“Cihad etməyə Kəlbəcərə gedərəm” - Vəhhabi lider
Bizi izləyin

Qırmızı.az

“Cihad etməyə Kəlbəcərə gedərəm” - Vəhhabi lider

Dünən ölkə mətbuatında Azərbaycanda sələfi liderlərindən olan Əlixan Musayevin İraqa gedərək İraq Şam İslam Dövlətinə (İŞİD) qoşulması ilə bağlı məlumatlar yayılmışdı.

Məlumatlarda Ə.Musayevin qruplaşmanın tərkibində vuruşan azərbaycanlıların əmiri vəzifəsini daşıdığını və hazırda İraqa hücuma keçən İŞİD-in tərkibində döyüşən azərbaycanlı döyüşçülərə rəhbərlik etdiyi qeyd olunmuşdu.

Əlixan Musayev məsələ ilə bağlı axar.az-a verdiyi müsahibəsində haqqında deyilənlərə aydınlıq gətirib.

- Uzun zamandır sizin İŞİD-ə qoşulmağınızla bağlı məlumatlar yayılır. Niyə çıxıb təkzib vermirdiniz?

- Kim mənim haqqımda nə deyir, nə yazır, mən onların hamısına cavab verməliyəm? Münafiqlərə baş qoşmaq, onların səviyyəsinə enmək, hər münafiqin dediyinə cavab vermək dinimizə görə düzgün deyil axı.

- Bəs hazırda haradasınız?

- Bu dəqiqə mən Göygöl rayonunda Toğana adlı yerdəyəm. Burda həm dincəlirəm, həm də qəşəng bir kitabın üzərində işləyirəm. Qurani-Kərimin arxasında olan təfsiri bir az da genişləndirirəm. İnşallah, bu yaxınlarda işıq üzü görəcək. Cihada gəldikdə isə, əgər cihad etmək lazım olsa, Kəlbəcər burdan 80 km-dir, elə ora gedərəm.

- İŞİD-ə münasibətiniz necədir?

- Biz bilmirik axı, orda nə oyunlar gedir? Biz bilmirik... Bu, elə-belə balaca qruplaşmaların apardığı döyüşlərdir. Biz onlara necə baş qoşa bilərik? Əgər ordakıların niyyəti həqiqətən Allah yolunda vuruşmaqdırsa, öz namusunu, öz ailəsini, valideynlərini, arvadını, uşaqlarını qorumaqdırsa, o yolda ölənlər şəhid sayılır. Yox əgər terrorçudursa, fitnəkardırsa, fitnənin yaradıb özləri kənarda durursa, əlbəttə, bunlar cəhənnəmlik olacaq.

- Onda belə çıxır ki, İŞİD terrorçu qruplaşmadır?

- Qardaş, mən tanımıram onları. Bilmirəm onlar kimlərdir. Bilmədiyim insanlar barəsində nə yaxşısına, nə də pisinə hökm verə bilərəm. Ən azı onu deyə bilərəm ki, bizim onların məsələsinə qarışmağa haqqımız yoxdur. Bir kənarda durmalıyıq. Peyğəmbərimizdən (s.a.v) hədis var, deyir, müsəlmanın gözəlliyi ondadır ki, bilmədiyi şeylərə qarışmasın. Bax, indi pisləyəcəksən, birdən onlar yaxşı insanlar oldu, qiyamət günü nə cavab verəcəksən? Yaxud, yaxşı deyəcəksən, birdən pis insan olar, onda nə cavab verəcəksən? Ona görə nəsə demək düz deyil. Nə pis olduqlarını, nə də yaxşı olduqlarını deyə bilmərəm.

- Azərbaycanlı olaraq bizim üçün cihad nədir və harda olur?

- Xatırlayırsınız, Bibiheybət məscidinin açılışında mərhum müdrik prezidentimiz, ümumimilli liderimiz Heydər Əliyevə sual vermişdilər ki, Azərbaycandakı vəhabizmin qarşısını necə almaq olar? O da cavab verib ki, Azərbaycanda vəhabi yoxdur və Azərbaycana xaricdən gələn istənilən dini təhlükənin qarşısını Azərbaycan hökuməti səssizcə alacaq. Onun necə müdrik birisi olduğunu elə bu sözlərdən də görmək olur. Onu demək istəyirəm ki, Azərbaycanın Qarabağ boyda problemi var, bizim xarici ölkələrin dini məsələlərinə qarışmağımız düzgün deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm