• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Diaspor nümayəndəmizin inanılmaz cinayətləri - FOTOFAKT

Diaspor nümayəndəmizin inanılmaz cinayətləri - FOTOFAKT

Qırğız Respublikasının əməkdar hüquqşünası, “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev AzNews.az-ın elektron poçtuna məqalə göndərib. Həmin məqalədə Azadlıq.info saytında 17 may 2014-cü il tarixində yayımlanan “Heydər Əliyev Fondu olsun, ya olmasın” adlı yazıya münasibət bildirib və Qırğızıstanda diasporumızla bağlı sensasion faktlar açıqlayıb. Həmin məqaləni xırda ixtisarlarla təqdim edirik:


“Diqqətinizə çatdırırıq ki, Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır. Buradakı həmvətənlərimizin əksəriyyəti 1933-1937-ci illərdə Mərkəzi Asiyaya sürgün edilənlərin - repressiya qurbanlarının ailə üzvləridir. Onların arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim (elm, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və ədliyyə), 3 nəfər Qırğız Respublikasının “Şöhrət” medalı ilə təltif edilmiş və yüzlərlə hörmətli ziyalılar var. Bu hörmətli insanlar Qırğız Xalqı Assambleyasına daxil olan Qırğızıstanda yaşayan Azərbaycanlıların yeganə nüfuzlu “Azəri” İctimai Birliyinin tərkibindədirlər. Onlar qürbətdə hörmət qazanaraq Azərbaycanın nüfuzunu uca tutur və ölkələrimiz arasında münasibətlərini möhkəmləndirirlər.

20 ildən artıqdır ki, “Azəri” İctimai Birliyi fəaliyyət göstərir. Birlik çoxtərəfli, faydalı ictimai-siyasi, maarifləndirici işlər aparır. Ana dilimizi qoruyub saxlamaq məqsədilə Azərbaycanlıların kompakt yaşadığı yerlərdə şənbə-bazar sinifləri fəaliyyət göstərir, Birliyin hesabına məscid tikilib, mütəmadi olaraq Azərbaycanın və Qırğızıstanın bayram və anım mərasimləri keçirilir.

2013-cü ildə azərbaycanlıların Qırğızıstana sürgün edilməsinin 80 illiyi tamam oldu. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi və Qırğızıstanda yaşayan Azərbaycanlıların “Azəri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu acı tariximizin ildönümünə həsr olunan “Küldən bərpa olunanlar” adlı beynəlxalq konfrans və bir sıra mühüm tədbirlər keçirilib”, - deyə Əzizağa Əliyev çatdırıb.

Təşkilat sədri Qırğızıstanda diaspora təşkilatları arasında parçalanma yaradan Nüsrət Məmmədovu konkret faktlarla tənqid edib.

“80-ci illərin sonunda Azərbaycandan Qırğızıstana köçən Nüsrət Musa oğlu Məmmədov adlı birisi diaspora üzvləri arasında parçalama aparır və yalan, böhtan xarakterli məlumatları Azərbaycan mətbuatında yayır. Biz repressiya qurbanlarının ailə üzvləri, Nüsrət Məmmədov kimi fırıldaqçıların Azərbaycan dövlətinin rəsmi dövlət xadimlərinə şər atmasına, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Qırğızıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri cənab Yaqub Eyubovun şəkilini yandırmağa cəhd etməsinə qəti etiraz etmişik. Bu gün onun mətbuata verdiyi məlumatlar heç bir qanuni çərçivəsinə sığmır və məntiqi əsası yoxdur. Biz bunu Azərbaycan dövlətinə qarşı çıxış kimi qiymətləndiririk.

Nüsrət Məmmədov kimi dələduzlar Qırğızıstanda yaşayan bütün xalqların yanında bizi alçaldır. Heydər Əliyev adına parkın salınması Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin 2012-ci ilin 30-31 mart tarixlərində Bakıya rəsmi səfəri zamanı qərar qəbul edilmişdir və bu parkın təməlini iki ölkənin Prezidentləri qoymalıdır. Nüsrət Məmmədovun parkın təməl qoyması və tikilməsi heç bir hüquqi əsası və maddi imkanı yoxdur. O hesab edir ki, parkın tikintisi üçün hesaba böyük məbləğdə pul köçürüləcək və o onu mənimsəyəcək.
11 may 2012-ci il tarixində Bişkek şəhəri Meriyası 135 saylı Qərarı ilə Heydər Əliyev parkın salınması üçün 5,5 hektar torpaq sahəsi ayrılmış və Bişkek şəhərinin Bələdiyyə Mülkiyyəti İdarəsinə verilmişdir. Nüsrət Məmmədov isə hamını yanlış fikrə salaraq qazanc məqsədilə özünü bu işə qatmaq istəyir.

Haqlı olaraq Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi Nüsrət Məmmədovun fəaliyyətinə çoxdan nəzarət edərək onun biabırçı hərəkətləri, o cümlədən Heydər Əliyev adına parkın özbaşına təməl qoyma mərasimini keçirmək və cənab Yaqub Eyubovun şəkilini yandırmaq planlarının qarşısını çox operativ alıb.

Hələ 2012-ci ilin 9 aprel tarixində park üçün ayrılan torpaq sahəsində bir neçə nəfərlə qırğız televiziya kanalının çəkiliş qrupunu dəvət edərək, qoyun kəsib parkın guya ona məxsus olduğunu bəyan edərək “açılışını” elan edib. Onun məqsədi var ki, torpaq sahəsini ələ keçirsin və şəxsi mənafeinə uyğun olaraq bu yeri istifadə etsin.

Qırğız xalqı bizim qardaş, bacılarımızı tam hüquqlu vətəndaş kimi qəbul edib. Amma Nüsrət Məmmədov kimilərinin vətəni ağır günlərdə qoyub Qırğızıstanda fırıldaqçılıqla məşğul olaraq diaspor üzvləri arasında qarşıdurma yaratmaq, Azərbaycanlıları biabır etməkdir.
Nüsrət Məmmədov Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən 2004-cü ildə qaçaqmalçılıq üstündə cinayət məsuliyyətinə cəlb olunub.

Nüsrət Məmmədovun digər ağlasığmaz bir əməli də Qırğızıstanda Heydər Əliyev adına Fondu qeydiyyatdan keçirməsidir və Fondunun loqotipindən, fond_aliyev@mail.ruelektron ünvanından və Fondun vizit kartından da istifadə etməsidir. Məlum olduğu kimi, Azərbaycanın rəsmi dairələri işə qarışandan sonra Fond ləğv edilib. Lakin Nüsrət Məmmədov öz çirkin niyyətlərindən əl çəkmir, bu gün də Heydər Əliyev Fondunun adından, loqotipdən, elektron ünvanından və hətta vizit kartından istifadə edir. Hal-hazırda çibində iki vizit kartı saxlayır (Heydər Əliyev Fondunun emblemi ilə və Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun) və yeri gələndə hərəsindən istifadə edir.

Nüsrət Məmmədov özünü guya ona dəstək verən Azərbaycan Respublikasının bəzi vəzifəli şəxslərinin adları ilə pərdələnir.
Nüsrət Məmmədovun əsas məqsədi yalnız internet vasitəsi ilə mətbuata yalan xəbərləri yaymaqdan və özünün gur fəaliyyətini göstərməkdən ibarətdir. Bir neçə nəfərlə çayxanada oturub sonra Azərbaycan mətbuatına məlumat verir ki, böyük tədbirlər keçirib.
Bişkek şəhərinin kənarında, öz evinin yanında, yolun qırağında bir köşk qoyub və onun üstündə Heydər Əliyev Fondunun “Heydər Əliyev güşəsi” lövhəsini asıb (5 fotoşəkil əlavə olunur). Bu da yerli ictimaiyyəti təəccübünə, gülüşünə səbəb olur və Ulu Öndərin xatirəsinə bir təhqirdir”.


Təşkilat sədri onu xatırlatdır ki, hələ bir müddət əvvəl onun fəaliyyəti ilə bağlı ölkə rəhbərliyinə müraciət olunub.

“Hələ hörmətli Səfir Hidayət Orucovun Bişkekə gəlişindən çox qabaq - 29 mart 2012-ci ildə “Azəri” İctimai Birliyi tərəfindən Nüsrət Məmmədovun zərərli fəaliyyəti haqqında möhtərəm Prezidentimiz cənab İlham Əliyevə məktub ünvanlamışdıq.

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hidayət Orucov Səfirliyə gələn gündən bütün azərbaycanlıları hörmətlə qəbul edir, onların problemləri ilə maraqlanır və problemlərin həlli üçün ardıcıl tədbirlər keçirir. Səfirlik Qırğızstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər arasında ən fəallardan biri sayılır, ölkədə müxtəlif sahələr üzrə gərəkli tədbirlər keçirir, iki qardaş xalqlar arasında münasibətlərin inkişafı üçün çoxlu işlər həyata keçirir.

Azəri” İctimai Birliyinin 2013-cü ilin iyul ayının 27-də Bişkek şəhərində keçirdiyi ümumi iclasının bəyanatı qəbul olunaraq, Nüsrət Məmmədovun törətdiyi bütün çirkin əməlləri bir-bir açıqlanaraq və xüsusilə, onların arasında azərbaycanlı gənc qızı aldatdığı, alçaltması və imkansız vəziyyətdə qoyduğunu qeyd edilib.

Daha sonra Azərbaycan vətəndaşı Röya Osmanova Azərbaycanın Qırğızstandakı Səfirliyinə müraciət edərək vətənə qayıtmaq üçün maddi yardım istəyib. Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Hidayət Orucovun həmin hadisə baş verən zaman xidməti ezamiyyətdə olduğuna baxmayaraq və bu vətəndaşı tanımasa da ona Azərbaycana qayıtmaq üçün aviabiletin alınmasına göstəriş verib.

Söylədiklərimizi istər bir müxbir araşdırması, istər Diaspora ilə iş üzrə Dövlət Komitəsinin komissiyası və ya Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yoxlamaq asandır. Təkrar edirik ki, artıq Nüsrət Musa oğlu Məmmədov kimi fırıldaqçıların ifşa etmək vaxtı gəlib çatıb”.

AzNews.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR