• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Səhiyyə Nazirliyi xəbərdarlı edir

Səhiyyə Nazirliyi xəbərdarlı edir

Yay mövsümünün yaxınlaşmasını nəzərə alan Səhiyyə Nazirliyi insanlar arasında bağırsaq infeksiyalarının yayılmaması üçün onları diqqətli olmağa çağırıb.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov Trend-ə deyib ki, ilin isti dövründə - yay aylarında, payız fəslinin əvvəllərində insanlar arasında bağırsaq infeksiyalarına daha çox rast gəlinir.

Onun sözlərinə görə, insan bağırsaq infeksiyalarına daha çox ağız boşluğu ilə yoluxur. Mikrob insanın ağzından onun mədəsinə, nazik bağırsaqlarına gedərək orada çoxalır: "Xəstəlik insana asqırmaq, öskürməklə keçmir. İnsanların sanitar mədəniyyəti olsa, öz əli ilə mikrobu ağzına salmasa, çirkli əllərini ağzına qoymasa, xəstələnməz".

Ş.Qurbanovun sözlərinə görə, keyfiyyətsiz su içildikdə, yaxşı yuyulmamış meyvə-tərəvəz yeyildikdə, çirklənmiş göllərdə çimərkən həmin su udulduqda insanlar bağırsaq infeksiyalarına yoluxa bilərlər.

İnsanların yay aylarında suya olan tələbatının daha çox artdığını deyən direktor müavini bildirib ki, çoxlu maye qəbul edildikcə mədənin turşuluğu aşağı düşür. Bu da mədəyə düşən mikrobun artmasına imkan yaradır: "Ona görə də bağırsaq infeksiyaları yay aylarında daha çox yayılır. Bununla yanaşı, havanın temperaturunun yüksəlməsi də suda bu infeksiyaların artmasına səbəb ola bilər".

Ş.Qurbanov deyib ki, çimərlik mövsümündə də dəniz suyundan insana bağırsaq infeksiyalarının keçmə ehtımalı çox olur.

Stansiyanın direktor müavininin sözlərinə görə, insanın immun sistemi zəif olduqda həmin infeksiyalara yoluxma ehtimalı artır. Bağırsaq infeksiyasına yoluxmuş insanın yaşı da bu xəstəliyin ağır, yaxud yüngül formada keçməsində rol oynayır.

O, qeyd edib ki, bu xəstəliyə yoluxmamaq üçün insanlar sanitar-gigiyenik qaydalara düzgün əməl etməli, yeməkləri düzgün qaydada hazırlamalı və saxlamalıdırlar. Çünki düzgün şəraitdə hazırlanmayan və saxlanılmayan xörəklərə mikrob düşdükdə o, çox sürətlə yayılır. Həmin xörəkləri yeyən adamlar isə xəstələnirlər: "Azərbaycanda 1980-ci illərdə belə hal olub. Həmin vaxt xaş hazırlanarkən çirkli əllərini ona vurmuşdular və nəticədə xeyli adam xəstələnmişdi".

Sanitar şəraiti aşağı səviyyədə olan ərazilərdə bağırsaq infeksiyalarının yayılma ehtimalının çox olduğunu xatırladan Ş.Qurbanov ölkə ərazisində son 15 ildə bağırsaq infeksiyalarının qeydə alınmadığını da söyləyib: "1970-80-ci illərdə bağırsaq infeksiyaları, xüsusilə qarın yatalağı insanlar arasında çox qeydə alınırdı. Hətta xəstəliyin epidemioloji ağırlaşmaları da baş verib: Həmin vaxt Bakıda, regionlarda suyun keyfiyyəti pis olduğundan bağırsaq infeksiyaları tez-tez qeydə alınırdı. Amma son 15 ildə Azərbaycanda bağırsaq infeksiyaları qeydə alınmayıb. Azərbaycanda son dəfə vəba 1998-ci ildə qeydə alınıb".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR