Azərbaycan xalqı 20 Yanvar faciəsini qeyd edir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan xalqı 20 Yanvar faciəsini qeyd edir

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 24 il keçir. Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir.

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqalarının cəzalandırılmasını tələb etdi.

Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq 24 il keçmişdir. Müstəqil Azərbaycan Respublikası dünya dövlətlər arası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm