Parkinqlər tıxac problemini həll edəcəkmi? - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Parkinqlər tıxac problemini həll edəcəkmi? - FOTOLAR

Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən yaradılmış duracaqlar qeyri-qanunidir.

Hazırda Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün yeni parkinq xidməti tətbiq olunur.

Əvvəllər maşını harada gəldi saxlayıb əli çubuqlu növbətçilərə qəpik-quruş verirdik. İndi isə maşınları saxladıqdan sonra post-terminala ödəniş etməliyik. Post-terminala avtomobili saxladığın müddətdən asılı olaraq ödəniş etdikdən sonra qəbz avtomobilin görünən hissəsinə qoyulur. Əgər ödəniş olunmasa, avtomobil cərimə meydançasına aparılır. Bəzən də buna ehtiyac qalmır, çünki ödəniş olunmayan avtomobillərin şəkili yerində çəkilərək sahiblərinə cərimə blankı ilə göndərilir.

Parkinq xidmətinin məbləği

Maşınların parkinq qiyməti saxlanma müddətinə görə dəyişir və hər saata görə 1 manat ödəniş etməliyik. Parkinq zamanı bəzən xanım sürücülər avtomobillərin düzgün saxlanmasında əziyyət çəkirlər. Bu zaman əli çubuqlu, tanımadığımız insanlar deyil, məhz parkinq xidmətində fəaliyyət göstərən və xüsusi formada olan insanlar yardım göstərir. Bundan başqa, avtomobilləri üçün yer tapa bilməyən sürücülər parkinq xidmətində çalışanlara müraciət edirlər.

Parkinqdə çalışan işçilər nə qazanır?

Əvvəllər qəpik-quruşa çalışan insanlar artıq parkinq xidmətində xüsusi formada öz xidmətlərini göstərirlər. Bu işçilərin biri ilə söhbətləşən zaman məlum oldu ki, artıq onlar aylıq əməkhaqqı ilə çalışırlar:

“Aya 300 manat alırıq, növbə ilə işləyirik. İş müddətimiz bir sutka olur. Bir gün işləyib iki gün evdə dincəlirik. Günorta və axşam yeməyi üçün 8 manat əlavə pul verilir. Ona da dönərdən, ayrandan alıb atışdırırıq. Əvvəllər elə olurdu günə 20 manat qazanırdıq, amma elə gün olurdu ki, 5 manatla evə gedə bilmirdik.”

Onların hansı iş şəraitində işləmələrini də öyrəndik. Parkinq işçisi bildirdi ki, günortalar isti olanda ağacların altında dayanırlar. Yağış olanda isə qaçıb bir damın altında gizlənirlər.

Parkinqdən istifadə edən insanların bəziləri qiymətlərdən narazılıq etsə də, razılıq edənlər də var:

“Əvvəllər yol qırağında dayananların əlindən maşın saxlaya bilmirdik. Maşını saxlayıb gedəndən sonra gəlib görürdük ki, maşın yoxdur. İndi bir az rahatdır.”

Digər sürücü isə qiymətin əməkhaqqıya nisbətən baha olduğunu deyir:

“Saatı 1 manata çox bahadır. Hər gün 2 saat saxlayanda aylıq görün nə qədər edir.”

Sürücülərin biri isə yol kənarındakı parkinqləri məntiqsiz sayır:

“Yolun qırağında parkinq olar? Sonra tıxacın aradan qaldırılmasını istəyirlər. Mən məhəllə adamıyam. Maşınımı saxlamağa yer tapmıram, belə şey olar...”

Pərvin Zeynal

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm