ADU-da Bakıxanovun yubileyi
Bizi izləyin

Qırmızı.az

ADU-da Bakıxanovun yubileyi

ADU-da Bakıxanovun yubileyi

Aprelin 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyada Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Pedaqogika və Psixologiya kafedralarının təşkilatçılığı ilə keçirilən tədbirdə Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, müəllimlər və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev Prezident İlham Əliyevin bu ilin fevral ayında Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb. Ə. Əliyev bildirib ki, Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur. Prorektor Abbasqulu Ağa Bakıxanovun ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratdığını qeyd edib.

Pedaqogika kafedrasının dosenti Oqtay Abbasov çıxışında A. Bakıxanovun pedaqoji görüşləri haqqında danışıb. O. Abbasov mütəfəkkirin Azərbaycanda elmi-pedaqoji fikrin formalaşmasında mühüm xidmətlərinin olduğunu vurğulayıb. Onun əsərləri haqqında tələbələrə məlumat verən O. Abbasov A. Bakıxanovun əxlaq barəsində söylədiyi hikmətləri də diqqətə çatdırıb.

Müəllim Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, Psixologiya kafedrasının dosenti Misgər Məmmədov xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında A. Bakıxanovun mühüm xidmətləri olduğundan bəhs edib. M. Məmmədov böyük maarifçinin əxlaqi dəyərlərə verdiyi qiymətdən və onun psixoloji mahiyyətindən danışıb.

Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov isə çıxışında A. Bakıxanovun məktəb və pedaqoji fikir tarixinin formalaşmasında əməyindən danışdı və etik baxışlarından söz açıb. O, qeyd edib ki, Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi A. Bakıxanovun adı ilə sıx bağlıdır.

Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev böyük maarifçinin elmi-əxlaqi düşüncələri haqqında məlumat verib.

Psixologiya kafedrasının müəllimi Könül Haqverdiyeva da A. Bakıxanovun maarifçilik ideyalarından, elmi fikir tarixinin formalaşmasında göstərdiyi xidmətlər barəsində fikirlər söyləyib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illik yubileyinin keçirilməsi ilə bağlı 12 fevral 2014-cü il tarixində imzaladığı Sərəncama uyğun olaraq Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində keçirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm