Rayon avtomobillərinin Bakıya buraxılmaması qanuna ziddir - REAKSİYALAR - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Rayon avtomobillərinin Bakıya buraxılmaması qanuna ziddir - REAKSİYALAR - FOTOLAR

Son günlər mətbuatda rayonlardan gələn avtomobillərin paytaxta buraxılmayacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Ancaq bu qaydanın könüllü, yoxsa məcburi olacağını dəqiq heç kəs söyləmir. Əgər rayonlardan gələn avtomobillərin paytaxta buraxılmaması məcburi olarsa, sürücülər və sərnişinlər bunu necə qarşılayar? Bu sualın cavabını öyrənmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yollandıq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bizi ilk qarşılayan rayonlara işləyən taksi sürücüləri oldu:

“Lənkərana 2 nəfər, qaqaş, gedirsən? Hara gedirsən, aparım”.

Heç yana getmədiyimi deyəndən sonra 5-10 sürücü ətrafımdan dərhal dağıldılar. Sual vermək üçün sürücülərə yenidən yaxınlaşdım:

– Rayon maşınlarını şəhərə buraxmasalar, buna reaksiyanız necə olar? Şəhər kənarında tikiləcək dayanacaqlarda işləməyə razısız?

– Mənim başım çıxmır yazıq camaatdan nə istəyirlər. Qoymurlar bir tikə çörəyimizi qazanaq. Bəlkə, mən rayondan xəstə gətirəcəm, ya hamilə qadın gətirəcəm. İndi həmin xəstə şəhərdən aralıda düşüb avtobusla gələcək? Bəlkə, biri ailəsi ilə toya gəlir. Neyləməlidir, düşüb maşınından taksi tutmalıdır. Allah bilir, həmin dayanacaqlarda maşınların dayanması üçün nə qədər pul istəyəcəklər.

Bəzi sürücülər deyir ki, belə bir qayda mümkün deyil. Ağsaqqal Yusif kişi isə söhbətə əsəbi şəkildə başladı:

“Tıxacın yaranmaması üçün taksiləri yığışdırmaq lazım deyil. Bir ailə 5 maşınla şəhərə çıxır. Tıxacı yaradanlar onlardır. Yığışdırırlar, birinci onları yığışdırsınlar. Hər qurumun da əlinin altında 500 maşın var. Tıxac olar da”.

Məcburi olaraq rayonlardan gələn avtomobillərin şəhərə buraxılmaması mümkün deyil...”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə belə bir qərarı absurd sayır. Ərşad Hüseynov Publika.az-a açıqlamasında bildirdi ki, belə bir qanunun məcburi tətbiqi mümkün deyil:

“İnzibati qaydada rayondan gələn avtomobillərin şəhərə daxil olmaması məcburi olaraq tətbiq olunarsa, bu qanun məntiqsiz və yanlış bir qərar olar. Praktiki olaraq dünyanın bəzi ölkələrində böyük şəhərlərə girişi könüllü surətdə məhdudlaşdırmaq üçün nəqliyyat qovşaqlarında dayanacaqlar fəaliyyət göstərir. Nəqliyyat qovşağı dedikdə, metro, avtobus, tramvay və digər ictimai nəqliyyat növlərinin kəsişdiyi ərazilər nəzərdə tutulur. Məsələn, Bakıda “20 Yanvar” dairəsini və “Koroğlu” metrosunu göstərmək olar. Həmin dayanacaqlarda maşınların dayanması üçün simvolik qiymətlər təklif olunur. Qaz vurub, qazan doldurmaq üçün saatı 1 manata deyil, sutkası 1 manata xidmətlər təklif olunur. Nyu-York şəhərində bu tip dayanacaqlar fəaliyyət göstərir, ancaq orada yaxın-uzaq, rayon-bölgə söhbəti yoxdur. İstənilən şəxs maşınını dayanacaqda saxlayıb ictimai nəqliyyatla yoluna davam edir. Bu həm tıxacın qarşısını alır, həm də həmin şəxsin büdcəsinə, əsəblərinə xeyirdir. Belə məntiqli bir addım atılarsa, təbii ki, hər kəs bu addımı müsbət dəyərləndirəcək. Ancaq rayondan gələn avtomobillərin şəhərə buraxılmaması tamamilə yanlış bir addımdır.”

Məsələnin hüquqi tərəfini Publika.az-a danışan hüquqşünas Müzəffər Baxışov bildirdi ki, rayonlardan gələn avtomobillərin məcburi olaraq şəhərə buraxılmaması Konstitusiyanın 25-ci maddəsinə ziddir:

“Konstitusiyanın 25-ci maddəsində deyilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Tutaq ki, mən Bakı şəhərinin sakiniyəm, bir başqası Masallı rayon sakinidir. Və hər ikimiz də Azərbaycan vətəndaşıyıq. Mənə şəhərə daxil olmağa icazə verilir, ancaq digər vətəndaşa verilmir. Bu artıq qanun qarşısında hamının bərabərlik prinsipini pozur. Belə bir qaydanın müəyyən edilməsi bu səbəbdən mümkün deyil. Ümumiyyətlə, Konstitusiyanın 71-ci maddəsinin tələblərinə görə insan və vətəndaş hüquqlarını heç kəs məhdudlaşdıra bilməz. Amma 24 dekabr 2002-ci il tarixində “İnsan və vətəndaş hüquqlarının tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul olunub. Həmin qəbul olunmuş qanuna görə insan və vətəndaş hüquqlarını yalnız qanunla məhdudlaşdırmaq olar. Məsələn, Milli Məclis tərəfindən qanun qəbul edilir ki, Bakı şəhərinin daxili hissələrinə yük maşınları daxil ola bilməz. Yəni bütün yük maşınlarına aiddir. Artıq hamı bu qanuna tabe olacaq. Yəni, qəbul edilmiş qanun bütün vətəndaşlara şamil olunmalıdır. Ancaq rayondan gələn avtomobilin şəhərə buraxılmaması vətəndaşların qanun qarşısında bərabərlik prinsipini pozur.”

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm