Tomaş Lanye: ”Çexiya Dağlıq Qarabağ münaqişəsində bəzən birtərəfli mövqe tutur"
Bizi izləyin

Qırmızı.az

Tomaş Lanye: ”Çexiya Dağlıq Qarabağ münaqişəsində bəzən birtərəfli mövqe tutur"

Tomaş Lanye:” Çexiya Dağlıq Qarabağ münaqişəsində bəzən birtərəfli mövqe tutur

Tomaş Lanye: ”Çexiya Dağlıq Qarabağ münaqişəsində bəzən birtərəfli mövqe tutur”

Professor, türkoloq Tomaş Lanye milliyyətcə çexdir. Azərbaycanca, türk ləhcəsi ilə mükəmməl danışır. 1995-2000-ci illərdə Çex Respublikasının Türkiyədə səfiri, Azərbaycanda nonrezidenti olub. Təqaüdə çıxdıqdan sonra Azərbaycanla əlaqələrini kəsməyib. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”nı çex dilinə tərcümə edib. Hazırda Çexiyada fəaliyyət göstərən Azərbaycan və Xəzər Araşdırmalar Mərkəzində fəaliyyətini davam etdirir. Tanınmış Azərbaycan yazıçısı, pedaqoq Mircəlal Paşayevin tələbəsi olub. Azərbaycana ilk səfəri Sovet dönəminə, daha dəqiq desək, 1967-68-ci illərə təsadüf edir.

Tomaş Lanye ilə Praqada görüşdük. O, Şərqi Avropanın ən tanınmış və qədim universitetlərindən biri olan Karl Universitetində "Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" mövzusunda beynəlxalq konfransın fəal iştirakçısı idi. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində reallaşan konfransda Çexiyanın Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirliklərinin yüksək çinli əməkdaşları, Karl, Metropoliten və digər universitetlərin professor, doktorant və magistrləri, QHT və media təmsilçiləri iştirak edirdilər.

Söhbətimizə elə onun konfrans barədə təəssüratlarından başladıq.

- Mənim üçün bu konfrans çox mühüm və əhəmiyyətlidir. Çünki sevdiyim Azərbaycan özü özünü təqdim edir. Bilirsiniz ki, mən Azərbaycanla bağlı bütün məsələləri izləyirəm. Çexiyada fəaliyyət göstərən yeganə azərbaycanşünasam. Mənim ölkəm Çexiya Ermənistan-Azərbaycan münaqişəsində bəzən birtərəfli mövqe tutur. Səbəblərdən biri din amilidir. Bilirsiniz, biz xristian ölkəsiyik, müsəlmanlara uzaqdan baxırıq.

- Avropa dövləti üçün bu, normaldırmı?

- Təbii ki, normal deyil. Təəssüf ki, bizim ölkəmizin baxışı budur. Nə təqdim olunursa, cəmiyyət də onu qəbul edir. Bu baxımdan, Azərbaycanın belə konfrans, tədbir, görüşlərlə təqdimatı münasibətlərin inkişaf etdirilməsində böyük rol oynayır. Bizim üçün sekulyarlıq əsas prinsiplərdəndir. Azərbaycan sekulyar ölkə olaraq özünü təqdim edir və bununla da öz qiymətini, dəyərini artırır. Bunu bilməyimiz lazımdır. Çex Respublikasında əvvəllər xristianlığa tapınanlar çox olsa da, bu gün ateistlər üstünlük təşkil edirlər. Təbii ki, burada kommunizm ideologiyasının uzunmüddətli təsiri olub. Buna görə də cəmiyyət sekulyarlığa böyük dəyər verir. Belə düşünürəm ki, özünü tolerant, sekulyar dövlət kimi təqdim edən Azərbaycanı Avropa yüksək qiymətləndirir.

-Cənab Lanye, Siz iki dəfə Azərbaycanda olmusunuz. Sovet dönəmində və 40 il sonra. 40 illik təəssüratda dəyişən nədir?

- Mən Azərbaycanı sevirəm. Azərbaycanda bu illər ərzində yalnız bir dəyişiklik var: ciddi və gözəçarpacaq dərəcədə inkişaf. Qeyd edim ki, ölkənizə ilk dəfə 1967-ci ildə gəlmişəm, üstündən 40 il keçəndən, yəni müstəqillik əldə ediləndən sonra yenidən Azərbaycana səfər etdim. Fərq təsəvvürümə gəlməz dərəcədə böyük idi. 2007-ci və 2012-ci ildə - iki il əvvəl Bakıda olmuşam. 2007-ci illə 2012-ci ildə gördüklərim arasında müdhiş fərq var idi. Əslinə qalsa, Sovet vaxtında da Bakı digər sosialist ölkələrinin paytaxtlarından fərqlənirdi. XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu şəhərin memarlığına bir, müstəqillik əldə etdikdən sonra isə tamam fərqli formada təsir edib. Sovet dövründə Bakı Şərq və Qərbin memarlıq üslublarını özündə cəmləşdirən tək-tük şəhərlərdən biri olub. Elə indi də hər iki mədəni üslub Bakı memarlığında öz əksini tapıb və bu mənim xoşuma gəlir. Bakı həmin memarlıq üslublarını qoruyub saxlamaqla yanaşı, müasirliyi də əlavə çalar kimi çox gözəl qəbul edib...

- Konfransla bağlı fikir bildirərkəın sekulyarlığa toxudunuz. Azərbaycanı sekulyar ölkə kimi təqdim etməyimizdə bu, başlanğıcdır. Məncə, gələcəkdə mədəni tədbirlərin sayı daha çox olmalıdır.

- Tamamilə doğrudur. Artıq bunun zamanıdır. Hazırda Çexiyada Nizamidən başqa Azərbaycan ədəbiyyatı ilə tanışlıq üçün nümunə yoxdur. Təəssüf ki, Nizami də farsdilli şair kimi təqdim edilir. Amma o, dahi Azərbaycan şairidi və bu, çex cəmiyyətinə təqdim olunmalıdır. Bunun üçün çoxlu tərcümələr etmək, kitab nəşr etmək lazımdır. Buradakı əlaqədar institutlarla birgə konfrans da təşkil etmək olar. Bugünkü konfrans təhlükəsizliklə bağlı konfrans idi və təmsil olunduğum Azərbaycan və Xəzər Araşdırmalar Mərkəzi də buna öz töhfəsini verdi. Növbəti dəfə niyə də mədəni konfrans təşkil etməyək? Məlumat üçün deyim ki, Çexiyanın Ostrava şəhərində “İRS” adlı jurnal buraxılır. Orada bir müddət Azərbaycan ədəbiyyatından nümunələr nəşr edilib. Əgər təklif olarsa, biz müəyyən tərcümələri həmin jurnalda nəşr etdirə bilərik.

- Bildirdiniz ki, 1967-68-ci illərdə Azərbaycanda səfərdə olmusunuz...

- Azərbaycan mənim üçün doğma ölkədir. Mən Türkiyədə çalışmışam, Türkiyəni çox sevirəm. Amma türk ölkəsi olaraq gəldiyim ilk ölkə Azərbaycan olub, çünki 60-cı illərdə bizim NATO ölkəsinə getməyimiz çətin idi. Bəli, mən diplom işimi Bakıda yazmışam. 1967-68-ci illərdə müəllimim və rəhbərim görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayev olub. Mən Mir Cəlal Paşayevi həm müəllimim kimi, həm də Azərbaycan Sovet ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanıyıram. Onun 30-40-cı illərdə yazdığı kiçik hekayələri oxumuşam və çox xoşuma gəlib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-red.) sevimli müəllimi, nüfuzlu professor kimi xatirimdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını, Vətənini sevən şəxsiyyət idi. Azərbaycan ədəbiyyatında böyük xidmətləri olan Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürü idi və bu məni tələbə kimi çox sevindirdi.

- Bəs, Sizdə Mirzə Cəlilə sevgi hardandır? Niyə məhz onu tərcümə etdiniz?

- Mən Mirzə Cəlili çox sevirəm. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən hesab olunur. Dram və nəsr əsərlərində təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları diqqətimi cəlb etdi. Açığını deyim ki, Azərbaycan ədəbiyyatı ilə Mirzə Cəlil vasitəsilə tanış olmuşam. Məni daha çox cəlb edən böyük ədibin həcvi, yumorudur. O, yumoru ilə Azərbaycan üçün necə bir ziyalı olduğunu göstərib. Fikrimcə, o, Azərbaycan ədəbiyyatına yeni üslub, hamının başa düşəcəyi, rahat və sadə dil gətirən ədibdir, Mirzə Cəlil ictimai-siyasi, ədəbi-mədəni intibaha öz gəlişi ilə böyük təkan verib, yenilik ruhu bəxş edib...

- Xatırlayırsınızsa, Sizdən 2008-ci ildə də müsahibə götürmüşdüm. O vaxtdan bəri, bizdə belə deyirlər, maşallah, heç dəyişməmisiniz. Amma 2008-ci ildən fərqli olaraq, Azərbaycan sözlərindən daha çox istifadə edirsiniz...

- (gülür) Doğru buyurursunuz. Amma deyim ki, mənim ilk danışdığım türk dili elə Azərbaycan türkcəsi olub. Daim Azərbaycan dilində danışmışam, digərlərini kitablardan oxumuşam. Bu dili 20-22 yaşlarından öyrənməyə başlamışam. Nə qədər çox türkcə danışsam da, Azərbaycan dili kökü qalır. Bu dil öyrənmək və danışmaq üçün dünyanın ən rahat dilidir, buna əmin olun.

- Azərbaycana birdə nə vaxt gələcəksiniz?

- Dəvət olsa, günü bu gün gələrəm.

Sənan Nəcəfov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm