurmu?

- Az deyil, amma çox da deyil. Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu məsələlər ölkə səviyyəsində araşdırıldı. Belə qərara gəlindi ki, gənclərin hərbi akademiyalara qəbulu məsələsi ilə birbaşa icra hakimiyyəti başçıları ciddi məşğul olsunlar. Bu da zərurətdən atılmış addımdır. Laçın Rayon İcra Hakimiyyəti Ağcabədidə yerləşir. Hərbi liseylərə, akademiyalara getmək istəyən uşaqların valideynləri ilə son vaxtlar iki dəfə görüşmüşəm. Görüşə həmin uşaqların təhsil aldığı məktəbin direktorlarını və fənn müəllimlərini dəvət etmişəm. Müəllimlərdən ibarət qrup yaratmışıq ki, o uşaqları həm fiziki, həm də tədris baxımdan hazırlaşdırsınlar, onlar imtahandan kəsilməsinlər. Eyni zamanda övladlarını hərbi lisey və akademiyaya göndərən ailələrə maddi yardım edirik, uşaqlara da, onların ailələrinə də hər ay maddi dəstək göstəririk. Hazırda laçınlıların arasında sözün yaxşı mənasında böyük bir ajiotaj var. İndi məcburi köçkün ailələrində bu səpkidə iş aparılır. Camaatın özü deyir ki, laçınlılar arasında bu saat “hər ailədən bir zabit” devizi hakimdir.

- Qeyd etdiniz ki, hərbi məktəblərə gedənlərə, onların ailələrinə maddi dəstək göstərirsiniz. Amma ortada bir işğal faktoru var. Necə olub ki, indiyə qədər bu maraq olmayıb insanlarda? Torpağın işğalda olması məsələsi uşaqlara yaxşı çatdırılmayıb, təbliğat düzgün aparılmayıb, yoxsa bunun başqa səbəbi var? Orduya getməyi maddi amillə bağlamaq nə qədər doğrudur?

- Maddi amillə bağlamaq düzgün deyil. Belə olmaq elə muzdlu döyüşçü hazırlamaq deməkdir. Ancaq real vəziyyətdə bu qaçılmazdır. Təbii ki, bir, ya beş-altı rayonun icra hakimiyyəti həcmində bu işləri aparmaq bir az ayrı səpkilidir.

Bizim indi güclü ordumuz, orduda çox müasir texnikalar var. Güclü aviasiyanı, tank qoşunlarını, top bölmələrini idarə etmək üçün yüksək intellektli uşaqlar lazımdır. Elə silahların xeyli hissəsi kompüter arxasından idarə olunur. Belə halda qorxmazlıq, igidlik kifayət etmir. Burada igidliklə intellekt, emosional vətənpərvərliklə hərbi vətənpərvərlik birləşməlidir. Vətənpərvərlik Azərbaycanda iki cürdür - emosional və hərbi. Şeir yazmaq, bayatı söyləmək, əsər səhnəyə qoymaq emosional tərəfidir. Digəri isə hərblə iç-içə bağlılıqdır. İki vətənpərvərlik birləşdisə qələbə var. Ona görə də hər bir Azərbaycan ailəsi, xüsusən də ev-eşiyi işğal altında olan məcburi köçkün ailələri bunu fikirləşməlidir. Bunu təbliğat doğurmalıdır. Hər kəs övladını, nəvəsini, nəticəsini vətən uğrunda tərbiyə etməlidir.

Məsələn, bizim ailədə oturanda da, duranda da bu haqda danışırıq. Mənim bir oğlan nəvəm var, 9-cu sinifdə oxuyur. Çox güman ki, o da hərbi akademiyaya gedəcək. Sürücüm, cavan oğlan təbliğatın təsiri ilə hərbi liseyə girdi. Bu təkcə dövlətin funksiyası deyil. Prezident, ya dövlət məmuru bir-bir evlərimizi gəzib bizə vətənpərvər ruhu aşılayan deyil ki. Çeçenlər, əfqanlar və ya osmanlılar belə olub? Qanda olmalıdır, bunu da ailə edir.

- Sizin ailədən hərbi sahədə çalışan var?

- Mənim iki oğlum var, hüquq təhsili alıblar. Polisdə işləyirlər. Polis də elə yarımhərbi qurumdur. Amma nəvəmə hər gün təbliğ edirik ki, hərbi sahəyə getsin.

- Marağı var?

- Əvvəldən vardı, bizim apardığımız təbliğatdan sonra daha da artıb.

- Akif müəllim, qayıdaq Laçın söhbətinə. Adət-ənənə, vərdişlər baxımından itirilən çoxmu şey var?

- Laçınlı xeyir-şəri, bayramı öz yerində necə keçirirdisə, indi də elədir. Təbii ki, başqa insanlarla təmasda çox şey öyrənmişik. Eyni zamanda onlar bizdən çox şey mənimsəyiblər. Məsələn, polis rəisi kimi Qax zonasında işlədiyim zaman oranın məşhur pendiri - “sarıbaş” haqda eşitdim. Bizim camaatın pendirini dadandan sonra bu söhbət aradan çıxdı. Gördülər ki, laçınlılar necə pendir tutur, qatıq çalır, süd bişirir. Bizim camaat Aran zonasından əkinçiliyi, bostançılığı öyrəndi. Bu, qarşılıqlı təmasdır. Amma laçınlı kimi adət-ənənələrin itirilməsi təhlükəsi baxımdan ciddi narahatlıq yoxdur.

- Laçına necə getmək olar?

- İndi?

- Ümumiyyətlə, yol haradan keçir, hara gedir?

- Əvvəllər Bakıdan Yevlaxa, oradan Bərdəyə, sonra Ağdama, Əsgəranın içi ilə Şuşaya, sonra Laçına gedirdik. Laçın şəhəri ilə Şuşanın arası 44 kilometrdir. Ya da aşağı tərəfdən, İmişli, Füzuli, Qubadlıdan keçib Laçına gedirdilər. Laçına qayıtmağın ən qısa yolu Ağdam yoludur. Bunun da ən optimal yolu güclü ordu, yaxşı tədbirdir. Uzağı ay yarıma bütün ərazilərimiz işğaldan azad olunacaq.

- Kəlbəcərdən də bir yol olmalıdır...

- Biz o yolu çox gedib-gəlmirdik. Elə kəlbəcərlilər də o yoldan istifadə etmirdilər. O, müharibə yolu idi. Sonradan əlacsızlıqdan istifadə etdik.

- Laçını görməyən adam sizdən soruşsa ki, oranı necə gəzim, haralarda olum, harası maraqlıdır, nə məsləhət verərdiniz?

- Torpaq işğalçıdan azad ediləndən sonra asan olacaq. Kim istəsə, Laçına gələcək, laçınlılar ona izah edəcəklər, başa salacaqlar. Laçının yaxşı turş suları, Kəlbəcərdəkindən əskik olmayan isti suları, bərəkətli yaylaqları, meşələri, nadir ağacları var. Laçını gəzmək istəyənə elə şəhərdə istənilən adam bir xəritə cızacaq. İndi hamı savadlıdır. Laçınlılar da həddindən artıq qonaqpərvərdir. Laçının kəndlərində günorta vaxtı bir yad adam görəndə uşaq da olsa yaxınlaşırdı ki, nə köməyimiz dəyə bilər, gedək bizdə çörək yeyək. Ola bilərdi ki, o evdə maddi durum ürəkaçan deyil, amma olanını əsirgəməzdi, hamısını da açıq ürəklə edərdi. Laçında gəzmək problem deyil. Qonaq iki ay qalıb gəzsə, bir manat da xərcləməz, nə yatacağına, nə də yeyəcəyinə xərci çıxar.

- “Laçına getsən mütləq filan yerə baş çək” deyə biləcəyiniz məşhur bir yer varmı?

- Əgər xarici olsa, deyərdim Laçında qədim alban məbədi var. Mən ölkədə o böyüklükdə ikinci xristian, alban məbədi görməmişəm. Xüsusilə gedən xristian olsaydı, ora mütləq dəyməsini tövsiyə edərdim. O insana izah edərdim ki, görürsən, işğaldan sonra daşların üstünü erməni əlifbası ilə yazıblar, kitabələr yerləşdiriblər ki, guya onlarındır. Kitabımda da yazmışam, əgər alban məbədi ermənilərin olubsa, niyə onu təmir etdirdilər və müqəddəslər siyahısına saldılar? Onların idisə, elə qədimdən bu addımı atardılar. İndi Laçının girəcəyində kiçik bir kilsə tikiblər. Həmin yerdə Böyük Vətən müharibəsində həlak olanlara abidə ucaldılmışdı. Adları siliblər, üstünə ermənilərin adlarını yazıblar.

Mən xristian turistə alban tarixini başa salardım. Bizim xalqın tarixində üç dəfə din dəyişməsi olub: atəşpərəstlik, xristianlıq, islam. Qoy xristian görsün ki, biz öz xristian abidələrimizi də tanıyırıq. İslamı qəbul edib məscidə getsək də, kilsələr də bizimdir, əcdadlarımız tikib.

- İşğaldan azad olunan kimi Laçında birinci gedəcəyiniz yer haradır?

- Elə Laçın, ora girdik, bitdi, bölmək olmur. Laçını ərazilərə bölmək olmaz. İnsanların çoxunun nə edəcəyini bilirəm. On minlərlə laçınlının valideyni, əzizi orada dəfn olunub, insanlar ilk növbədə qəbiristanlığa, əzizlərinin məzarının üstünə gedəcək. Amma mənim üçün bütövlükdə Laçın var.

- Siz Laçının sakit vaxtlarını, işğaldan əvvəlki dövrünü, eyni zamanda müharibə vaxtlarını da görmüsünüz. Laçından yaddaşınızda qalan sonuncu görüntü nədir?

- Sizə bir məsələni deyim. Mən Laçını, yurdumu bir dəfə də olsun yuxuda görməmişəm. Sevinirəm ki, görməmişəm. Yuxuma ancaq döyüş epizodları, səhnələri girir. Şərqdə belə bir deyim, fəlsəfi düşüncə var ki, yerinin-yurdunun həsrətini çəkən insan oranı yuxuda görmürsə, mütləq ora qayıdacaq. Mən o fəlsəfi yanaşmaya inanıram. Özü də ürəkdən inanıram.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR