Qırmızı.az
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərə sərt xəbərdarlıq etdi
"Sizin təhsil sektoruna göstərdiyiniz qayğı nəticəsində
son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi
istiqamətində böyük işlər görülmüş, 2700-dən çox yeni məktəb
tikilmiş, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşmışdır.
Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari
təmir işləri aparılmış, 370 fizika, kimya və biologiya
laboratoriyaları müasir avadanlıqla təchiz olunmuş, 104 əmək
kabineti üçün tam avadanlıq dəsti və elementlər
alınmışdır".
Bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov
deyib.
Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan danışan təhsil
naziri bu sahədə gedən inkişaf proseslərindən, təhsilin inkişafı
üzrə dövlət strategiyasının əhəmiyyətindən danışdı. Təhsil
ictimaiyyəti adından strategiyanın qəbuluna görə Prezident İlham
Əliyevə minnətdarlıq etdi.
M.Cabbarov bildirib ki, son bir il müddətində Təhsil Nazirliyi üzrə
aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və
keyfiyyətinə görə xeyli optimallaşmışdır. Bunun hesabına məktəblər
üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olmuşdur:
"İki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063
şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 18 şagirdə bir
kompyuter nisbəti təmin olunmuş, məktəblərin 39 faizi internet
şəbəkəsinə qoşulmuşdur. Təhsilin infrastrukturu ilə bağlı
məsələlərin əhəmiyyətli hissəsi həll olunduğu halda, bu gün ölkənin
inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin artırılması,
təhsilin məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının
yüksəlməsi ön plana keçir".
Təhsil naziri qeyd edib ki, şəxsiyyətin inkişaf etdirilməsi üçün
zəruri olan keyfiyyətlərin formalaşması məktəbəqədər təhsil
sistemində baş verir: "Bu mənada Heydər Əliyev Fondunun və onun
prezidenti Mehriban xanım Əliyevanın yeni təşəbbüsü, məktəbəqədər
təhsil müəssisələrinin inkişaf proqramı böyük əhəmiyyətə malikdir.
2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsinin qısa müddət ərzində uğurla icra olunduğu
kimi, qeyd edilən layihənin köməyi ilə də mövcud problemlərin
aradan qaldırılmasına əminik.
Dövlət bağçaları şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu
sahədə özəl sektorun payının artırılması da vacibdir. Məktəbəqədər
təhsil müəssisələrinin 10 il müddətinə mənfəət vergisini və
sadələşdirilmiş vergini ödəməkdən azad edilməsi özəl sektorun
iştirakının stimullaşdırılması yolu ilə məktəbəqədər təhsil ilə
əhatə faizini artırmağa imkan yaradır.
Ötən ildə nazirlik tərəfindən təhsil sistemində şəffaflığın təmin
edilməsi, müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının
səriştə baxımından gücləndirilməsi sahəsində bir sıra tədbirlər
həyata keçirilmişdir. Sizin tapşırığınıza əsasən ümumtəhsil
məktəblərini bitirən bütün şagirdlərə attestat verilməsi üçün
qanunvericilikdə müvafiq dəyişikliklər edilmiş, ötən dərs ilində 90
mindən çox məzunun hamısı attestat almışdır. Bu qərar minlərlə
gəncə təhsillərini davam etdirmək üçün yeni imkanlar açdı".
M.Cabbarov bildirib ki, hazırda məktəb müəllimlərinin işə qəbulu
mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir: "Ötən il
3286 vakant yer müsabiqəyə çıxarılmışdır. İmtahanlarda 15030 nəfər
iştirak etmiş, onlardan 1281 nəfər işə qəbul olunmuşdur. Əvvəlki
illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı
aşağı salınmamış, müəllimlərin peşəkarlığı əsas meyar kimi
götürülmüşdür. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında
olan boşluqları aşkarlamışdır. İndi müəllim hazırlığı sistemində
paradoksal vəziyyət yaranmışdır. Təkcə ali təhsil müəssisələrinin
hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2
dəfə üstələyir".
M.Cabbarov təəssüf hissi ilə qeyd edib ki, sistemin daxilində
qanunazidd işə qəbul edilən xeyli sayda insan da vardır: "Bu
problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də
peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq
səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur.
Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə
aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının
verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün
isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq
üçün imkan yaradılacaqdır".
Nazir bildirib ki, əhəmiyyətli yeniliklərdən biri də ucqar kənd
məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə tədbirlərinin
daha geniş tətbiqidir: "Belə ki, ötən illərdə bu tədbirlər 800 yerə
tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2500-ə
çatdırılmışdır. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan
məktəblərin bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü
məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır.
Təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik
mövzusuna toxunmamaq olmur. Problemi həll etmək üçün onun kökünə
varmaq lazım gəlir. Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin
az olmasıdır. Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət
irəliləyişlər olmuşdur. Görülmüş tədbirlər nəticəsində bu il
dərslik yazan müəlliflərin sayı xeyli artmışdır. Gözləyirik ki, bu
artım dərsliklərin keyfiyyətinə də öz təsirini göstərəcəkdir.
Müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq
etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul
mükafatının verilməsini nəzərdə tutmuşuq".
Nazirin sözlərinə görə, yeni atılmış addımlardan biridə məktəb
direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan
şəxslərin yalnız müsabiqə yolu ilə seçilməsi və peşə təlimlərinə
cəlb olunmasıdır.
M.Cabbarov qeyd edib ki, dövlət tərəfindən ölkəmizdə təhsil
infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam
etdirildiyi bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil
müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq
özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir: "Bu isə
məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə
problemlərə gətirib çıxarır. Göstərilən halların qarşısının
alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq
şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata
keçiririk".
Nazirin bildirdiyinə görə, son 25 ildə ilk dəfə olaraq peşə
məktəbləri üçün 11 təlim avtomobili və 37 kənd təsərrüfatı
texnikası sifariş olunmuş, habelə internat və idman məktəbləri üçün
yeni avtobuslar alınmışdır: "Əmək bazarının tələblərinə cavab verən
ixtisaslı kadrların hazırlanması üçün yerli və xarici tərəfdaşlarla
birlikdə peşə təhsili sahəsində yeni layihələrin icrasına
başlanmışdır. İki gün bundan əvvəl "Sənaye ili" çərçivəsində Koreya
Hökuməti və şirkətləri ilə avtomatlaşdırılma, elektronika,
avtomobil və inşaat sahələri üçün kadr hazırlayacaq Peşə Tədris
Mərkəzinin yaradılması barədə saziş imzalanmışdır.
Ölkədə insan kapitalının sürətli inkişafı məqsədi ilə
Zati-aliləriniz tərəfindən təsdiq olunmuş 2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı
çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu
hesabına maliyyələşdirilməklə dünyanın tanınmış universitetlərində
ali təhsil almağa göndərilmişdir. Dövlət vəsaiti hesabına xaricdə
təhsil hətta ən zəngin dövlətlər üçün nadir hadisədir. Müstəqil
Azərbaycan üçün bu fakt əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan ənənəni dövlətimizin başçısının davam
etdirməsini xalqımızın gələcəyi üçün yönəlmiş tarixi addım kimi
dəyərləndirilməlidir. Bu gün Proqramın məzunu olmuş 634 nəfərin bir
qismi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində və
özəl sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə təhsillərini
növbəti səviyyədə uğurla davam etdirirlər. Proqramın icra müddəti
növbəti ildə sona çatdığı üçün hazırda tapşırığınızla yeni
proqramın layihəsi üzərində iş gedir. Burada prioritet yalnız
azərbaycanlı tələbələrin xarici universitetlərə göndərilməsi deyil,
göstərişinizə uyğun olaraq, həmçinin xarici mütəxəssislərin
elmi-pedaqoji kadrların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb
edilməsi olacaqdır. Eyni zamanda, xarici universitetlərdə dərs
deyən azərbaycanlı professorların vətənə qayıtmasını
stimullaşdırmaq üçün hazırlıq işi aparılacaqdır. Bununla bağlı
xaricdə çalışan elmi- pedaqoji kadrlarımız haqqında məlumat
bazasının yaradılmasına başlanmışdır".
Nazir vurğulayıb ki, bugünkü dünya rəqabət dünyasıdır:
"Uşaqlarımızın gələcək rəqibləri hazırda Çində, ABŞ-da, Çilidə və
istənilən digər ölkədə böyüyürlər. Deməli bizim təhsil sistemimiz
çevik və ömür boyu öyrənmək imkanlarına malik kadrları
formalaşdırmağı bacarmalıdır. Belə vəziyyət yaxşı təhsil alanların
vətənində öz potensialını tam realizə etməsi və bununla ölkənin
inkişafına töhfə verə bilməsini təmin edən təhsil sisteminin və
təhsil mühitinin yaradılması vəzifəsini qarşımızda qoyur. Ali
təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində bir sıra
islahatların aparılması zəruridir. Ali məktəblərin nizamnamələri
yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının
hesabat müddəti, məsələn, 5 ildən bir tərtib olunmalıdır. Bu, bir
tərəfdən şəffaflığın təmin olunması baxımından irəli atılmış addım
olacaq, digər tərəfdən onların fəaliyyətinin davam etdirilməsi üçün
əsas kimi çıxış edəcəkdir. Növbəti tədris ilindən başlayaraq ali
təhsil müəssisələri üzrə "sabah qrupları"nın, yəni, savadlı,
bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili
nəzərdə tutulur. Bu yeniliyin məqsədi təhsildə göstəriciləri ilə
fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli
şəraitin yaradılmasından ibarətdir. Bu layihə 32 ali təhsil
müəssisəsində 52 ixtisas üzrə təhsil alan 20 min tələbəni əhatə
edəcəkdir. Növbəti akademik ildən başlayaraq nazirlik öz imkanları
hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və
kreditləri sisteminin işə salınmasını planlaşdırır. Layihə uğurlu
olduğu halda bununla bağlı müvafiq dövlət proqramı
hazırlanacaqdır".
M.Cabbarov vurğulayıb ki, təhsil sisteminin sürətli
transformasiyasına nail olmaq barədə göstərişinizin icrasının təmin
edilməsi üçün idarəetmənin təkmilləşdirilməsi istiqamətində Təhsil
Nazirliyinin Aparatında struktur dəyişiklikləri edilmişdir: "Təhsil
sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə
daxili nəzarət şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa
həmin şöbədə araşdırılması təmin edilmişdir. Ciddi nöqsanlara yol
vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilmiş,
21 şəxs barəsində digər intizam tənbehi görülmüşdür. İki hal üzrə
toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına
göndərilmişdir. Nəticədə aparılan statistika göstərmişdir ki,
korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin
sayı bir neçə dəfə azalmışdır".
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ