• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Azərbaycanda meyit orqanlarından istifadə konsepsiyası hazırlanır”

“Azərbaycanda meyit orqanlarından istifadə konsepsiyası hazırlanır”

“Azərbaycanda ən böyük problemlərdən biri donor çatışmazlığıdır. Cəmiyyətdə donor olmağa qarşı fobiya var”.

Bunu Modern.az-a Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyir.

“Bəli, insanları çox qorxudurlar. Əgər hər bir şəxs canlı donor kimi böyrəyinin birini, qaraciyərinin bir hissəsini verib şikəst və əlil olmuş olsaydı, Azərbaycanı kənara qoyaq, bütün dünya bu əməliyyatları etməzdi. Bu gün isə bu əməliyyatların sayı bütün ölkələrdə artma istiqamətində gedir”.

Mircəlal Kazıminin sözlərinə görə, orqan köçürülməsində digər mühüm problem meyit orqanlarından istifadə edilmənin qeyri-mümkünlüyüdür.

“Təəssüf ki, alternativ donor hovuzumuz yoxdur. Yəni hələ də digər ölkələrdə olduğu kimi, meyit orqanından istifadə edə bilmirik. Əgər meyit orqanından istifadə etmiş olsaq, bu problem nisbətən aradan qalxmış olar. Donor əməliyyatının özünün öz riskləri var, təbii ki, meyit orqanı olsa, bu minimal risklərdən də insanlar qurtarar. Amma hazırda Səhiyyə Nazirliyi tərəfindən bunun da konsepsiyası hazırlanır”.

Cərrah transplantoloq qeyd edir ki, Azərbaycanda qaraciyər və böyrəkköçürülməsi əməliyyatları daha geniş yayılıb. Buna baxmayaraq əməliyyat oluna bilən xəstələrin sayı müraciət edənlərin yalnız 10-15 %- ni təşkil edir.

“Hazırda yalnız və yalnız qohum donorlardan istifadə edərək əməliyyatı həyata keçiririk. Xəstələtimizin bir hissəsi canlı donor qohumlarının uyğun gəlmədiyi xəstələrdir, yəni donorları olmayanlar. Digər bir məsələ isə xəstələrin əməliyyatdan sonra yaşadığı çətinliklərdir. Belə ki, dünya tibbinin qəbul etdiyi nəticələrə görə, xəstələrin 20%-də fəsadlaşma ehtimalı var. Buna səbəb orqanizmin yeni orqana uyğunlaşma mərhələsi, o mərhələdə yaşanan çətinliklərdir. Böyrək köçürülmüş xəstələrə Səhiyyə Nazirliyinin hazırladığı 2011-2015-ci illərə dair dövlət proqramı çərçivəsində dərman preparatları pulsuz verilir. Amma qaraciyər xəstələri üçün bu proqram keçərli deyil. Elə bu səbəbdən də əməliyyatdan sonra yaşanan ən böyük problemlərdən biri dərman preparatlarına xərclənən vəsaitdir. Nəzərə alsaq ki, xəstələr bu preparatları ömürlük qəbul edirlər, o zaman bu çox yüksək məbləğ deməkdir”.

Azərbaycanda ilk orqan köçürülməsi əməliyyatı 2008-ci ilin dekabr ayında həyata keçirilib. Ümumilikdə bu günə qədər Azərbaycanda 200-dən çox əməliyyat həyata keçirilib. Bunlardan 146-sı böyrək, 61-i qaraciyər əməliyyatıdır.

Artıq Mərkəzi Neftçilər Xəstəxanası Avropa transplantasiya reyestrinə qəbul olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR