• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Seriallar və mediada dil normaları müzakirə edildi

Seriallar və mediada dil normaları müzakirə edildi

Media və Mülki Cəmiyyət İctimai Birliyi Azərbaycan dilinin problemlərinə həsr olunmuş ictimai müzakirə keçirib.

Publika.az-ın məlumatına görə, Xətai rayon S.Vurğun adına MKS-də “Azərbaycan dilinin imkanları və mövcud problemlər: Elektron və yazılı KİV-də Azərbaycan dilinin imkanlarından daha düzgün istifadə” mövzusunda ictimai müzakirə keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçilən layihə çərçivəsində baş tutub.

Tədbiri layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov açaraq əksər qəzetlər, saytlar, radio və televiziya kanalları, eləcə də küçə reklamları üçün xarakterik olan ədəbi dil normalarının pozulması halları barədə məlumat verib. Layihə rəhbəri bildirib ki, Azərbaycandilli saytlarda, dublyaj edilən filmlərdə, küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydaları kobud şəkildə pozulması, xarici dillərdə olan İKT ilə əlaqəli sözlərin işlədilməsi vəziyyətinin təhlili vəmonitorinqi aparılıb: “Monitorinqin nəticələrindən bəlli olur ki, şəhərimizin küçələrini bəzəyən reklamların böyük əksəriyyəti xarici dillərdədir, televiziya və radiolarda nümayiş olunan çarxlarda, eləcə də çap məhsulları üzərindəki reklam mətnləri dilimizin qrammatik qaydalarına qəti şəkildə uyğun gəlmir”.

Mövzu ilə bağlı məruzə ilə çıxış edən publisist Vasif Sadıqlı bildirib ki, ədəbi dilin birinci keyfiyyəti onun müəyyən normalara malik olmasıdır. Onun sözlərinə görə, dilin daxili quruluşunu onun səs tərkibi (fonetikası), leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bunlara uyğundur: fonetik norma, leksik norma və qrammatik norma. Fonetik norma özü iki yerə bölünür: orfoepik norma və orfoqrafik norma. Sözün ədəbi dildəki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar dövlət tərəfindən (Nazirlər Kabineti) tərəfindən təsbit olunur və orfoqrafik lüğətlərdə təsbit olunur: “Leksik normalara uyğun olaraq ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir. Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir”.

V.Sadıqlı bildirib ki, bu gün seriallarda nəzarətsiz və heç bir bədii məqsəd güdmədən varvarizmlər baş alıb gedir. Leksik norma dialekt sözlər, varvarizm və vulqar sözlərdən istifadə zamanı çox ehtiyatlı olmağı tələb edir. Əgər bu sözlər bədii məqsəd güdmürsə, ədəbi dil normaları onları işlətməyi qadağan edir.

V.Sadıqlı onu da bildirib ki, hazırda həyatımıza, şüurumuza, sosial psixologiyamıza güclü surətdə təsir etmək potensialına malik olan fenomenlərdən biri də reklamlardır:

“Xarici və yerli reklamlar KİV-də, telekanallarda, ictimai nəqliyyat vasitələrində, şəhərlərimizin, hətta kəndlərimizin küçə və meydanlarında gen-bol yer almağa başlayıb. Necə deyərlər, artıq reklamlar “hər yerdədir”. Dil normalarının pozulması isə onların vacib ünsürünə çevrilib”.

Filologiya elmləri doktoru, professor Nəbi Əsgərov öz çıxışında qeyd edib ki, əcnəbi dillərdə söz və ifadələrdən istifadə edilməsinin geniş hal alması Azərbaycan dilinin gözəlliyinə zərər vuran bir problemə çevrilib. Təsadüfü deyil ki, bu məsələnin aktuallığını nəzərə alan prezident İlham Əliyev 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında” sərəncam imzalayıb. Həmin sərəncamda son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi çox haqlı olaraq qeyd olunur.

“Araz” Teleradio MMC-nin icraçı direktoru Eldar Fətəliyevin fikrincə, müsair günümüzdə Azərbaycan dilindən istifadədə yol verilən nöqsanların səbəblərinin ictimai müzakirəsi, araşdırılması və öyrənilməsi müsbət haldır:

“Doğrudur, dövlət tərəfindən Azərbaycan ədəbi dilinin mövcud problemlərinin həllinə yönəlmiş ciddi addımlar atılır, dövlət bu sahədə öz üzərinə düşəni edir. Hətta ölkə Prezidenti özü şəxsən bu problemi nəzarətində saxlayır, yuxarıda qeyd olunduğu kimi dillə bağlı xüsusi sərəncam imzalayıb. Təbii ki, dil probleminə vətəndaş cəmiyyətinin də bu cür həssas yanaşması, ictimai diqqəti onun həllinə cəlb etmək təşəbbüsü alqışlanmalıdır”.

Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli öz çıxışında qeyd edib ki, qloballaşama prosesinin Azərbaycan cəmiyyətinin həyatını sürətlə çülğamağa başladığının danılmaz fakt olduğunu deyib. Onun sözlərinə görə, Avropaya və o cümlədən sivil dünyaya inteqrasiya ən müxtəlif aspektlərdə tədricən davam edir və bu proses artıq evlərimizin ab-havasını, ailə və cəmiyyətdaxili münasibətlərin xarakterini ciddi şəkildə dəyişdirməkdədir.

Şair publisist Elbəyi Cəlaloğluna görə, hər bir xalq öz varlığını, özümlülüyünü yalnız başqa xalqlarla qarşılıqlı əlaqələrdə, qarşılıqlı mədəni təsirlərin fonunda və kontekstində təsdiq edir: “Təsadüfi deyil ki, müxtəlif dövrlərdə, müxtəlif alim və filosoflar tərcümə işinə yüksək qiymət vermiş, mədəni əlaqələrin inkişafında onun əvəzsiz rolunu qeyd etmişlər. Bu mənada tərcüməni “bəşəriyyət tarixində xalqları bir-birinə bağlayan mənəvi körpü” adlandıranlar yanılmırlar. Lakin təəssüflə qeyd olunmalıdır ki, tərcümə olunan əsərlərdə tərcümənin keyfiyyəti heç də ürəkaçan olmur. Orijinaldakı mətni olduğu kimi saxlanılmasına çalışdıqları üçün bəzən tərcümə eyni təsiri yaratmır”.

Tədbir iştirakçısı olan digər çıxışçılar da Azərbaycan dilindən istifadə zamanı yol verilən qüsurlar aradan qaldırılmasının, dilimizin qrammatik qaydalarına əməl olunmasının vacibliyindən danışdılar. Qeyd olundu ki, Azərbaycan dilindən həyatın bütün sahələrində daha dolğun, qanunauyğun şəkildə istifadə olunması üçün maarifləndirmə işinin aparılması və ictimai diqqətin bu işə cəlb edilməsinə səylərin artırılması olduqca zəruridir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR