Dünya iqtisadiyyatına 2.8 trilyon dollar ziyan vuran səbəb
Bizi izləyin

Qırmızı.az

Dünya iqtisadiyyatına 2.8 trilyon dollar ziyan vuran səbəb

Dünya iqtisadiyyatına 2.8 trilyon dollar ziyan vuran səbəb

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür.

Bu günün qeyd edilməsi Amerika və Kanada zəhmətkeşlərinin 1989-cu ildə ilk dəfə bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin anma günü kimi başlanılıb, sonradan bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənib və 2002-ci ildən Ümumdünya Əməyin Mühafizəsi günü kimi müəyyənləşdirilib. Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qeyd edilən bu günün məqsədi istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.

BƏT-in məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-nin 4 faizinin itirilməsinə səbəb olur.

Son beş ilin statistikasına əsasən, Azərbaycanda 2013-cü ildə 2009-cu ilə nisbətən istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı 40 faizədək azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və onun regional bölmələri tərəfindən mütəmadi olaraq ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda əməyin mühafizəsinə dair izahat-maarifləndirmə xarakterli tədbirlər keçirilir. Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Gününün mövzusuna (“Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi”) uyğun olaraq, əsasən kimyəvi istehsal müəssisələrində keçirilən tədbirlərdə işçi və işəgötürənlərə ölkənin əmək qanunvericiliyi, xüsusən sağlam və təhlükəsiz əmək şəraiti normaları haqqında hüquqi-praktik məlumatlar verilib, əməyin mühafizəsi normaları pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinə əsasən, tətbiq olunan cəza tədbirləri barədə işəgötürənlər məlumatlandırılıb, işçi və işəgötürənlərin müvafiq mövzuda sualları cavablandırılıb.

1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 33 maddəsi məhz əməyin mühafizəsinin norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə edir. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasını qəbul edib və onlardan 21-i əməyin mühafizəsi və təhlükəsizliyinə aiddir.

Hazırda kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsinin son dərəcə aktual olduğu nəzərə alınaraq iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi laboratoriyaların yaradılması işləri aparılır.

Prezidentin Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə 2014-cü il 3 fevral tarixli Fərmanının icrası ilə əlaqədar, bu il iyulun 1-dən əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sisteminin tətbiqinə başlanılması isə əməyin mühafizəsi məsələlərinə dövlət nəzarətinin daha da güclənməsinə imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm